Ermənistan odla oynayır: Rusiyanın cavabı sərt ola bilər – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun
əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü
siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhriki, eləcə də
təzyiqi ilə adıçəkilən dövlətlərin əlinə oynayır.
Əslində, bu, o qədər də təəccüblü deyil. Belə ki, N.Paşinyan 2018-ci ildə məhz
Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın
Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin
regiondakı mövqelərinin gücləndirilməsi idi. Vaşinqton və Paris bu planlarını
hər il daha aydın şəkildə nümayiş etdirdilər. Qərb dairələri bu gün də
Ermənistan vasitəsilə açıq şəkildə Rusiyaya meydan oxumağa çalışırlar.
Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha
da dərinləşəcək. Görünür, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi
Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı
növbəti cəbhə açmaq niyyətindədir.
Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki,
İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Belə ki,
Ermənistan parlamentinin sədri Alen Simonyan martın 29-da Rusiyanın ölkəsini
dəfələrlə aldatdığını bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı ən
çətin vaxtda tək qoyub. A.Simonyan, həmçinin Ermənistanın Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını rəsmən
açıqlayıb.
Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq
dondurulub. N.Paşinyan və digər rəsmilər bu barədə bir neçə dəfə bəyanatlar
veriblər. A.Simonyanın son açıqlaması isə İrəvanın vaxtilə “böyük qardaş”
adlandırdığı Rusiyaya növbəti ciddi zərbəsidir.
Rusiya hazırkı situasiyada nə qədər təmkinli davranmağa çalışsa da,
Ermənistanın aqressiv, destruktiv ritorikasını, o cümlədən təhdid və
şantajlarını cavabsız qoymur. Xarici işlər naziri Sergey Lavrov martın 28-də
bildirib ki, İrəvan uydurma bəhanələrlə Moskva ilə münasibətlərin pozulmasına
çalışır. Onun sözlərinə görə, KTMT çətin vaxtlarda dəfələrlə Ermənistanın
maraqlarını müdafiə edib.
Dediyimiz kimi, rəsmi Moskva mümkün qədər soyuqqanlı davranmağa, tələsik
addımlar atmamağa çalışır. Çünki Kreml Qərb dairələrinin planlarından
xəbərdardır. Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan indiki halda sadəcə
qurbandır.
Ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana
hərbi müdaxiləsidir. Bu olarsa, Qərbin əlinə “kozır” veriləcək. Və Qərb
Ukraynada etdiklərini indi Ermənistanda edəcək. Bu, nəzəri baxımından
mümkündür. Amma ABŞ və Fransanın “ipi ilə quyuya düşən” Paşinyanın unutduğu
məqamlar var. Birincisi, Ermənistan Ukrayna deyil. Və Rusiyaya müqavimət
imkanları çox azdır. İkincisi, Qərb axıra kimi Ermənistanın arxasında
dayanmayacaq. Üçüncüsü, Rusiya Ermənistana hərbi müdaxilə edəcək qədər sadəlövh
deyil. Moskva İrəvandan intiqam almaq üçün daha rahat, belə demək mümkünsə,
əziyyətsiz üsullardan istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Nikol
Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Rusiya üçün o qədər də çətin deyil.
Xüsusilə, Ermənistanda yerləşdirilən 102-ci hərbi bazanın timsalında Rusiyanın
bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur.
Odur ki, İrəvan hakimiyyəti odla oynadığını unutmamalıdır.
“Report” İnformasiya Agentliyi