Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin
qeyri-müəyyənliyi davam edir.
Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur.
Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
anklavlarla bağlı müzakirələrin getmədiyini deyib.
Ümumiyyətlə, A.Qriqoryan kəndlərlə bağlı vəziyyəti qəlizləşdirəcək mövqe
sərgiləyir. Parlamentin sədri Alen Simonyan bildirib ki, bu kəndlər Azərbaycana
məxsusdur və mütləq təhvil verilməlidir. Onun sözlərinə görə, Ermənistan
xəritəsində elə kəndlər yoxdur.
Baş nazir Nikol Paşinyan isə ümumiyyətlə, Azərbaycana qaytarılmalı olan səkkiz
deyil, dörd kəndin adını çəkir. Erməni baş nazir qeyd edib ki, anklavda olmayan
dörd kəndə dair heç bir iddiaları yoxdur və qaytarmağa hazırdırlar. O, anklavda
olmayan dörd kənddən danışır, ancaq Qazaxın digər üç və Naxçıvanın Kərki kəndi
barədə heç nə demir. Ancaq rəsmi Bakının mövqeyi konkretdir.
Bu kəndlər verilmədən sərhədlərin delimitasiyası barədə heç bir razılıq əldə
etmək mümkün olmayacaq. Deməli, həm də sülh müqaviləsi ilə bağlı məsələ öz
həllini tapa bilməyəcək. Kəndlər məsələsi hazırda Ermənistanın daxili
siyasətində əsas müzakirə mövzusudur. Əlinə hər fürsət düşdükcə bölgəni
qarışdırmağa çalışan Fransa da məsələ ilə bağlı sakit qalmaq istəmir. Bir neçə
gün əvvəl Fransanın bu ölkədəki səfiri Olivye Dekottini bir qrup fransalı
deputatla birgə Azərbaycan-Ermənistan sərhədinə baş çəkərək təxribatçı
açıqlamalar verib. Səfirin bu addımı sərhədlərin delimitasiyası prosesini ciddi
təhlükə altına qoyur. Rəsmi Parisin bölgədə sülh istəmədiyi aydındır.
Lakin Emmanuel Makronun Cənubi Qafqazda nə axtardığını səfir və deputatların
sərhəddəki Zod qızıl mədəninə səfərindən anlamaq mümkündür. Əslində, bu
təəssübkeşliyin arxasında dayanan əsas səbəb məhz qızıl və sərvət hərisliyidir.
Lakin Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın səbrinin
də bir həddi var. Kəndlər sülh danışıqları çərçivəsində qaytarılmazsa,
beynəlxalq hüququn qazandırdığı imkanlardan istifadə etmək lazım gələcək. Çünki
bir qarış torpağımızın belə tapdaq altında qalmasına imkan verməyəcəyimizi
artıq bütün dünya bilir.
Daha ətraflı Baku TV-nin süjetində: