Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Hindistandan “Su-30MKI”
qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb.
Cixisyolu.com xəbər verir ki, bu məlumatı Avionslegendaires.net portalı yayıb.
Məlumatda qeyd olunub ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin
yazında əldə edilmiş dörd “Su-30SM Flanker-C” və təxminən on beş köhnə
“Su-25K”dən ibarətdir.
Yazıda iddia olunur ki, Ermənistan Rusiyadan “Su-30SM” qırıcıları sifariş etsə
də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib.
“2019-cu ildə təyyarələri aldıqdan bir neçə həftə sonra Ermənistan Rusiyaya
əlavə səkkiz “Su-30SM” sifariş verib. Müqavilə məbləğinin 70 faizinə qədər olan
hissəsi ödənilsə də, həmin vaxtdan etibarən heç bir təyyarə təhvil verilməyib.
Səbəb isə sadədir, “Sukhoi” şirkəti onların heç bir ədədini də istehsal etməyib
və bu günə qədər “Su-30″ təyyarələri Rusiyanın öz ehtiyacları üçün zavoddan
çıxıb. Beş il keçdikdən sonra Ermənistanın səbrinin tükəndiyi görünür. Rusiya
təkcə müştərisini deyil, həm də müttəfiqini itirə bilər”, – deyə müəllif yazıda
qeyd edib.
Nəşrin məlumatına görə, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib
və ödənilən məbləğini geri almaq niyyətindədir.