b68da087-ee8a-4a9b-99c6-1216e6652558..jpg

Ermənistan Rusiyanın orbitindən çıxır: Qərblə münasibətlər isə Türkiyədən keçir – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

Ermənistan Rusiyanın orbitindən çıxır: Qərblə münasibətlər isə Türkiyədən
keçir – “KASPİ”nin TƏHLİLİ + FOTO

Nikol Paşinyanın son günlər ard-arda verdiyi açıqlamalar ölkədə vəziyyətin nə
dərəcədə acınacaqlı olduğundan xəbər verir. Baş nazirin açıqlamaları,
Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər Rusiyadan üz döndərmək, yeni strateji
müttəfiq axtarışı kimi də qiymətləndirilir.

“Kaspi ” qəzeti mövzu
ilə bağlı məqalə dərc edib.

Təhlükəsizliklə bağlı ciddi problemləri olan, 2020-ci il müharibəsində acı
məğlubiyyətdən sonra ordusu və texniki bazası darmadağın edilən Ermənistan
Rusiyadan tam qopmaq niyyətindədir. Baş nazir Nikol Paşinyan öz aləmində
ölkənin təhlükəsizliyini təmin etmək üçün başqa müttəfiqlər axtarışına çıxıb.
Baş nazirin “la Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sferasının bir
mərkəzə bağlı olmasını strateji səhv adlandırması da Ermənistanın strateji
vektorunu dəyişməyə hazır olmasından xəbər verir. Şübhəsiz ki, açıqlamadakı
təhlükəsizlik sferasının bağlı olduğu mərkəz deyildikdə Rusiya nəzərdə tutulur.
Bu açıqlama Rusiya siyasi dairələrində qəzəblə qarşılandı və “Rusiya Cənubi
Qafqazı tərk etmək niyyətində deyil” cavabı gəldi. Çünki Kreml də bu
açıqlamanın Cənubi Qafqazdan sıxışdırma planının tərkib hissəsi olduğunu dərk
edir.

KTMT ilə münasibətlər daha da gərginləşir

Belarusda keçirilən KTMT təlimlərində Ermənistanın iştirak etməməsi fonunda
İrəvanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi də nəzərdən yayınmayıb. Bu,
müəyyən siyasi dairələrdə Ermənistanın yaxın zamanlarda alyansı tərk edəcəyinə
işarə kimi qəbul edilib. Son dövrlər, xüsusən də müharibədən sonra keçən 3 il
ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən KTMT ünvanına tənqidi
fikirlərin səsləndirilməsi adət halını alıb. Üzünü Qərbə tutan Paşinyanın
Azərbaycanla sərhədə Aİ müşahidəçilərini dəvət etməsi də KTMT-yə qarşı atılan
addım kimi qiymətləndirilməlidir. Rusiya rəsmiləri dəfələrlə KTMT
müşahidəçilərini sərhədə göndərməyə hazır olduqlarını bildirsələr də, daşdan
səs çıxıb, Paşinyandan cavab gəlməyib. Artıq ABŞ-dən də Ermənistanın Rusiyanın
orbitindən çıxarılmasının əsas hədəflərdən biri olduğuna dair açıq bəyanatlar
verilir və bu rəsmi olaraq etiraf edilir.

Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin sentyabrında Ermənistan Kəlbəcər və
Laçın istiqamətində təxribat törətməyə cəhd etmiş və Azərbaycan tərəfindən
lazımi cavabını almışdı. Dərhal KTMT-yə müraciət edilsə də, alyans müdaxilə ilə
bağlı heç bir addım atmamışdı. Quyruq yarası acı olduğu kimi, erməni rəhbərliyi
bunu unuda bilmir.

QHT səviyyəsində “NATO-ya gəl” çağırışı

Paşinyanın Rusiyanı strateji müttəfiq kimi bəyənməməsi ilə bağlı açıqlaması
Qərbi daha da aktivləşdirib. Sentyabrın 4-də NATO-nun genişlənməsi üzrə QHT
rəhbəri Günter Felinqer Ermənistanı hərbi alyansa üzv olmağa dəvət edib.
Dəvətin bir QHT rəhbəri tərəfindən edilməsi əlbəttə ki, Qərbin İrəvana qarşı
ironik münasibətindən xəbər verir. Və ya ola bilsin, NATO hələlik QHT
səviyyəsində vəziyyəti öyrənməyə cəhd edir. Amma Gürcüstan və Ukrayna 10 ildən
çoxdur ki, NATO-ya üzv olmağa can atsalar da, hələ də bu yolda bir addım
atılmayıb. Ermənistanla bağlı QHT sədri səviyyəsində verilən bəyanat da siyasi
və psixoloji yoxlanışdan başqa bir şey deyil. Əslində bu təklifin səslənməsi
Ermənistana dəvətdən çox, Rusiya əleyhinə səsləndirilmiş bəyanat kimi qəbul
edilməlidir. Əsas məqsəd Ermənistanın Rusiya ilə iplərini qopartmaq, Moskvanı
Cənubi Qafqazdan tam sıxışdırıb çıxarmaq və ən əsası, Gümrüdəki 102-ci bazanı
ləğv etməkdir. Hazırda Ermənistanda KTMT və NATO-nun gizli savaşı gedir.

Ermənistan İranı da qıcıqlandırır

Şübhəsiz ki, Ermənistanın regiona NATO və Qərbi dəvət etməsi İranın da
qıcıqlanmasına səbəb olub. Xüsusilə, ABŞ ilə birgə hərbi təlimlərdən dərhal
sonra Tehran İrəvana xəbərdarlıq edib. Hətta “Dağlıq Qarabağ Azərbaycandır”
deyib. İran rəsmiləri gözəl anlayırlar ki, Ermənistanda fəaliyyət göstərən Aİ
müşahidəçilərinin və ABŞ səfirliyinin fəaliyyət istiqamətlərindən biri də
İran-Ermənistan sərhədində monitorinq aparmaq və lazımi məlumatları müəyyən
mərkəzlərə ötürməkdir. Bu baxımdan Ermənistanın yenidən Qərbə üz tutması, bu
dəfə strateji müttəfiq axtarması rəsmi Tehranın sərt reaksiyasına səbəb olub.

İrəvanın Qərbə gedən yolu Türkiyədən keçir

Ermənistan strateji vektorunu dəyişərək Qərbi seçmək arzusundadır. Qərbin isə
regiondakı əsas müttəfiqi Türkiyə olduğu üçün Ermənistan ilk növbədə Ankara ilə
münasibətlərini tam normallaşdırmaq məcburiyyətindədir. Türkiyə isə
Azərbaycanın strateji müttəfiqidir və münasibətləri normallaşdırmaq üçün rəsmi
İrəvana şərtlərini təqdim edib. Bu şərtlər sırasında Azərbaycanın ərazi
bütövlüyünün tanınması və sülh müqaviləsinin imzalanması da var. Bu səbəbdən də
Ermənistan əgər Qərbə üz tutursa, ilk növbədə Türkiyə ilə münasibətləri
normallaşdırmaq məcburiyyətindədir. Tək Fransaya güvənməklə iş bitmir. Zatən
Afrikada vəziyyəti getdikcə pisləşən Fransada siyasi ab-hava yaxşı deyil. Laçın
yolu ətrafında yaradılan süni qalmaqal Fransaya Rusiya ilə münasibətləri
aydınlaşdırmaq üçün lazımdır. Əslində nə Ermənistan, nə də ki Qarabağdakı
ermənilər Fransanı maraqlandırmır. Bu iki faktor Paris üçün sadəcə, siyasi
alətdir.

Azərbaycanın diplomatik qələbəsi

Ermənistandan fərqli olaraq Azərbaycanın strateji müttəfiqləri günü-gündən
artır. Ermənistanın KTMT-dəki müttəfiqləri belə, Azərbaycanla yaxşı əlaqələrə
sahibdirlər. İslam dünyası ilə uğurlu əməkdaşlıq, müşahidəçi və ekspertlərin
işğaldan azad edilmiş ərazilərə təşkil edilən səfərləri də rəsmi Bakının xarici
siyasət kursunun nə qədər uğurlu olmasından xəbər verir. Bu, Azərbaycanın
diplomatik qələbəsi, Ermənistanın isə diplomatik məğlubiyyəti deməkdir…

Source link