Ermənistan – siyasi məhbusların bol olduğu ölkə – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistan hökuməti özünü hər nə qədər demokratiya qalası, Qərb dəyərlərinin
keşikçisi adlandırsa da, reallıq odur ki, bu gün sözügedən ölkə diktatura və
siyasi məhbusların sığınacağına çevrilib. Bu gün saxta və uydurma ittihamlarla,
siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Baş
nazir Nikol Paşinyan bu şəxslərin siyasi gücündən və çəkisindən qorxur və
hakimiyyətinə qarşı təhlükə olduğunu düşünür. Bu səbəbdən də müxtəlif cinayət
işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimləri,
hərbçiləri həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə
qarşı da amansızlıq hakim partiyanın tez-tez əl atdığı üsullardan biridir. Eyni
zamanda müxalif düşüncələrinə görə də təqib edilən insan sayı az deyil. Erməni
müxalifəti etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus
olmayıb. Maraqlıdır ki, aparılan sorğuların nəticələri də ürəkaçan deyil.
Respondentlərin 49,2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu
etiraf edib, 20,1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Bununla belə, insan hüquqlarının kobud şəkildə pozulmasına bir sıra beynəlxalq
təşkilat və strukturlar göz yumur, tənqidi fikirlər səsləndirməkdən vaz
keçirlər. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq
etməsindən xəbər verir. Azərbaycanda konkret cinayət əməli törədən şəxsə qarşı
cinayət işi açılanda bu beynəlxalq qurumlar nədənsə kənd itləri kimi səs-səsə
verərək insan hüquqların pozulmasından, siyasi məhbus nağıllarından moizələr
oxumaq üçün sıraya düzülürlər. Bu gün isə Ermənistanda 50-dən çox siyasi məhbus
olduğu halda, cəmi bir dəfə, Avropa Xalq Partiyası Armen Aşotyanın siyasi
məhbus olduğunu, onun azad edilməsinin vacibliyi ilə bağlı bəyanat səsləndirib.
Aşağıda erməni siyasi məhbuslarından bəzilərinin kim olduğuna və həbs
motivlərinə toxunaq.
Armen Aşotyan
Keçmiş təhsil naziri, Respublikaçılar Partiyasının sədr müavini Aşotyan uzun
müddət siyasi təqiblərə məruz qalıb. Paşinyan komandasını və onun yürütdüyü
siyasəti sərt şəkildə tənqid edən siyasətçi siyasi baxışlarına görə həbs
edilib. Artıq uzun müddətdir həbsdə olan Armenin nə zaman azadlığına qovuşacağı
hələ məlum deyil.
Mamikon Aslanyan
Vanadzorun keçmiş meri Mamikon Aslanyan da yerli seçkilərdə qalib gəlsə də,
hakim partiyanın qəzəbinə tuş gəlib. Ötən il dekabrın 15-də Aslanyan vəzifə
səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunub.
Dekabrın 16-da onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. Sonradan
isə bu həbs müddətləri uzadılıb. Aslanyan bloku keçirilən seçkilərdə 45 faiz
səs toplayaraq, hakim partiyanın namizədini üstələmişdi. Yerli icra
strukturlarını ələ keçirməyi qarşısına məqsəd qoyan “Vətəndaş sazişi” üçün isə
bu, yeni bir əngəl idi. Bu səbəbdən də müxtəlif ittihamlarla Mamikon həbsə
göndərilib.
Albert Bazeyan
İrəvanın keçmiş meri Albert Bazeyan da Paşinyanın qəzəbinə tuş gələrək həbsə
atılan şəxslərdən sayılır. O, bir qrup şəxslə birlikdə hökumət üzvlərinə qarşı
zorakılıq aksiyaları təşkil etməkdə ittiham olunur. Bu qrup dedikdə
“Səlibçilər” ictimai təşkilatına istinad edir ki, mediaya sızan məlumata görə,
onun üzvlərindən biri, Bazeyan əleyhinə ifadə verib. Axtarış zamanı keçmiş
merin üzərində heç nə tapılmayıb, lakin həbs müddəti uzadılıb. Bazeyan qondarma
ittihamla həbs edilib və təqibin əsl səbəbi siyasi fəaliyyətə qayıtmaq qərarı
olub. Veteran dairələrdə Bazeyan böyük nüfuza malikdir və buna görə də Paşinyan
rejimi üçün təhlükə yaradır. Keçmiş səhra komandirinin səhhətində ciddi
problemlər var, lakin Paşinyanın ədaləti belə hallara məhəl qoymur.
Levon Koçaryan
Ermənistanın 3-cü prezidenti Robert Koçaryanın oğlu da bir müddət həbsxana
həyatı yaşayıb və siyasi dairələrdə siyasi məhbus ünvanını alıb. İrəvanda
keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Koçaryan siyasi
fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə
Paşinyanın əsas hədəfi Robert Koçaryan idi və onun siyasi baxışlarına,
hakimiyyətə münasibətinə, açıqlamalarına görə, korrupsiya ittihamı ilə cinayət
işi açılmışdı. Maraqlıdır ki, Levon atasının yolu ilə getmək qərarına gəldiyi
üçün qəzəb oxlarına tuş gəlmişdi. Amma sonradan həbs müddəti başa çatdı və
aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur. Nikol
Paşinyan 26 dekabrda Sankt-Peterburqdan qayıtdıqdan sonra Robert Koçaryana
qarşı da cinayət təqibinə xitam verilib. Görünür, Rusiya Prezidenti Vladimir
Putinlə şəxsi dostluq münasibəti bu işdə ona kömək olub.
Yuxarıda sadalananlardan əlavə, bu siyahıya professor Arman Carçyanı, Avetik
Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik
Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya
erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir
sosial şəbəkə postuna görə müxtəlif ittihamlarla onları həbsə atmaqdan belə
çəkinmir. Növbəti il, yəni 2024-cü il isə deyəsən, Ermənistanda daha sərt
keçəcək. Çünki Paşinyan hökumətinin daha da azğınlaşacağı, repressiya və
təzyiqlərin kəskin artacağı ehtimal edilir. Siyasi opponentlər hədəfə
qoyulacaq, məhkəmə sisteminə təzyiqlər vasitəsilə bu şəxslər həbsə atılacaqlar.
“Report” İnformasiya Agentliyi