Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) “müşahidəçiləri”
yenidən Azərbaycanla sərhədə gəliblər.
Bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin
Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Aİ-yə məxsus 2
ədəd “Toyota” markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1
ədəd “UAZ Patriot” markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu
düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər.
Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa
İttifaqına məxsus “Toyota” markalı avtomobil və 1 ədəd “UAZ Hunter” markalı
avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa
İttifaqı “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə
cihazı vasitəsilə bizim istiqamətlərimizi müşahidə ediblər.
Qeyd edək ki, ötən gün mətbuatda Zəngilanla sərhəddə yerləşən Ermənistanın
Nerkin Hand kəndi yaxınlığında üzərində Fransa bayrağı dalğalanan avtomobildə
“müşahidəçilər”in gətirilməsinə dairvideo
yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları
olduğu istisna edilmir. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan
kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında
Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist
qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh
prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.