Ermənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir – Moskva,
Nyu-Dehli, yoxsa Tehran? – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb.
Caliber.Az-ın əldə etdiyi məlumata görə, 17 yanvar 2024-cü il tarixdə saat
17:50 radələrində İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki
ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb. Onların üzərində
brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində
həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan
Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində
isə Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.
Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə açıq-aşkar
gizlədilmək üçün brezentlə örtülüb, onun hərbi məqsəd daşıdığı şübhə doğurmur.
Əsas sualdan başlayaq: Bu dəfə “daşlar ölkəsi”nə silah tədarük etmək qərarına
kim gəlib? Burada bir neçə variant var.
Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Paşinyanın partiyasının
nümayəndəsi, istefada olan general Qaqik Melkonyan Ermənistana Rusiya
silahlarının daha bir partiyasının gətirildiyini yüksək səslə elan edib. Eyni
zamanda o, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaqdan
imtina edib. Yaxud, ötən ilin dekabrında Rusiya səfiri Kopırkin TASS-a
müsahibəsində qeyd edib ki, İrandan Ermənistana Rusiya hərbi texnikasının yeni
partiyası göndərilib.
“Bağlanmış müqavilələrin demək olar ki, hamısı ya artıq tamamlanıb, ya da
icrasının son mərhələsindədir. Moskva və İrəvan yeni sazişlərin bağlanmasını
müzakirə edirlər. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni
sazişlər də müzakirə olunur”, – deyə səfir bildirib.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibə zamanı Rusiya
silah, texnika və sursatları İran ərazisindən keçməklə Ermənistana
ucsuz-bucaqsız axınla daşınıb. Ehtimal etmək olar ki, Rusiya yenidən İran
vasitəsilə Ermənistana yeni silah partiyası göndərib. Və burada tamamilə
ağlabatan sual yaranır: Moskva İrəvanı silahlandırmaqda davam edirsə,
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünü necə
vasitəçi kimi təqdim edir?
İkinci seçim Hindistandır. Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından
Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf
etdirəcəyini yüksək səslə bəyan edib. Ermənistan çoxsaylı buraxılış raket
sistemləri, özüyeriyən artilleriya, tank əleyhinə idarə olunan raketlər,
artilleriya radarları, pilotsuz uçuş aparatları sistemləri və hətta Hindistan
istehsalı olan raketlərin alınmasına ciddi maraq göstərib.
2022-ci ilin noyabrında Ermənistan Hindistandan təxminən 160 milyon dollara
155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan
müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana
səfərindən sonra genişlənməyə başlayıb. Bundan əlavə, İrəvan havadan buraxılan
ortamənzilli “BrahMos” raketləri və yerüstü qısamənzilli “Pralay” taktiki
ballistik raketləri almağa hazırlaşır. Güman etmək olar ki, indi millətçi
Modinin hökuməti Ermənistanı silahlandırmaqda davam edir.
Və nəhayət, İranın bu dəfə Ermənistanı silahlandırmaq qərarına gəldiyini
istisna edə bilmərik. Bildiyiniz kimi, bu ölkə Zəngəzur dəhlizi ilə bağlı
mütəmadi olaraq hədələyici bəyanatlar verir və bildirir ki, “Cənubi Qafqazda
sərhədlərin dəyişdirilməsi qırmızı xəttdir”. Ehtimal etmək olar ki, müxtəlif
istiqamətlərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi
müharibələr aparan Tehran Ermənistanın silahlandırılmasının onun ərazisinə
qoşun yeritməkdən daha məqsədəuyğun olduğuna qərar verib. Bu qərar Tehranda
Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına zidd olaraq
verilə bilərdi.