3fe13d37-bbbb-437e-b218-5bcc6a7a686b..jpg

“Ermənistana hədiyyə edilmiş torpaqların yaddaşında yüzminlərlə azərbaycanlının faciəsi yaşayır” – RƏY + FOTO

Baxış sayı: 781 dəfə baxılıb.

“Ermənistana hədiyyə edilmiş torpaqların yaddaşında yüzminlərlə
azərbaycanlının faciəsi yaşayır” – RƏY + FOTO

“Tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey
qaytarmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının üzvü Ramin Məmmədov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan
İcmasının ziyalıları ilə görüşünün başa vurmaqda olduğumuz 2022-ci ilin ən
mühüm siyasi hadisələrindən biri olmaqla yanaşı, müharibədən sonrakı dövrün
milli strateji prioritetlərini təxmin etmək üçün ciddi informasiya yükü
daşıdığını deyən deputat bildirib ki, görüşün tarixi və ünvanının təsadüfi
seçilmədiyini Prezidentin nitqindəki tezislərdən də anlamaq çətin deyil:

“Azərbaycan Vətən müharibəsindən sonra öz tarixinin yeni mərhələsinə qədəm
qoyub və bu həm də elə bir dövrə təsadüf edir ki, beynəlxalq münasibətlərin
xarakterində yeni dünya düzənini müəyyənləşdirən əhəmiyyətli dəyişikliklər baş
verir. Prezident İlham Əliyevin siyasəti mürəkkəb geosiyasi reallıqlar fonunda
ölkənin milli maraqlarının daha etibarlı qorunmasını təmin etməklə yanaşı,
qlobal proseslərin diktəsi ilə formalaşan şərtlərdən yeni strateji hədəflərin
həyata keçirilməsi üçün maksimum faydalanmağa hesablanıb.

Qərbi Azərbaycan hər bir azərbaycanlının genetik yaddaşında xüsusi yeri olan,
xeyli dərəcədə tarixi və bir o qədər də mənəvi-ideoloji məzmun daşıyan coğrafi
vahiddir. Lakin 44 günlük müharibədən sonra indi o həm də siyasi-ideoloji məna
kəsb etməyə başlayıb. Əsrin əvvəllərində Ermənistana hədiyyə edilmiş bu
torpaqların yaddaşında yüzminlərlə azərbaycanlının şəxsi faciəsi yaşayır. Lakin
Qərbi Azərbaycan həm də Azərbaycan xalqı üçün ümummilli fəlakətin rəmzi kimi
qavranılır. Çünki İrəvan, Qərbi Zəngəzur, Göyçə, Zəngibasar mahallarının
Ermənistana verilməsi yeni itkilərə, faciələrə gedən yolun başlanğıcı idi.
Azərbaycan tarixinin ən həlledici, taleyüklü anında verilmiş yanlış qərarlar bu
yolu düşmənlər üçün daha asan və əlverişli hala gətirdi”.

Onun sözlərinə görə, İrəvanın Ermənistana verilməsini o dövrün tarixi və
geosiyasi şərtləri ilə izah edən mülahizələrdə müəyyən dərəcədə həqiqət payı
ola bilər:

“Lakin siyasət həm də bütün ağır şərtlərə rəğmən, milli maraqları maksimum
dərəcədə qorumaq sənətidir. Biz Cümhuriyyət tarixinə nə qədər dərin ehtiram və
rəğbətlə yanaşsaq da, bu, İrəvanın Ermənistana hədiyyə edilməsinin milli
mənafelər baxımından böyük strateji yanlışlıq olduğu həqiqətini dəyişmir.
Nəzərə almaq lazımdır ki, tarixi hadisələri daha aydın və soyuqqanlı təhlil
etmək üçün zaman çox mühüm faktordur. Bu baxımdan, yüz il öncə qəbul edilmiş
qərarları indi daha düzgün təhlil etmək, araşdırmaq, qiymətləndirmək mümkündür”.

Bu gün tarixi səhvləri təkrarlamamağın, Azərbaycanın qarşısında qoyulmuş yeni
hədəflərin reallaşması üçün bütün imkanları səfərbər etməyin vaxtı olduğunu
deyən icma üzvü nəzərə çatdırıb ki, zamanı və prosesləri düzgün
qiymətləndirmək, minlərlə şəhidin qanı hesabına açılan yeni tarixi mərhələdə
bütün addımları dəqiq hesablamaq lazımdır:

“Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə
söylədiyi nitq, əslində, bizim üçün yeni dövrün yol xəritəsidir. Cənubi
Qafqazda son yüzilliklərdə baş verən hadisələrin mahiyyəti, Azərbaycanın məruz
qaldığı itki və faciələr, Şərqdə ilk demokratik respublikanı qurmuş, ilk
operanı yaratmış, qadınlara səsvermə hüququ vermiş bir xalqın üzləşdiyi
fəlakətlərin səbəbləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün
konkret və düşünülmüş addımlar atmalıyıq. Prezident İlham Əliyevin Qərbi
Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü qarşımızda duran milli strateji
hədəflərlə bağlı çox mühüm mesajlar verir: “Mən əvvəlki dövrdə, adətən, 24
dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt
qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü
gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”. Azərbaycan
Prezidentinin bu iki cümləlik fikri, sözsüz ki, görüşdə iştirak edən hər kəs
üçün böyük qiymətə malikdir. Lakin bu cümlələr həm də bütün Azərbaycan xalqına
müzəffər Ali Baş Komandanın yeni bir tarixi mərhələyə qədəm qoyduğumuza dair
verdiyi çox önəmli mesajdır”.

Deputatın fikrincə, dövlət başçısının nitqində verdiyi mesajlar təkcə qarşıdan
gələn 2023-cü ildə deyil, bəlkə də, daha uzaq bir müddətdə Azərbaycan
dövlətinin həyata keçirməyi planlaşdırdığı siyasətin təxmini konturlarını
özündə ehtiva edən əsas ideoloji tezislər olmaqla yanaşı, həm də taleyüklü bir
dövrə qədəm qoyduğumuza işarədir:

“Azərbaycan Prezidentinin özünəməxsus liderlik keyfiyyətləri, zəngin siyasi
təcrübəsi, müvəffəqiyyətlə yerinə yetirdiyi tarixi missiya kontekstində onun
verdiyi mesajların miqyası, siyasi-ideoloji çəkisi daha aydın görünür.

Əvvəldə də qeyd etdiyimiz kimi, görüşün yeri, tarixi, məzmunu və formatı
Prezidentin yalnız Azərbaycan xalqına deyil, həm də Cənubi Qafqazdakı
proseslərə təsir imkanlarına malik qlobal oyunçulara ciddi mesajlar verdiyini
deməyə əsas verir. Ermənistan dövlətinin yaradılması naminə yüzminlərlə
azərbaycanlının taleyini faciəli şəkildə dəyişən tarixi ədalətsizlik faktı var
və dünya bunu etiraf etməlidir.

Şərqi Zəngəzur anlayışı olduğu kimi, Qərbi Zəngəzur məfhumu da var və mütləq
Cənubi Qafqazla bağlı proseslərdə ümumi siyasi leksikonun bir hissəsi
olmalıdır. Başqa sözlə desək, nəinki region ölkələri, xüsusilə də Ermənistan, o
cümlədən böyük güclər yeni dünya düzəninin formalaşması prosesində tarixi
Azərbaycan torpaqlarında erməni dövlətinin yaradıldığı faktını nəzərə
almalıdırlar;

Qərbi Zəngəzurun tarixi, azərbaycanlıların məruz qaldıqları deportasiya və
soyqırımı siyasətinin bütün parametrləri daha geniş və dərindən araşdırılmalı,
qlobal informasiya məkanında öz yerini tapmalıdır;

Qərbi azərbaycanlıların məruz qaldıqları tarixi ədalətsizlikləri beynəlxalq
konvensiyalar əsasında qiymətləndirən hüquqi sənədlər toplusu işlənilməli,
beynəlxalq ictimaiyyətə təqdim edilməlidir;

Bütün tarixi, siyasi, hüquqi elementləri nəzərə alan, beynəlxalq hüquqa
istinad edən Qərbi Zəngəzura Qayıdış Konsepsiyası hazırlanmalıdır;

Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyin bərpası, onların öz doğma
torpaqlarına qayıdışı üçün beynəlxalq konvensiyalar əsasında bütün şərtlərin
təmin edilməsi həyata keçirilməlidir”.

İcma üzvü bildirib ki, Azərbaycan Prezidentinin nitqində verilən mesajlar,
müəyyən edilən hədəflər kifayət qədər aydın və dəqiqdir:

“Ən vacib məsələlərdən biri bundan ibarətdir ki, bu hədəflər Azərbaycanın
artan gücü, hərbi qüdrəti, iqtisadi potensialı, beynəlxalq münasibətlər
sistemində qazandığı etibar fonunda daha əlçatan və real görünür. Xüsusilə də
ona görə ki, bu hədəflərə nail olmaq üçün qətiyyətli siyasi iradə və inam var.
Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər bu inamın nə qədər möhkəm
və qəti olduğunu təsdiq edir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan
olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan
Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki,
Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb
orada yaşayacaqlar”. Azərbaycan 2022-ci ilə böyük uğurlarla yekun vurur və
2023-cü ilə doğru daha inamla, qətiyyətlə addımlayır. Həm də dünyada baş verən
təlatümlü hadisələr, qlobal güclər arasında münasibətlərin gərginləşməsi,
müharibələr, iqtisadi və sosial problemlərə baxmayaraq”.

“Cənubi Qafqazın ən güclü dövlətinin, qalib ölkənin vətəndaşı olmağın hansı
duyğular yaratdığını sözlə ifadə etmək çox çətindir. Lakin bizim müstəqillik
illərində əldə etdiyimiz ən böyük uğur, ən yüksək nailiyyət milli birliyimiz və
həmrəyliyimizdir. Bizim gücümüzə güc qatan, Prezident İlham Əliyevin liderliyi
sayəsində güclənən bu birlik Vətən müharibəsində qazandığımız zəfərin əsas
səbəblərindən biri olduğu kimi, həm də gələcək uğurlarımızın təminatçısıdır.
Biz 2023-cü ilə daha böyük zəfərlər, daha ciddi uğurlar ümidi ilə addımlayırıq.

Azərbaycan Prezidenti ilə görüş bu addımların bir gün bütün qərbi
azərbaycanlıları öz doğma yurdlarına aparacağına olan inamımızı daha da
qətiləşdirdi. 2023-cü il isə Azərbaycanda Heydər Əliyev ilidir… Ümummilli
lider Qərbi Azərbaycan haqqında belə deyirdi: “Əgər tarixi faktları araşdırmalı
olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan
torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olub, lakin
1918-1920-ci illərdə Ermənistana keçib”, – R.Məmmədov vurğulayıb.

Source link