Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi
qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə
etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə
çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi
xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.
“Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar”, –
deyə məlumatda vurğulanıb.
Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan
faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər
inzibati tədbirlər həyata keçirilir.
Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman
olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video
yayımlayıb.
11:18
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına
müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra
tədbirlər görməyə başlayıb.
Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.
“İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video
yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin
şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün
tədbirlər görür”, – deyə məlumatda bildirilib.
Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi
proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət
veriləcək.