Ermənistanda hakim komanda parçalanır: “Vətəndaş müqaviləsi”ndə fəhlə-kəndli
üsyanı – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Uzun müddətdir Ermənistanın hakim partiyası sayılan “Vətəndaş müqaviləsi”nin
daxilində klan müharibəsi gedir. Baş nazir Nikol Paşinyanın əvvəllər
qeyd-şərtsiz, partiyadaxili iqtisadi və sosial qüvvələri müxtəlif üsullarla
möhkəmləndirən şəxsi nüfuzu indi zəifləyib. Bu gün hakim komanda daxilində
müxtəlif maraqları müdafiə edən qruplaşmalar yaranıb. Hakimiyyətə gələndə
evsiz-eşiksiz, pulsuz-parasız olan bir sıra üzvlərin qısa zaman ərzində
var-dövlət, İrəvanın ən bahalı rayonunda mənzillərə, villalara sahib olmaları
artıq daxili narazılığın sürətlənməsinə rəvac verib. Hakimiyyətdə təmsil olunan
partiya elitasının milyonlara sahib olması yüzlərlə tərəfdarın ciddi
narazılığına səbəb olub. Narazı təbəqə artıq hakim qruplaşmanın aşağı təbəqənin
vəziyyəti ilə maraqlanmadığını bildirib. Ardıcıl gələn şikayətlər isə baş nazir
Nikol Paşinyanı ciddi şəkildə narahat etməyə başlayıb. Təsadüfi deyil ki, bir
ay öncə keçirilən iclasda partiya sıralarına yeni üzvlərin cəlb edilməsinin
vacibliyindən danışan Nikol bu narazılıqların gələcəkdə ciddi problemə səbəb
olacağından ehtiyat etməyə başlayıb. Eyni zamanda erməni siyasi kulislərində bu
yaxınlarda yeni partiyaların yaradılması barədə dolaşan söz-söhbət də bu
narazılığı artırıb. Baş nazir açıqlama verərək, heç kəsə himayədarlıq
etmədiyini, heç kəsə rüşvət və korrupsiya ilə pul qazanmağa icazə vermədiyini
bildirib. O, toplanan məlumatları hüquq-mühafizə orqanlarına çatdıracağına və
təqsirkarların cəzalandırılacağına söz verib.
Son iki gündə İrəvanda baş verən hadisələr isə artıq N.Paşinyan tərəfindən
düyməyə basıldığından xəbər verir və partiya üzvləri ilə bağlı qalmaqallı
xəbərlər ortaya çıxır. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti
İqtisadiyyat Nazirliyində əməliyyat keçirib. Əməliyyat çərçivəsində 7 nəfər
saxlanılıb və onların arasında nazir müavini Ani İspiryan, Dövlət
İnvestisiyaları Siyasəti Departamentinin rəisi Lili Sirakanyan da var.
Sözügedən şəxslərin ofis və evlərində axtarış aparılıb.
Eyni gündə “Mülki müqavilə”nin deputatı Qaqik Melkonyanın oğlu Arman Melkonyan
“Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.
Partiyada kifayət qədər nüfuzu olan Qaqik eyni zamanda Paşinyanın ruporu da
sayılır. Amma, görünür, işə düşən cəza maşını Melkonyan ailəsindən də yan
keçməyib.
Paralel olaraq isə İrəvan şəhərinin meri Tiqran Avinyan üç müavini ilə
birlikdə partiyanın qapalı iclasına dəvət edilib. 3 saat davam edən dindirilmə
zamanı Avinyan partiyadaşlarının suallarını cavablandırıb. Əsas diqqət
tenderlərə, maliyyə böhranına və artan cərimələrə yönəldilib.
İşin maraqlı tərəfi odur ki, son baş verən hadisələr Ermənistan parlamentinin
sədri Alen Simonyanın ətrafındakı çevrənin də daralmasından xəbər verir.
Simonyan və onunla əlaqəli olan şəxslərə qarşı yeni hüquqi və dövlət
təzyiqlərinə start verilib. Alenin qardaşı arvadı Ermənistanın hüquq-mühafizə
orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ani Gevorqyan barəsində 2 aylıq
həbs qətimkan tədbiri seçilib.
2018-ci ildə “Vətəndaş müqaviləsi”nin hakim partiyaya çevrilməsi ilə Alen
Simonyan qardaşı və dostları vasitəsilə biznes imperiyası qurub. Məsələn, onun
qardaşı Karlen Simonyan “Avroasfalt” və “Avroasfalt-1” şirkətlərinin sahibidir.
Ermənistanda keçirilən əksər tenderlərin qalibi olan bu şirkət qısa müddət
ərzində bir sıra dövlət sifarişini həyata keçirmək hüququ əldə edib. Təbii ki,
bu işdə parlament sədrinin rolu danılmazdır. Təsadüfi deyil ki, tenderlərdə
iştirak edən və “Avroasfalt”a məğlub olan şirkətlər rəqabət tendensiyasının
pozulmasından, diskriminasiyadan və təzyiqlərdən kifayət qədər şikayət ediblər.
Elə bu səbəbdən də 2021-ci ildə sözügedən şirkətlərdə araşdırma aparılıb. Amma
nəticə əldə edilməyib. Parlamentdən İstintaq Komitəsinə uzanan sehrli əl işi
bağlayıb.
Digər bir misal. “Arqavand kauyk” MMC 2018-ci ilə qədər dövlətlə cəmi 3
müqavilə işləmişdisə, 2018-ci ildən sonra bu müqavilələrin sayı qəflətən 150-yə
çatıb. Məlum olub ki, Alen Simonyan yaxın dostu olan Vahan Naribekyana bu
məsələdə kömək edib. Vahan şirkətin sahibi olmaqla yanaşı, Milli Assambleyanın
aparat rəhbəridir və bütün dövlət müəssisələrinin mebellə təchiz edilməsi işinə
baxır.
Yuxarıda sadalananlardan məlum olur ki, cəmi 5 il ərzində Alen Simonyan
qardaşı və dostları vasitəsilə ciddi biznes imperiyası qurmağa nail olub.
Onların qurduqları şirkətlər əsasən dövlət tenderlərinin qalibi olur,
milyonlarla dollar vəsaiti büdcələrinə köçürürlər. Bu vəziyyətin daimi hal
alması “Vətəndaş müqaviləsi”ndə ciddi narazılıqlar yaradıb. Çünki vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək özünün və ətrafındakıların rifahını
təmin etmək üçün dövlət rıçaqlarından istifadə edən spiker uzun müddətdir özünü
xüsusi imtiyazlı şəxs kimi aparır və icazə verilən həddi ciddi şəkildə aşıb. Bu
isə partiyadaşları arasında böyük narazılıq dalğasına səbəb olub. Son zamanlar
isə Karlenlə yanaşı, arvadının da şirkəti iştirak etdikləri bütün dövlət
tenderlərində qalib olublar. Alenə qarşı cəzasızlıq mühiti partiyada ciddi
qəzəbə səbəb olub və bu barədə Paşinyana etirazlar da bildirilib. Əvvəlcə
sükutunu qoruyan baş nazir etirazlar qarşısında tab gətirməyək sanksiyalar üçün
yaşıl işıq yandırıb. Ani Gevorqyanın saxlanılması və sonradan həbs edilməsi
spikerin komanda daxilində dəstəksiz qalmasından xəbər verir. Çünki
Ermənistanda bu tip hadisələr baş verəndə partiyanın elitası və rıçaqları işə
düşür, məsələni ört-basdır etməyə çalışır. Məhkəmə isə Aninin həbsi ilə bağlı
hökm çıxarıb. Gevorqyan uzun illər İT sektorunun ən məşhur şirkətlərindən biri
olan “Synergy”də çalışıb və layihələrin direktoru olub. Təxminən il yarım əvvəl
sözügedən şirkət İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderdə iştirak edib.
Sonradan tender ləğv edilsə də, hansısa sehri əl vasitəsilə bütün layihələr
“Synergy”yə ötürüldü. Sənədlər isə Karlenin arvadı Ani tərəfindən hazırlanıb.
Sonradan isə şirkətin təsisçi direktoru Aşot Ovannisyan da saxlanılıb. O,
“Vitse Miss Europe-2005”in qalibi olmuş teleaparıcı Lusine Tovmasyanın
qayınatasıdır. Bu şəxsin ABŞ vətəndaşlığı da olduğu üçün qısa müddət ərzində
sərbəst buraxılacağı ehtimal edilir. “Synergy”nin saxlanılan digər
əməkdaşlarından ikisi isə ev dustaqlığına buraxılıb. Nədənsə Alen Simonyanın
qardaşı arvadı haqqında məhkəmə tələm-tələsik həbs qərarı verib.
Hadisələrin gedişatı bir daha sübut edir ki, Paşinyanla Simonyanın maraqları
haradasa toqquşub. Eyni zamanda qeyd etmək lazımdır ki, baş nazir guya qanunla
bağlı ciddi problem yarananda komanda yoldaşlarına belə aman vermədiyini
cəmiyyətə göstərmək üçün bu şouya əl atıb. Bu şouda isə əziyyət çəkən “günah
keçiləri” olur. Bu dəfə “günah keçisi” Simonyan ailəsidir. Bəzi mütəxəssislərin
fikrinə görə, “Synergy” şirkətinin yüksək texnologiyalar sahəsində sui-istifadə
halları çoxdan məlumdur və bu səs-küy artıq Ermənistan hüdudlarından da kənara
çıxıb. Belə hal isə Paşinyanın özünə də zərbə vurub. Odur ki, baş nazir məsələ
ilə bağlı ciddi seçim qarşısında qaldığı üçün həbs rıçaqından istifadə edib.
“Report” İnformasiya Agentliyi