Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov
Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz
hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə
Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış
tədbirləri başlayıb.
Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən
saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan
Pənahovun atası ilə əlaqə yaradıb.
Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş
aparır:
“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan
nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat
deyilmir.
Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və
müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi
övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.