Ermənistanın Gümrü şəhərində yaş yarımlıq qız uşağının tükürpədici ölümünün təfərrüatı məlum olub.
Bu barədə “Sputnik Armenia” ölkənin İstintaq Komitəsinə istinadən yazır.
Əl-ayağı yapışqan lentlə bağlı olan körpənin cəsədi avqustun 31-də, Gümrünün “yataq” rayonlarından (sakinlərin gündəlik uzaq məsafəyə işə gedib evə yalnız gecələmək üçün gəldiyi yaşayış məntəqələri) birində zibillikdə aşkar olunub. Qızın bədənində zahiri zorakılıq əlamətləri olmayıb. Uşağın 20 yaşlı anası qətldə şübhəli bilinərək saxlanılıb.
İlkin istintaqla müəyyən edilib ki, avqustun 30-u saat 23:30-00:00 radələrində 20 yaşlı ana 2018-ci ildə doğulmuş qızını öldürmək niyyəti ilə körpəni öz mənzilində yapışqan lentlə bağlayıb, ağzını ətəklə sarıyaraq zibil konteynerinə tullayıb və üstünü zibillə örtüb. Nəticədə, uşaq ölüb.
Bir müddət öncə qadın övladını uşaq evinə vermək üçün Şirak vilayət administrasiyasına müraciət edib. O, niyyətini ərinin, valideynlərinin və işinin olmaması ilə əsaslandırıb.
Şirak vilayət administrasiyasında ona yemək, geyim və pulla yardım etmək, hətta işlə təmin etmək təklif olunub. Qadın uşağın onunla qalacağına görə çox məmnun olub, lakin növbəti gün yenidən fikrini dəyişib. Bununla yanaşı, o, yazılı şəkildə uşaqdan imtina etməyib.