Ermənistanda vakxanaliya başlayacaq – ŞƏRH

Ermənistanda vakxanaliya başlayacaq – ŞƏRH

Baxış sayı: 2. 523 dəfə baxılıb.

Yaxın həftələrdə Nikol Paşinyan ya parlamentlə danışıqlara getməyə, ya da onlara qarşı etirazçı kütlə ilə güc tətbiq etməyə məcbur olacaq. 

Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında rusiyalı bloqer, siyasi şərhçi Denis Korkodinov deyib. 

Ermənistan Milli Məclisi dünən yeni baş nazir seçməyib. Bu posta yeganə namizəd olan Məxməri İnqilabın lideri Nikol Paşinyan lazım olan səs sayını qazana bilməyib. Onun lehinə 45, əleyinə 55 deputat səs verib. 

Milli Məclisin növbəti iclası mayın 8-də baş tutacaq. 

Rusiyalı analitik yaranmış vəziyyətdə qan tökülmə təhlükəsinin olduğunu deyib.

Onun proqnozlarına əsasən, bu gün kütləvi tətillərlə əlaqədar Ermənistanda nəqliyyat iflic olacaq. 

“Aksiyaların lideri məğlubiyyətini qəbul etməyərək, növbəti dəfə xalqı hakimiyyətə qarşı qaldırmağa çalışacaq. 

Bu vəziyyətdə ölkədə qan tökülmə təhlükəsi yaranır, çünki uzunmüddətli etirazlarda insanların əsəbləri daralır və onlar rəqiblərinə qarşı fiziki gücdən istifadə edə bilərlər”, – ekspert bildirib. 

Ekspert hesab edir ki, hadisələr Məxməri İnqilab liderinin düşündüyü kimi inkişaf etməyə də bilər.

“Kütlə öz liderinə qarşı çıxmaqla onu hakim mövqedən uzaqlaşdıra və yeni lider ortaya çıxara bilər.

Başqa cür desək, Paşinyan hakimiyyətə gəlmək üçün xalqdan istifadə etməklə riskə gedir”, – o qeyd edib.

Korkodinov əlavə edib ki, Respublika Partiyası Paşinyanı baş nazir seçməkdən imtina etməklə özlərini təhlükə qarşısına qoyur.

“Belə ki, qan tökülməsi halında əsas iradlar respublikaçılara tərəf yönələcək. 

Bu vəziyyətdə Respublika Partiyasının deputatlarını Ukrayna obrazında “lustrasiya” gözləyir. 

Deputatlar düşünürlər ki, Nikol Paşinyanın baş nazir seçilməsindən sonra onlar eyni aqibətlə üzləşə bilərlər.

Məxməri İnqilab həlledici mərhələyə daxil olur. Bu proseslərdə Nikol Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar qaçılmaz olacaq”, – analitik qeyd edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com