8f7741e3-ae87-4693-aac8-17f751c645cb..jpg

Ermənistanı silahlandıran Fransanın mallarını niyə boykot etmirik? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 644 dəfə baxılıb.

Ermənistanı silahlandıran Fransanın mallarını niyə boykot etmirik? – ARAŞDIRMA
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Gürcüstan vasitəsilə Ermənistana silah göndərməsi Azərbaycan
mətbuatında və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Ekspertlər və
təhlilçilər Fransanın son zamanlar, xüsusilə, ölkəmizə qarşı yönələn bu tipli
addımlarına ciddi cavab verilməsinin vacibliyi haqqında fikirlər
səsləndirirlər. Hətta bəzi təkliflər arasında Fransa istehsalı olan məhsulların
boykot edilməsi, Azərbaycana bu ölkədən ixrac edilən məhsullara məhdudiyyət
qoyulması təklifləri də var.

Maraqlıdır, regionda münaqişə ocağını qızışdırmaq niyyəti güdən rəsmi Parisə
cavab tədbirləri necə olmalıdır? İqtisadi əngəllər haqqında təklifləri real
qəbul etmək mümkündür?

Bununla bağlı fikirlərini Cixisyolu.com-la bölüşən Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüTural Gəncəliyev
diqqətə çatdırıb ki, Fransanın Ermənistanı silahlandırması “Bastion” adlı hərbi
texnikanın bu ölkəyə ötürülməsi, demək olar, təsdiqlənib. Görünür, Fransa artıq
aqressiv ritorikadan təhlükəli hərbi element kimi Ermənistanı silahlandırma
mərhələsinə qədəm qoyub. Deputatın fikrincə, bu, regionumuzda çox təhlükəli bir
tendensiyanın yaranmasına səbəb ola bilər:

“Belə ki, Fransa regionda yaranmış yeni reallığı, haqq-ədalətin qalib
gəlməsini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını həzm edə
bilmir. Beləliklə, regionda güc balansını dəyişməyə yönəlik aqressiv addımları
ilə yenidən münaqişə ocaqları yaratmaq istəyir. Ermənistan isə maşa, alət
rolunda istifadə olunur. Fransanın aqressiv siyasəti, destruktiv hərbi
planları, regionu hərbiləşdirmək, Ermənistanı yenidən revanşizmə, müharibəyə
sürükləmək istəyi anlaşılır. Rəsmi İrəvanın isə üzləşdiyi acı nəticələrdən
sonra yenidən Fransanın protejesi roluna düşməyi qəbuledilməzdir. Çünki
Ermənistan həmin ölkədir ki, 30 il əl çəkmədiyi işğalçılıq siyasətinə, müharibə
istəyinə görə ağır nəticələrlə üz-üzə qaldı. İqtisadiyyatı darmadağın olunmuş,
hərbi gücü bitmiş, insan resursları ciddi xələl görmüş Ermənistanda iqtisadi
rəzillik, sosial fəlakət o həddə gəlib ki, əhali emiqrasiya edərək, xaricə
köçür. Xüsusilə, 44 günlük müharibə və 24 saatlıq antiterror tədbirlərindən
sonra Ermənistanın Azərbaycana qarşı hərbi konfrontasiya yaratması ona baha
başa gələcək. Bütün bunlara baxmayaraq, Ermənistanın hərbi-siyasi elitası yenə
avantüraya, populist siyasətə meyil edir, tələyə düşür. Bizə yalnız bir daha
xatırlatmaq qalır ki, Ermənistanı silahlandıran, istər Hindistan, istər Fransa
olsun, həmin silahlar regiondakı geopolitik reallığı dəyişə bilməyəcək”.

Tural Gəncəliyev düşünür ki, Fransa dünyanın müxtəlif coğrafiyalarındakı
məğlubiyyətinin əvəzini məhz Cənubi Qafqazda çıxmaq istəyir:

“Makron hakimiyyətinin, Fransanın cari iqtidarının öz seçiciləri qarşısında
reytinqini qaldırmaq, nüfuzunu artırmaq, ölkənin hazırda çox aşağı səviyyədə
olan hərbi-siyasi nüfuzunu hansısa yolla kompensasiya etmək cəhdləri tamamilə
iflasa uğrayacaq. Çünki Ermənistanın silahlandırılması təkcə Azərbaycan
əleyhinə atılan addım deyil. Bu, eyni zamanda “3+3” arxitekturasına
müdaxilədir. Fransanın addımları region ölkələrinin hər biri üçün konkret
təhdid yaradır.

Bir məqamı da vurğulamaq yerinə düşər. Hansısa bir eskalasiya halında Fransa,
yaxud “dünya erməniliyi”nə dəstək verən qüvvələr, güc mərkəzləri Ermənistanı
bir alət, maşa kimi istifadə edib, işi bitəndə kənara qoyacaqlar. Nəticədə
Ermənistan yenə də regiondakı vəziyyətlə üzbəüz qalacaq. Bu baxımdan,
Ermənistan siyasi elitasının, liderlərinin növbəti dəfə məntiqsiz
davranışlarını, qeyri-uzaqgörən planlarını müşahidə edirik”.

Fransaya cavab olaraq atıla biləcək addımlara gəlincə, deputat xatırladıb ki,
Azərbaycan kifayət qədər nüfuza malikdir:

“Biz Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və s.
beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər nüfuz və söz sahibiyik. Bunun
sayəsində Fransanın addımlarını neytrallaşdırmaq, əks addımlar atmaq
iqtidarındayıq. Ona görə rəsmi Parisin beynəlxalq təşkilatların nüfuzuna xələl
gətirən davranışlarını ifşa etməliyik.

Bundan başqa, iqtisadi addımlardan daha çox, siyasi-diplomatik tədbirlərin
səmərə verəcəyini düşünürəm. Fransanın ərazisində yerləşən beynəlxalq
təşkilatların, parlament institutlarının qərargahlarının həmin ölkədən
çıxarılması məsələsini qaldırmaq lazımdır. Çünki Fransa beynəlxalq
hüquq-parlamentarizm prinsiplərindən kənara çıxır. Bu ölkənin haqqı yoxdur ki,
səviyyəli beynəlxalq təşkilatlar Strasburqda, Parisdə qalsın.

Həmçinin, Fransanın Birləşmiş Millətlər Təşkilatının daimi üzvlüyünə layiq
olmadığı məsələsini qaldırmaq lazımdır. Bunu biz parlamentarilər olaraq, həm
mediada, həm beynəlxalq təşkilatlarda çıxışlarımızda həmişə diqqətə
çatdırmalıyıq. Fransanın vaxtilə koloniyası olmuş ölkələrdə törətdiyi
vəhşiliklər, genosidlər, insan hüquqlarının pozulması faktları gündəmə
gətirilməlidir. Biz keçmiş müstəmləkə ölkələri ilə əməkdaşlığı artırmalıyıq.

Fransanın Frankofoniya təşkilatı çərçivəsində ölkəmizə qarşı islamofobiya,
türkofobiya, azərbaycanofobiya yaydığını ifşa etmək lazımdır. Çünki biz
Frankofoniya təşkilatının yalnız fransızdilli ölkələrin mədəni, humanitar
məsələlərini müzakirə etmək məqsədilə yaradıldığını elan edən Fransanın
səmimiyyətinə inanmırıq. Fransa bu təşkilatdan “yumşaq güc” taktikası kimi,
qarayaxma kampaniyasında istifadə edir. Məsələn, Ermənistan kimi frankofoniyaya
heç bir aidiyyəti olmayan, qeyri-fransızdilli ölkənin Frankofoniya təşkilatında
müşahidəçi üzv kimi çıxış etməsi məntiqsiz təşəbbüsdür”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Cixisyolu.com-a açıqlamasında Fransa
məhsullarının boykot edilməsi təkliflərini rəqəmlərə əsasən dəyərləndirərək,
məsələnin iqtisadi nəticələrini təhlil edib:

“Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon
dollarını Azərbaycan alıb. Bu isə 0,03 faiz deməkdir. Yəni Fransanın mal satıb,
qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz
vermişik.

Tutaq ki, boykot qərarı verildi, yenə də biz öz boykotumuzla bu 3 qəpiyin
maksimum 1 qəpiyini azalda biləcəyik. Yəni cibində 100 manat olan adama 1 qəpik
zərər dəyər. Bu da heç zərər deyil, biz almasaq, başqasına satacaq.

Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi
baxımdan vəziyyət başqa şey deyir. Bu ilin altı ayı ərzində Fransa ilə ticarət
dövriyyəmiz 3,6 dəfə, yəni 260 faiz artıb.

Odur ki, Fransa kimi dövlətin iyrənc hərəkətlərinə qarşı mübarizə siyasi
arenada effektiv ola bilər, iqtisadi arenada deyil”.

Aysel Aslan

Source link