2e3140df-e5e7-4207-a86f-4aacc4389e26..jpg

Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb

Baxış sayı: 832 dəfə baxılıb.

Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb

“Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində
itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və
ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib.

“Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları
daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir
formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ
müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması
sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ
müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və
bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin
düşüblər. Yəni bu, o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox
Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər,
onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər”, –
deyə İsmayıl Axundov bildirib.

O qeyd edib ki, üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə
müəyyən addımlarına şahid olublar, ancaq bu, itkin düşmüş şəxslərin tapılması
və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz:

“Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının
verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin
yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun
ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu
qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün
olmur”.

Dövlət Komissiyasının katibi vurğulayıb ki, qarşı tərəf hazırda Rusiya
sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci
ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə
aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib:

“Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş
müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit
qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib”.

Source link