b2f58489-51f3-49ff-8eb9-b62f7fb88ae6..jpg

Ermənistanın fiaskoya uğrayan enerji təhlükəsizliyi – ŞƏRH + FOTO

Baxış sayı: 588 dəfə baxılıb.

Ermənistanın fiaskoya uğrayan enerji təhlükəsizliyi – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə yiyələnən Nikol Paşinyanın seçki
platforması və vədləri ard-arda fiaskoya uğramaqda davam edir. Baş nazir
hökuməti quranda korrupsiya və rüşvətə qarşı ciddi mübarizə aparacağına söz
versə də, son ildə Ermənistan İstintaq Komissiyasının açıqlamalarına görə,
rüşvət və korrupsiya ilə bağlı açılan cinayət işlərinin sayında ciddi artım
müşahidə edilir. Məsələ bununla da bitmir. Ümumiyyətlə, seçki platformasında
qeyd edilən xarici əlaqələr, ticarət, istehsal, xarici sərmayə, yeni istehsal
müəssisələrinin açılışı, sosial problemlər və işsizliklə mübarizə ilə bağlı
proqramların heç biri icra edilməyib. Son günlər isə erməni cəmiyyətini
hiddətləndirən odur ki, Nikolun söz verdiyi enerji təhlükəsizliyi məsələsi də
fiaskoya uğrayıb.

Əslində, 2023-cü ildə Ermənistanın enerji təhlükəsizliyi məsələləri ilə
birbaşa bağlı olan bir sıra açıqlamalar və yeniliklər çox olub. Məsələn,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Metsamor” AES-in ölkəsi üçün təhlükəli
olduğunu bəyan edib. Rəsmi Bakı da bu bəyanatı dəstəkləyib. ABŞ Ermənistanda
kiçik reaktorlu nüvə generatorlarını quraşdırmağa söz verib. Tbilisidə
keçirilən “İpək yolu” beynəlxalq konfransı çərçivəsində energetika nazirinin
müavini Hakob Vardanyan bildirib ki, ölkəsi Azərbaycandan qaz ixrac etməyə
hazırdır. Rusiya Ermənistandakı AES-ə sərmayə qoymağa hazır olduğunu qeyd edib.
İranla enerji sahəsi ilə bağlı bir sıra danışıqlar da aparılıb. Amma bütün
bunlar söz olaraq qalıb. Cari ildə hökumət enerji təhlükəsizliyi ilə bağlı
sahədə heç bir gözədəyən addım atmayıb. Danışıqlar, müzakirələr elə masadaca
qalıb.

Məsələn, Paşinyan kabineti bəyan edib ki, İranla inşa edilən üçüncü
yüksəkgərginlikli xətt bu ilin sonuna qədər istifadəyə veriləcək. Amma ortada
nə fal var, nə də yumurta. Qeyd etmək yerinə düşər ki, sözügedən xəttin
istifadəyə verilməsi 2019-cu ildə baş tutmalı idi. Amma naməlum səbəblərdən
layihə hər il təxirə salınaraq, 2023-cü ilə qədər gəlib çatıb. Görünür, bu il
də verilən vəd, danışılan söz havada qalacaq. İranın isə başı Azərbaycan və
Rusiya ilə reallaşdırılması planlaşdırılan elektrik enerjisi layihəsinə qarışıb.

Ermənistanın enerji sahəsi hazırda bərbad vəziyyətdədir. Bu sahə daim
investisiya tələb etsə də, son illər hökumət tərəfindən bu strateji qola heç
bir sərmayə qoyulmayıb. Sistemin fəaliyyəti üçün yeniliklər, innovasiyalar,
təmir işləri həyata keçirilməli, bunun sayəsində də iqtisadiyyat şaxələnməli,
genişlənməlidir. Paşinyan komandasının “icra etdiyi” işlər isə hələlik kağız
üzərində qalmaqda davam edir. Ermənistanın isə enerji şəbəkəsi həddən artıq
köhnəlib və təmiri üçün heç bir addım atılmır. Sərt qış aylarında bu köhnə
şəbəkənin nə qədər dözümlü olacağı, yüklənmələrə tab gətirib-gətirməyəcəyi
böyük sual altındadır.

İşin maraqlı tərəfi isə odur ki, elektrik enerjisi ixracı planları ilə bağlı
heç bir iş görülmür. Amma əvəzində az qala hər həftə energetika və iqtisadiyyat
nazirliyi müxtəlif rəsmilərinin ağzı ilə bol-bol açıqlama verir. Bildirilir ki,
İrandan alınması planlaşdırılan təbii qaz vasitəsilə elektrik enerjisi istehsal
ediləcək və bu, sonradan digər dövlətlərə ixrac ediləcək. Amma hələlik ortada
heç bir qaz alışı və enerji istehsalı nəzərə çarpmır. Paşinyan komandası bu
məsələdə də vədinə xilaf çıxmır. Boş sözlə baş qatmaqda davam edir.

Atom Elektrik Stansiyası ilə bağlı ABŞ-nin kiçik modul tipli stansiyalar inşa
edəcəyinə dair razılaşmanı rəsmi İrəvan az qala son 10 ilin ən uğurlu layihəsi
kimi sırımağa çalışırdı. Amma sonradan üzə çıxan məqamlar bu planın da fiaskoya
uğradığını sübut etdi. Sözügedən modul zavodlarının tikintisi ABŞ ərazisində
qadağan edilib. Hələlik sınaq mərhələsini belə keçməyib və ciddi təhlükəsizlik
problemləri var. Görünür, Ermənistan bu məsələdə Birləşmiş Ştatların təcrübə
dovşanı olacağını dərk edib. Bu səbəbdən də artıq erməni KİV-də kiçik modul
tipli stansiyalarla bağlı tənqidi yazılara start verilib.

Ümumiyyətlə, Rusiya ilə münasibətləri pisləşdirmək Ermənistanın enerji
sektoruna ciddi ziyan vurub. Çünki Kreml qəzəbini bu rıçaqlarını işə salmaqla
çıxa bilər və həm təbii qazın, həm də uranın qiymətlərində ediləcək artım rəsmi
İrəvan üçün ciddi problemlə çevrilə bilər. Hazırda şimal qonşumuz qərb
qonşumuza 1 000 kubmetr qazı 175 dollara, yəni dünya bazarındakı qiymətlərdən
çox aşağı qiymətə satır. Bundan əlavə, erməni hökuməti AES üçün uranı da dünya
bazarı qiymətlərindən aşağı idxal edir. İki dövlət arasında mövcud siyasi
problemləri nəzərə alsaq, bu tip danışıqların gələn il baş tutacağına heç
erməni siyasi elitası da artıq inanmır. Erməni iqtisadçılar etiraf edirlər ki,
Moskva və İrəvan arasında məsələ ilə bağlı ciddi danışıqlar gedir və gələn
siqnallar heç də ürəkaçan deyil. 2024-cü ildən qazın və zənginləşdirilmiş
uranın qiymətinin indikindən daha çox artacağı ehtimalı kifayət qədər yüksəkdir.

AES-dən söz düşmüşkən, Rusiya bu sahədə inhisarını əldən vermək niyyətində
olmadığını artıq sübut edib. İrəvan və Moskva Ermənistan AES-nin 2 saylı enerji
blokunun istismar müddətinin yenidən uzadılması üzrə tədbirlər kompleksinin
həyata keçirilməsi üçün çərçivə müqaviləsi imzalayıblar. Bir müddət əvvəl isə
“Rosatom Servis”lə stansiyanın 2036-cı ilə qədər xidmət göstərməsi ilə bağlı
layihənin işə düşəcəyi bildirilmişdi. Layihənin dəyəri isə 65 milyon dollardır.
Təbii ki, bu vəsaitin əsas hissəsi Kreml tərəfindən ödəniləcək və ABŞ ilə atom
enerjisi sahəsində xam xəyala düşən Paşinyan hökuməti yenidən Moskvanın
boyunduruğuna keçəcək. Qeyd etmək yerinə düşər ki, Ermənistanın istifadə etdiyi
elektrik enerjisinin çox böyük hissəsi məhz bu AES tərəfindən ödənilir.
Qısacası, şimal qonşumuzun dəstəyi olmasa, qərb qonşumuzun enerji sistemi qısa
müddətə fəlakətlə üzləşə bilər.

İrəvanda isə yeni “İrəvan İES-2”in inşa ediləcəyinə ümidlə baxırlar. Amma hər
zaman olduğu kimi, layihə masada qalıb. Stansiya bu il inşa edilməli olsa da,
heç bünövrəsi də qoyulmayıb. Bununla yanaşı, dövlət proqramlarına nəzər salsaq,
görərik ki, SES-lərin inşasına heç bir dram da sərmayə qoyulmayıb. Son beş il
ərzində isə bir dənə də olsun İES inşa edilməyib. Göründüyü kimi, Nikol
Paşinyan hökumətinin boş vədləri və Rusiya ilə münasibətləri korlama siyasəti
Ermənistanın enerji təhlükəsizliyini çətin vəziyyətə salıb. Səhvini düzəltmək
üçün isə erməni siyasi elitası hərəkətə keçib. Artıq tərəflər arasında yeni
atom enerji bloklarının inşası barədə danışıqlar gedir. Bu isə Ermənistanın
enerji sahəsinin və təhlükəsizliyinin kimin nəzarəti altında hələ uzun müddət
qalacağına işarədir.

“Report” İnformasiya Agentliyi

Source link