96028540-242c-4181-9d48-81dfbe1c0fac..jpg

Ermənistanın hüquq müdafiəçiləri “demokrat” Paşinyana qarşı – ŞƏRH + FOTO

Baxış sayı: 656 dəfə baxılıb.

Ermənistanın hüquq müdafiəçiləri “demokrat” Paşinyana qarşı – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan Avropaya çoxsaylı səfərləri zamanı
ölkəsində insan hüquq və azadlıqlarından ağızdolusu danışır, hətta Cənubi
Qafqazda “demokratiyanın çırağı” olduqlarını iddia etməkdən çəkinmir. O, “qoca
qitə”ni cəfəngiyat dolu bəyanatlarına inandırmağa çalışır, təəssüf ki,
əksəriyyət də ona inanır. Ölkənin nüfuzlu hüquq müdafiəçiləri isə hökumət
başçısının bu mövqeyini bölüşmür. Mütəmadi olaraq polis zorakılığı, sərt
qanunların qəbulu və cəza tədbirlərinin artdığını gündəmə gətirirlər. Artıq bu
etirazlar kütləvi xarakter almağa başlayıb. İş o yerə çatıb ki, onlar
ümidlərini Paşinyanı “demokrat” gözündə görən Qərb dövlətlərinə dikiblər.
Söhbət bir qrup hüquq müdafiəçisinin ölkədə akkreditə olunmuş diplomatik
nümayəndəliklərə ünvanladıqları məktubdan gedir. Məktubda insan haqlarının
kobud şəkildə pozulduğu vurğulanır. Onlar ümidvardırlar ki, Ermənistanı “Cənubi
Qafqazda demokratiya qalası”, “köklü islahatların həyata keçirildiyi ölkələr”
sırasına daxil edən Qərb strukturları bu qalmaqallı müraciətdən sonra
mövqelərinə yenidən baxacaqlar.

Erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkədə yazıb ki,
qaldırdıqları məsələlərin beynəlxalq tərəfdaşların diqqət mərkəzində olacağına
ümid edirlər. Bəzilərinə cavab gəlsə də, mahiyyət açıqlanmayıb. Görünür, cavab
onları qane etməyib.

Reallıq odur ki, meydanlardan hakimiyyətə gələn N.Paşinyan hökuməti artıq
ünvanına səslənən tənqidləri qəbul etmir. Etiraz aksiyalarında polis
zorakılığı, müxalifət nümayəndələrinə qarşı cəza tədbirləri də bu qənaəti
gücləndirir. Hakimiyyət polisə son aylarda xüsusi imtiyazlar verməkdədir.
Yayılan məlumatlara görə, həbsxanalarda saxta və uydurma ittihamlarla, siyasi
motivli və qondarma cinayət işi ilə əlaqədar 50 nəfərdən çox şəxs saxlanılır.
Hüquq müdafiəçilərinin məktubunda bu məsələyə də toxunulur. Özü də həmin hüquq
müdafiəçiləri daha çox Qərbə yaxınlıqları ilə seçilən şəxslərdir. Adətən bu tip
ittihamlar səslənəndə Paşinyan mediası dərhal onları rusiyapərəstlikdə ittiham
etməyə çalışır. Bu dəfə isə hakimiyyət hüquq müdafiəçilərinin məktubuna nədənsə
reaksiya verməyib. Həm də onlar Rusiyadan başqa bütün diplomatik
nümayəndəliklərə məktub göndəriblər. Yəqin elə bu səbəbdəndir ki, Qərb
dövlətləri və tabeliyində olan təşkilatlar susqunluq nümayiş etdirir. Nə ABŞ,
nə də Fransa dövlətlərinin səfirliklərindən həmin hüquq müdafiəçilərinə cavab
verilib.

Qeyd edək ki, Ermənistanda insan hüquq və azadlıqlarının pozulduğuna dair ABŞ
Dövlət Departamentinin 2022-ci ildə hazırladığı hesabat var. Hesabatı Nikol
Paşinyan və komandası üçün “sarı kart” hesab etmək olar. Təəssüf ki, üstündən
bir müddət keçdi və sanki bu hesabat olmayıbmış kimi, hər şey unuduldu. Bu
qənaətdə olanlar arasında Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Nina
Karapetyants da var. Onun sözlərinə görə, hesabat müəllifləri ölkədə insan
haqları ilə bağlı vəziyyəti adekvat hesab ediblər. “Sistemli korrupsiya”
anlayışını da məhz ABŞ tərəfinin gündəmə gətirdiyi vurğulanıb.

“Qolos Armeniya” nəşrində dərc olunan məqalədə isə “Ermənistan Paşinyanın
hakimiyyəti dövründə hüquqi dövlət statusunu itirib” fikri əksini tapıb. Bu da
hüquq müdafiəçilərinin yanaşması ilə üst-üstə düşür. “Ölkədə artıq ədalət
yoxdur. Hər şey bitdi. Məhkəməni siyasi mübarizə alətinə çevirən hakimiyyət
hüququn əsasını məhv edir, onu tam deqradasiya vəziyyətinə gətirib çıxarır”, –
deyə həmin qəzet yazır. Qəzet müstəqil hakimlər, məhkəmə islahatlarına dair
vəziyyəti isə “uşaqlara oxunan nağıl” adlandırır. Əlavə edilir ki, reallıqda
Ermənistan Apellyasiya, Ali Məhkəmə, Kassasiya və Antikorrupsiya məhkəmələri,
birinci instansiya məhkəmələrinə Paşinyan rəhbərlik edir. Ölkədə baş və yeganə
hakimin Nikol Paşinyan olduğu irəli sürülür.

Beləliklə, Paşinyanın demokratik dəyərlərə uyğun olmayan siyasi addımlar
atdığını artıq ölkənin hüquq müdafiəçiləri açıq bəyan edirlər. Ölkədə
demokratik hakimiyyət yoxdur, sadəcə, Qərbin əlinə oynayan marionet var.

Hüquq müdafiəçilərinin N.Paşinyan hökumətini tənqidi ciddi, ajiotaj doğurası
hadisədir. İlk dəfədir ki, ölkənin müstəqil, Rusiya ilə bağlılığı olmayan hüquq
müdafiə təşkilatları “inqilabçı”, “demokratik” Paşinyan hakimiyyətindən Qərbin
səfirliklərinə etiraz çatdırıblar. Çox güman ki, həmin diplomatik nümayəndələr
də, sadəcə ölkələrinin maraqlarından çıxış edəcək, məktuba reaksiya
verməyəcəklər. Lakin istənilən halda təşəbbüsü hakimiyyət üçün ciddi siqnal
kimi dəyərləndirmək olar.

“Report” İnformasiya Agentliyi

Source link