Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət ağzına su alıb
oturur – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz
regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var.
Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır.
Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin
bərpasına və sülh perspektivinin gündəlikdə olmasına baxmayaraq, qarşı tərəfin
mina terroru davam edir. Mülki Azərbaycan vətəndaşları müntəzəm olaraq
Ermənistanın mina terrorunun qurbanına çevrilirlər. Elə dünən də dörd mülki
şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək ağır xəsarətlər alıb.
Onlardan birinin hər iki ayağı amputasiya olunub. Beləliklə, ölkədə
Ermənistanın mina terroru qurbanlarının sayı 350-yə çatıb.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda
beynəlxalq ictimaiyyətə müraciət edib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət
Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini
birləşdirməlidir.
“Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların
həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs
növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi
genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin
qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini
sarsıdır”, – XİN-in məlumatında deyilib.
Həmçinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) da məsələyə
münasibət bildirib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın mina
terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim
edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir.
Məsələ ondan ibarətdir ki, rəsmi Bakının bütün səylərinə baxmayaraq, İrəvan
hələ də minalı ərazilərin dəqiq xəritəsini vermir. Ermənistan ya vaxtı uzatmağa
çalışır, ya da Azərbaycana qeyri-dəqiq topoqrafik materiallar verir.
Beynəlxalq ictimaiyyət adlandırdığımız təşkilatlar və ya güclər isə “ağzına su
alıb oturublar”. Başqa sözlə, demokratiyadan, insan haqlarından ağızdolusu
danışan, həmçinin Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı özlərinin
“xidmət”lərini təklif edən Qərb gücləri, o cümlədən Avropa İttifaqı (Aİ), ABŞ,
Fransa Ermənistanın mina terroruna səssiz yanaşırlar. Bu isə təkcə humanist
məsələ deyil. Həm də beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki mina və
partlamamış hərbi sursatların tətbiqi ilə bağlı beynəlxalq humanitar hüquqda da
xüsusi maddələr var. Bu məsələ barədə dəfələrlə müxtəlif qanunlar, aktlar qəbul
olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısının plenar iclasında çıxış
edən Prezident İlham Əliyev Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş
ölkələr sırasında olduğunu bəyan edib. Bununla yanaşı, rəsmi Bakı Azərbaycanın
mina terrorundan ciddi şəkildə əziyyət çəkdiyini dəfələrlə beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırıb. Lakin görünən odur ki, onlar Azərbaycanın
çağırışlarını nə görür, nə də eşidirlər. Əks halda, minalı ərazilərin dəqiq
xəritələrinin Azərbaycana verilməsi ilə bağlı çoxdan Ermənistana təzyiq
göstərərdilər.
Davam edən mina terroru və səhih xəritələrin Bakıya verilməməsi nələrə səbəb
olur? Birincisi, günahsız insanlar həlak olur və yaralanırlar. İkincisi, bu,
sülh gündəliyinə xələl gətirir, formalaşmaqda olan etimad mühitinə zərbə vurur.
Üçüncüsü, beynəlxalq aktorların səmimi vasitəçilik təşəbbüslərini sual altına
qoyur. Dördüncüsü, dünyada ikili standartların davam etdiyini göstərir. Onlar
Cənubi Qafqazda sülhün təmin olunmasında səmimidirlərsə, qurbanların sayı
artmadan minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini təmin
etməlidirlər.
Bundan başqa, regionda sülh istədiyini bəyan edən Ermənistan hökuməti də bu
barədə düşünməlidir. Çünki azad olunmuş ərazilərdə hər növbəti mina partlayışı
Ermənistanın və beynəlxalq ictimaiyyətin səmimiliyini daha böyük sual altına
salır.
“Report” İnformasiya Agentliyi