9fc1774d-2e3c-467b-a1d7-fe77ce0bbd21..jpg

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı

Baxış sayı: 568 dəfə baxılıb.

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb.

“Report” xəbər verir ki, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə
mübarizə aparan QHT-ləri birləşdirən “Environmental Protection First”
Koalisiyası bu gün Bakı Biznes Mərkəzində “Ermənistan Respublikasının mineral
xammal resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.

Xəritəni Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3
dildə – Azərbaycan, ingilis və erməni dillərində hazırlayıb. Xəritənin müəllifi
kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, Bakı
Kartoqrafiya Fabrikinin sabiq direktoru, “Azərbaycan Respublikasının Milli
Atlası”nı, “Cənubi Qafqaz. 1903-cü il”, “Qafqaz diyarının xəritəsi – Tiflis
1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri, “Azərbaycan
Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə
ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli “Əmək”
ordeni ilə təltif olunub.

Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini
ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb. Xəritədən aydın görünür ki,
Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi
müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə – Azərbaycanla həmsərhəd,
transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

“Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın və
digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən
vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə Ermənistanın
dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa hazırdır.

Qeyd edək ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin mühüm mövzuya həsr
olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyidir.

Source link