Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda
Vaşinqtondur – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti
fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə
etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər
Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında
konstruktiv mövqe sərgilədiyinə dair ümumi bir təsəvvür yaranmışdı. Lakin
pərdəarxasındakı məqamlar gün işığına çıxmağa başladığı andan Vaşinqton da əsl
simasını göstərməyə başlayıb. Bu qənaətə gəlmək üçün kifayət qədər əsaslar
mövcuddur.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Vədinə xilaf çıxan Vaşinqton
Öncə ondan başlayaq ki, bir neçə ay əvvəl ABŞ xüsusi xidmət orqanları və
Dövlət Departamentinin birbaşa nəzarətində olan mərkəzlər və media orqanları
“Azərbaycan Ermənistana hücuma hazırlaşır” tezisini inkişaf etdirməyə başladı.
Özü də ortaya heç bir fakt, dəlil qoymadan və Bakının sülh danışıqlarına
sadiqliyini bəyan etməsinin fonunda. Konqresdə Dövlət Departamentinin yüksək
vəzifəli rəsmisi Ceyms O Braynın Bakı-Vaşinqton münasibətlərinə kölgə salan
anti-Azərbaycan bəyanatlarının üstündən o qədər də çox vaxt keçməyib. Düzdür,
məlum olaydan sonra tərəflər gərginliyin daha da artmaması üçün ümumi razılığa
gəlsələr də, görünən odur ki, ABŞ-nin Azərbaycana qarşı ikili standartlara
əsaslanan siyasətində elə ciddi bir dəyişiklik yoxdur.
Ermənistanı silahlandırmaqdakı əsas məqsəd
Biz bunu Avropa İttifaqı-ABŞ-Ermənistan üçlüsünün Brüsseldə keçirilən
görüşünün əsl mahiyyətini ifşa edən gizli razılaşmaların gün işığına çıxması
fonunda da müşahidə edirik. İsrarla bu danışıqların iqtisadi dəstək mahiyyəti
daşıdığı bəyan edilsə də, yayılan son sənədlər Ermənistana güclü hərbi dəstəyin
göstərilməsi və ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik strukturunun tamamilə
dəyişdirilməsinin hədəfləndiyi ortaya çıxır. Təbii ki, Ermənistana birbaşa
hərbi yardımların edilməsinin kimə qarşı istiqamətləndiyi heç kimə sirr deyil.
İrəvanın “düşmən” obrazında dünyaya təqdim etdiyi əsas dövlət Azərbaycandır.
Halbuki bu gün Ermənistanın düşdüyü vəziyyətin əsl səbəbkarı İrəvanın 30 ildən
artıq davam edən işğal siyasətidir. Bu reallığı illərlə mənasız danışıqlarla
torpaqlarımızı Ermənistana güzəştə getmək üçün Bakıya bağlı qapılar arxasında
təzyiqlər göstərən ABŞ də gözəl bilir. Hansı ki, uzun illər bədnam Minsk
Qrupunun əsas həmsədrlərindən biri olub.
ABŞ-nin planlarını alt-üst edən həmlə
İndi isə Azərbaycan rus sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə
başlayıb. Özü də qansız, qadasız. Hətta bu prosesin yaşandığı günlərdə Prezident
İlham Əliyevin Rusiyaya işgüzar səfəri və həmkarı Vladimir Putinlə apardığı
müzakirələr Bakının bölgədə real siyasət anlayışını çox uğurla tətbiq etdiyinin
əyani göstəricisidir. Bununla belə, dünyanın hər yerində rus əsgərini özünün
milli maraqlarına təhdid kimi görən Vaşinqtonun sülhməramlıların Qarabağı tərk
etməsinə göstərdiyi reaksiya çox qəribədir. Əslində bu yanaşmanın özü də məkrli
planların mövcudluğundan xəbər verir. Çünki Ağ Evin planlarında rus
hərbçilərinin mövcudluğu Bakı ilə Moskva arasında gələcək siyasi və hərbi
gərginliyin əsasını təşkil etməli idi. Əsrlər boyu formalaşmış “ruslar
girdikləri yerlərdən çıxmırlar” tezisinin Qarabağdakı sülhməramlılar timsalında
özünü doğrultmaması Vaşinqtonun bəlkə də yaxın və orta perspektivdə Cənubi
Qafqazı yenidən qaynar qazana çevirmək planlarını alt-üst edib.
ABŞ-nin qarşı çıxdığı layihələr
Bütün bu proseslər fonunda Azərbaycan və Ermənistan ikitərəfli danışıqlar
əsasında illərdir işğal altında qalan dörd kəndimizin geri qaytarılması barədə
razılığa gəlib. Xüsusi vurğulanmalı bir məqam var – məhz ikitərəfli danışıqlar
fonunda, nə Vaşinqton, nə də Brüsselin “tərəfsiz” vasitəçiliyi ilə. Sərhədlərin
delimitasiya prosesinə start verilir. Bu formatın bölgədə sülh və sabitliyə ən
uğurlu töhfə verə biləcək bir müstəvi olduğunu İrəvan da anlayır. Bakı bölgədə
təhlükəsizliyin təminatı rolunda çıxış edə biləcək tranzit nəqliyyat
dəhlizlərinin inkişaf etdirilməsi üçün yeni razılaşmalara imza atır. Buraya həm
Şərq-Qərb, həm də Şimal-Cənub layihələri daxildir. Hansı ki, sülh olacağı
təqdirdə Ermənistanın da iqtisadi inkişafında mühüm rol oynayacaq. Lakin gərgin
beynəlxalq vəziyyət və böyük dövlətlərin şərtlərini digərlərinin milli
maraqlarını nəzərə almadan diktə etməyə çalışması fonunda ABŞ və Rusiyanın
maraqlarının toqquşduğu bu layihələrlə bağlı Vaşinqtonun Azərbaycana qarşı
təzyiqlər göstərdiyi də istisna deyil. Bu günlərdə Konqresə təqdim olunan və
sanksiya tətbiq olunması tələb edilən “siyahı”nı da bu fonda dəyərləndirə
bilərik. Siyahıda Azərbaycanın haqq müharibəsində qəhrəmanlıq göstərən əsas
hərbi rəhbərliyinin, o cümlədən, bəşəriyyətə qarşı hərbi cinayət törətməkdə
ittiham olunan separatçıların məhkəmə prosesində iştirak edən prokurorluq və
hakim heyətinin adlarının əksini tapması hər şeyi açıq şəkildə ortaya qoyur.
Azərbaycan Ukrayna deyil
O da məlumdur ki, bir neçə aydan sonra Ağ Evin yeni sahibini müəyyənləşdirəcək
seçkilər hazırda ABŞ-nin dünya siyasətinə də ciddi təsir edir. Hakimiyyət
uğrunda mübarizə aparanları isə qaynar nöqtələrdə müharibə fəlakəti ilə
üzləşənlərin taleyi o dərəcədə də narahat etmir. Əksinə, Vaşinqtonun
maraqlarına xidmət edən yaşanan bu faciələr daxili siyasi mübarizədə bir
vasitədir. Biz bunu aylardır böyük güclərin hərbi poliqonuna və əzələ nümayişi
meydanına çevrilmiş Ukraynaya hərbi yardımın göstərilməsi oyununun timsalında
da müşahidə edirik. Lakin bir fakt var ki, Azərbaycan Ukrayna deyil.
Dövlətimizin ali rəhbərliyinin siyasi iradəsi və qətiyyəti, zəngin təcrübəsi
Azərbaycan üzərindən qurulan bütün məkrli oyunların əvvəlcədən iflasa məhkum
olacağını şərtləndirən başlıca amildir. İstər Paris, Brüssel, istərsə də
Vaşinqton – bu oyunu quranların kimliyi rəsmi Bakı üçün elə də böyük fərq
etmir…