3f0639db-a048-4ac9-b705-097a7ade0331.jpg

Ermənistanın Tərtərdə törətdiyi terrordan dörd il ötür

Baxış sayı: 229 dəfə baxılıb.

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda terror törətməsindən dörd il
ötür.

Cixisyolu.com xatırladır ki, 2020-ci il oktyabrın 15-də, saat 13 radələrində düşmən
Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriyadan intensiv atəşə tutub.

Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda

qeyd olunub ki, həmin vaxt dəfn mərasimində iştirak edən şəhər sakinləri –
1989-cu il təvəllüdlü Pərviz Novruz oğlu Orucov, 1962-ci il təvəllüdlü Vasif
Bahadur oğlu Rüstəmov və 1988-ci il təvəllüdlü Şakir Xasay oğlu Zamanov həlak
olub, Fizuli Əli oğlu Məmmədov, İsgəndər Yelmar oğlu Əmirov, Elsevər Vəli oğlu
Allahverdiyev, Nofəl Yelmar oğlu Əmirov və Rəfael Qəzənfər oğlu Qəzənfərli isə
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan 1967-ci il təvəllüdlü İsgəndər Yelmar oğlu Əmirov bir neçə saat
sonra dünyasını dəyişib.

Məlumatda Ermənistan silahlı qüvvələrinin oktyabrın 10-u saat 12:00-dan
etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən
1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud
şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam
etməsi bir daha vurğulanıb.

Əzizə İsmayılova

Source link