9f56b7f2-a35a-4e5f-afea-ddc017a3a10d..jpg

Ermənistanın tarixi səhvi: Paris İrəvanı aldadır – ŞƏRH + FOTO

Baxış sayı: 910 dəfə baxılıb.

Ermənistanın tarixi səhvi: Paris İrəvanı aldadır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilən
birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sülh üçün unikal
imkan yaranıb. Bunu Ermənistan özü də etiraf edir. Rəsmi Bakı regional
əməkdaşlıq mühitinin təmin olunması və sülh sazişinin imzalanması üçün bütün
səylərini ortaya qoyur. Buna baxmayaraq, 44 günlük savaşın üzərindən üç ildən
çox vaxt keçməsinə rəğmən, hələ də sülh sazişi imzalanmayıb.

Bunun obyektiv və subyektiv səbəbləri var.

İlk növbədə, konkret bir səbəb barədə – Fransa-Ermənistan münasibətlərindən
danışmaq istərdik. Məsələ ondan ibarətdir ki, dövlətlər arasındakı ikitərəfli
təmaslar və bu əlaqələrin getdikcə inkişafı heç də konstruktiv xarakterli
deyil. Əksinə, dağıdıcılığa xidmət edir.

Bir sıra beynəlxalq aktorlar kimi, rəsmi Parisin də Cənubi Qafqazla bağlı öz
maraqları var. Yelisey sarayı bölgədəki maraqlarının təmin olunması üçün
gərginlik yaratmağa və bundan istifadə etməyə cəhd göstərir. Hərçənd, bu,
Fransanın keçmişlə yaşaması deməkdir. Çünki artıq regionda münaqişə yoxdur.
Azərbaycan öz səyləri ilə münaqişə səhifəsini bağlayıb. Bu məqamda Fransa
keçmişə yox, gələcəyə baxmalı, bölgənin aparıcı dövləti olan Azərbaycanla
əlaqələrin perspektivi barədə düşünməlidir.

Əlbəttə, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi hökumət
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Bu, açıq
görünür. Fransa özü də başa düşür ki, Azərbaycana təsir imkanı yoxdur. Ona görə
də öz çirkin maraqlarının təmini naminə Ermənistandan istifadə edir. Parisin
İrəvanı silahlandırması, onu şirnikləndirməsi, həmçinin Yelisey sarayının
zaman-zaman Bakı əleyhinə səsləndirdiyi bəyanatlar, qərəzli fikirlər birbaşa
olaraq Ermənistanın başının altına yastıq qoymaq deməkdir.

Burada bir məqama diqqət yetirək: dünən, yanvarın 18-də Ermənistan prezidenti
Vaaqn Xaçaturyan İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində
fransalı həmkarı Emmanuel Makronla görüşüb. Onlar Cənubi Qafqazdakı son durumu
müzakirə ediblər. İki sual yaranır: Birincisi, Fransa regiondan nə istəyir?
İkincisi, Ermənistan Fransadan nə umur?

Dediyimiz kimi, Paris öz ambisiyaları naminə İrəvandan alət kimi istifadə
edir. Ermənistanın gələcəyi, dövlətçiliyi onu qətiyyən maraqlandırmır. Biz eyni
strategiyanı müxtəlif dövlətlərin timsalında, dünyanın fərqli regionlarında da
görürük – böyük güclər “piyada”lardan istifadə edir və çox vaxt onları qurban
verirlər.

Ermənistana gəldikdə isə deməliyik ki, bu dövlətin həqiqəti anlaması,
reallıqları başa düşməsi daha faydalıdır. Fransa uzun illərdir ki, Ermənistanı
dəstəkləyir. Rəsmi Paris 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri
kimi ancaq Ermənistanın vaxt udması üçün çalışdı. Amma nəticədə nə oldu?
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan “dəmir yumruğun” zərbəsi
altında əzildi. Hərçənd, Ermənistan vaxtında dinc yolla torpaqları Azərbaycana
qaytarsa idi, indi xeyli inkişaf etmişdi. Çünki regional əməkdaşlıq mühiti
çoxdan təmin olunar, nəqliyyat-kommunikasiya xətləri açılar, iqtisadi
əməkdaşlıq qurulardı.

Ermənistanın hazırkı hakimiyyəti doğrudanmı bunu anlamır?

Hələlik görünən odur ki, İrəvan Parislə əməkdaşlıq etmək, Makronun və
digərlərinin ətəyindən yapışmaqla asan yolu seçir. Bu yol rahat görünə bilər,
lakin İrəvanı uçuruma aparır.

Böyük ehtimalla, prezidentlərin dünənki söhbəti də daha çox destruktiv
xarakterli olub. Fransa yenə də Ermənistanın beynini yumağa çalışıb.

N.Paşinyan da, V.Xaçaturyan da papaqlarını qabaqlarına qoyub düşünməlidirlər.
Elə tarixin səhifələrini vərəqləmək kifayətdir ki, rəsmi İrəvan lazımi qərarı
versin.

Beləliklə, aydındır ki, Fransa hər fürsətdə Ermənistanı öz toruna salmağa,
belə demək mümkünsə, başını aldatmağa çalışacaq. Amma əgər İrəvan
dövlətçiliyinin gələcəyinin sual altında olmasını istəmirsə, regional
əməkdaşlıq mühitinin təmin olunmasını arzulayırsa, təlqin, təhrik və
təzyiqlərdən xilas olmalı, başqasının yox, özünün maraqlarına uyğun addımlar
atmalıdır.

“Report” İnformasiya Agentliyi

Source link