Əsəri dövlət sərvəti adlandırılan rəssam: “Xahiş etdilər ki, portreti Ankaraya
aparım” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəsm, sənət onun üçün həyat tərzidir. Tabloları tək ölkəmizdə deyil, dünyanın
bir çox ölkələrində muzeylərdə sərgilənir, evləri bəzəyir. Hətta Mustafa Kamal
Atatürkə həsr olunan əsəri Türkiyə Cümhuriyyətinin sərvəti hesab olunur və
“Atatürk evi”ndə sərgilənir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə
Zebicdir. Günay xanım həm də Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin
həyat yoldaşıdır.
Günay Mehdizadənin “Kaspi”
qəzetinə verdiyi müsahibəni təqdim edirik:
– Günay xanım, istərdim müsahibəyə Türkiyədəki “İstiqlal” sərgisi ilə başlayaq.
– “İstiqlal” sərgisi iki ölkə arasında qardaşlıq bağlarını qoruyub saxlamaq,
bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu əks etdirmək, eyni zamanda
Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri daha da yaxınlaşdırmaq,
Türkiyə Cümhuriyyətinin 100 illiyi məqsədilə keçirildi. Sərgidə Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gənclik illərini, hakimiyyətdə
olduğu dövrü əks etdirən əsərlərlə yanaşı, Azərbaycanın milli-mənəvi
dəyərlərindən bəhs edən əsərlər də nümayiş etdirildi. 2023-cü ildə həm də
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd
olunurdu və bu sərgini iki liderə həsr etdik.
– Sərgiyə maraq yüksək səviyyədə olub və bu barədə xəbərlər Türkiyə
mətbuatında da yer alıb. Qonaqların təəssüratları necə idi?
– Sərgi ilə bağlı çox gözəl geri dönüşlər aldıq. Sərgiyə Eskişehir Böyükşəhər
Bələdiyyə sədri Yılmaz Büyükerşen, araşdırmaçı-yazar Orhan Delipınar, alimlər,
tələbələr, qonaqlar və sənətsevərlər qatılmışdı. Sərgidən sonra Eskişehir
Böyükşəhər Bələdiyyəsi bizə sürpriz edərək, bələdiyyənin simfonik orkestrinin
ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil etdi.
– Tarixi şəxsiyyətlərə bağlı əsərləriniz sənətsevərlər tərəfindən maraqla
qarşılanır.
– Hər hansı şəxsiyyətin rəsmini çəkirəmsə, mütləq onun həyatını, əsərlərini
araşdırıram. İkinci mərhələdə oxuduğum materialları sintez edirəm. Şəxsiyyəti
araşdıraraq mənimsəyirəm və çəkməyə başlayıram. Əvvəlcə eskiz üçün fotolardan
istifadə edir, qələmlə kağıza köçürürəm. Ən uğurlusunu tapdıqdan sonra rəsmini
çəkirəm. Bu proses çox gərgin olur. Məsələn, “İstiqlal” tablosuna üç il vaxt
sərf etmişəm.
– “Atatürk Portreti” əsəriniz Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və
Türkiyə Cümhuriyyəti sərvəti kimi dəyərləndirilməkdədir. Bu əsərin tarixçəsi
maraqlıdır…
– Bir neçə il öncə Türkiyənin Konya şəhərində keçirilən, 65 ölkənin qatıldığı
simpoziumda Azərbaycanı təmsil edirdim. Açılışa nazirlikdən nümayəndələr də
qatılmışdı. Həmin vaxt Atatürkün portretini işləmişdim və telefonumda idi.
Söhbət əsnasında dedim ki, məndə Atatürkün portreti var, baxmaq istəyərsinizmi?
Bu, onlar üçün maraqlı oldu və portreti göstərdim. Çox bəyəndilər və xahiş
etdilər ki, portreti Ankaraya aparım. Həmin tablonu muzeyə qoydular. O muzey
Atatürkün evi hesab olunur və çox əhəmiyyətlidir. Çünki Mustafa Kamal Atatürkün
Selanikdə dünyaya gəldiyi evin surətidir. Mənim əsərimi ikinci mərtəbədə
yerləşdirdilər və dövlət sərvəti adlandırdılar.
– Əsəri dövlət sərvəti adlandırılan rəssamın fırça və kətanla dostluğu nə
vaxtdan başlayıb?
– Uşaqlıqdan rəssamlıq, musiqi, balet dərslərinə gedirdim. Ən sevdiyim isə
rəssamlıq idi. Yadımdadır, məktəbdə divar qəzetləri çıxırdı. Sinfimizin divar
qəzetini mən hazırlayırdım. Məhəmməd Füzulinin yubileyində qara qələmlə
portretini çəkmişdim. Hamı tərəfindən bəyənildi. Böyüdükdə onu peşəkar formaya
salmaq üçün rəssamlıq təhsili aldım. Azərbaycanın Əməkdar rəssamı Bəyimxanım
Hacızadənin tələbəsi oldum. Daha sonra İtaliyada, Vyanada rəssamlıq dərsləri
aldım. Avropa muzeylərində böyük rəssamlar Leonardo da Vinçi, Mikelancelo,
Pikasso kimi sənətkarların əsərlərini saatlarla araşdırırdım. Hər gün səhər
muzeyə gedir, axşama qədər o rəssamların rəsmlərinin surətini köçürürdüm.
Surəti köçürərkən, rəssam həyatda olmasa belə, ondan öyrənirsən. Özümlə
böyüdücü şüşə götürür, rəsmləri incələyir, öyrənirdim.
– Əsərlərinizi bağışlamağı xoşlayırsınız? Rəssamlar var ki, əsərlərini heç
zaman satmır, onları emalatxanalarında qoruyub saxlayırlar. Amma “rəssamın
əsərləri qalereyaları bəzədikcə daha çox tanınır” deyə düşünənlər də var. Siz
hansılardansınız?
– Rəssamlıq mənim üçün sənətdir, hobbi deyil. Əgər hobbi olaraq məşğul
olsaydım, əsərlərimi bağışlamaq rahat olardı. Üzərində böyük zəhmət, vaxt sərf
etdiyim əsərləri əgər bağışlamaq ehtiyacı duyuramsa, bunun mütləq mənəvi
qarşılığı olur. Bağışlamadan öncə proses gedir və razılaşdırılır ki, gələcəkdə
gənclərin inkişafına töhfə verəcək layihələri dəstəkləyəcəklər. Amma suvenir
kimi heç vaxt bağışlamamışam, bağışlamaram da.
– Müəllifi olduğunuz “Biz birlikdə güclüyük” layihəsinin məqsədi nə idi?
– Hər hansı layihəni ərsəyə gətirdikdə, onun cəmiyyətə nə qədər faydalı
olacağını düşünürəm. Pandemiya dövründə birdən-birə hər kəs çətin vəziyyətə
düşdü, evdə qalmağa məcbur olduq. Bunu böyüklər başqa cür qavrayırdı, amma
uşaqlarda, yeniyetmələrdə travma yarada bilərdi. Karantin rejiminin tətbiq
edildiyi dövrdə uşaqlarla virtual bağlantı quraraq, onlarla pandemiyanın
dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar,
infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər apardıq. Şagirdlərlə iki ay
ərzində onlayn dərslərdə tablolar çəkir, müzakirələr edirdik. Müzakirələr
aparır, sonra mövzunun rəsmini çəkirdik. Daha sonra Bakının Qaradağ rayonundakı
“Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat
Birliyində onun təqdimatını keçirdik.
– Bəs “Qardaş məktəb” layihəsinin ideyası necə yarandı?
– Qızım Milli Konservatoriyanın tərkibində olan İncəsənət Gimnaziyasında
təhsil alırdı. Bursa Zeki Müren Güzel Sanatlar Lisesi müdiriyyəti ilə əlaqə
saxladım və layihəni təklif etdim. “Qardaş məktəb” layihəsi Azərbaycan və
Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir. İki ölkə
arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq
sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər,
birgə sərgilərin, konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur. Bu
layihə ilə şagirdlərimiz onların mədəniyyətini yaxından öyrənir, onların
şagirdləri də bizim mədəniyyətimizlə tanış olurlar.
– Yaradıcılığınız rəssamlıqla kifayətlənmir. Siz həm də teatr ssenarisi
yazırsınız.
– Teatr üçün ssenari yazmaq fəaliyyətim də qardaşlıq məktəbindən başladı.
Azərbaycandan Türkiyəyə gələn şagirdlərin çıxışları üçün ssenari yazdım.
2019-cu ildə bizi teatr festivalına dəvət etdilər. Nəsimi ilə bağlı ssenari
hazırladıq, səhnə dekorasiyasını da özümüz etdik. Bunun davamı olaraq 2021-ci
ildə Nizami Gəncəvi və Yunus Əmrə ili ilə bağlı ssenari yazdıq, kostyumlarına
qədər özümüz hazırladıq, səhnələşdirdik. Hətta Türkiyə səfiri öz “X” sosial
şəbəkə hesabında buna görə bizə təşəkkür etdi.
– Günay xanım, siz həm də müəllim kimi şagirdlər hazırlaşdırırsınız.
Azərbaycan şagirdinin incəsənət duyumu necədir?
– Biz çox istedadlı xalqıq. Hər bir uşağın incəsənət duyumu var, sadəcə onu
düzgün metodlarla kəşf etmək lazımdır.
– Hindistanla bağlı çəkdiyiniz tablo da həmin ölkənin səfiri tərəfindən
bəyənilmişdi. O tablo necə ərsəyə gəldi?
– Həyat yoldaşımın işi ilə bağlı diplomatik çevrədə olduğum üçün, görüşlərdən
birində Hindistanın sabiq səfiri mənə təklif etdi ki, “Hindistanı necə görürəm”
adlı rəsm çəkim. Kompozisiyanı qurdum, tablonu təqdim etdim. Sabiq səfir bunu
çox bəyəndi və mənə plaket də təqdim etdi. Həmin əsər hazırda Hindistandadır.