ƏSF bağlanmış bankların müştərilərinə necə xidmət göstərir? – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) ləğv prosesində olan 23 bankın
müştərilərinə xidmət göstərilir. ƏSF-nin Xocalı prospektində yerləşən ofisində
“NBC Bank”, “Amrahbank”, “Atabank”, “Dəmirbank” və “Günay Bank”ın, Cəlil
Məmmədquluzadə küçəsində yerləşən ofisində “AG Bank”ın, Babək prospektində
yerləşən inzibati binasında isə digər ləğv prosesində olan bankların
müştərilərinin müraciətlərinə baxılır və müvafiq xidmət göstərilir. Bundan
əlavə qurumun Sumqayıt, Şəki, Şirvan, Quba, Lənkəran və Gəncə şəhərlərində də
xidmət şəbəkəsi mövcuddur.
“Report” ƏSF-nin Babək prospektində yerləşən inzibati binasında müştərilərə
göstərilən xidmətlər və aparılan əməliyyatlarla yerində tanış olub, müraciət
edən müştərilərin fikirlərini öyrənib.
Fondun müştəri xidmətləri üzrə məsul şəxsi Aygün Balıyeva bildirib ki, bu günə
qədər 56 065 müştəriyə 1 529 625 394 manat məbləğində kompensasiya ödənilib:
“Ləğv prosesində olan bankların 105 020 sayda kredit və 222 930 sayda depozit
müştəriləri mövcuddur. Ümumi müştəri sayı isə 500 minə yaxındır. Mərkəzimizdə
aktiv banklarda olan əmanətlərlə bağlı sualların cavablandırılması, kreditlər
üzrə ödəniş, kredit borcunun olmaması barədə arayışların verilməsi, əmlakların
yüklülükdən azad olunması barədə arayışların verilməsi, kompensasiya
ödənişləri, ləğv prosesində olan banklara qarşı kreditor tələbləri üzrə
müraciətlər, tələblərin qeydiyyatı və ödənişlər, müxtəlif dövlət orqanlarından
daxil olan sorğuların cavablandırılması, hesablardan çıxarışların müştərilərə
təqdim olunması və digər əməliyyatlar aparılır. ƏSF-nin internet səhifəsində
müraciət imkanı, kredit ödənişi imkanı mövcuddur.
Kreditlər üzrə ödənişlər eyni zamanda ödəniş terminalları vasitəsilə də icra
oluna bilər”.
Fondun Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov bildirib ki,
ləğv prosesində olan bankların müştərilərindən daxil olan müraciətlər
“Vətəndaşların müraciətləri haqqında” qanuna əsasən tənzimlənir:
“Qanuna görə, vətəndaşların müraciətləri 15 iş günü, xüsusi öyrənilmə və
araşdırılma tələb olunduqda isə 30 iş günü müddətində cavablandırılır”.
Müraciət edən müştərilər açıqlamalarında onlara göstərilən xidmətlərdən razı
olduqlarını bildiriblər.