Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması
ehtimal edilir – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması
ehtimal edilir”.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir:
“Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli
antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ
müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh
və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək
saxlanılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2,
279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs
qismində cinayət məsuliyyətinə cəlb edilib.
Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün
də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti
qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral
1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat
silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların
üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda
basdırıldığını bildirib, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə
göstərib.
Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis
heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı
işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti
dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və
qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı
soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8
nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir”.