ff87493c-ffba-4d11-bf69-3990483b99b5.jpg

Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub

Baxış sayı: 150 dəfə baxılıb.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı
ilə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli
standarta dair brifinq keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) məlumat yayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) baş direktoru İlham
Bayramov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ESG
üzrə milli standartın məzmunu və biznes üçün faydası barədə media
nümayəndələrinə ətraflı məlumat veriblər. Qeyd olunub ki, ESG üzrə milli
standart KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO)
tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma
İnstitutu tərəfindən qəbul olunub. “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və
korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət
standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni
dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə
müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti
təşviq etmək üçün çərçivə təqdim edir.

Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədi müəssisə və
təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək
etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı
dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və
sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcək. Standartın
tətbiqi könüllü xarakter daşıyır.

Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərinin
optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin
yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici
investisiyaların cəlb edilməsinə imkan verir. İnvestorlar sərmayə ilə bağlı
qərarlar verən zaman ESG prinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu
baxımdan, yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiq
edilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlara hansı addımlar
atmalı olduğunu göstərəcək.

Brifinqdə, həmçinin, ESG prinsiplərinin Azərbaycanda tətbiqi istiqamətində
görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə ESG-nin daha
geniş təşviqi, bu sahədə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və
konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə,
investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun tərkibində ESG
üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə
dövlət, özəl və ictimai sektoru təmsil edən 30-a yaxın qurum və təşkilatın
nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin
edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi
formalaşdırılıb, ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi
üzrə yol xəritələri təsdiq edilib. Bu yol xəritələri çərçivəsində ESG sahəsində
ölkədə mövcud vəziyyət təhlil edilib, sorğu həyata keçirilib və beynəlxalq
təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli
olan normativ hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və
qaydalar nəzərdən keçirilib. Vurğulanıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi nüfuzlu tədbirin
ölkəmizdə keçirilməsi ərəfəsində yeni qəbul olunmuş dövlət standartı ölkəmizdə
ESG prinsiplərinin tətbiqinin genişləndirilməsinə mühüm təkan verəcəkdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Source link