5af468e4-83f9-45f2-926f-748f8944a982..jpg

Evə basqın edib məmurun ailəsini öldürdülər: Polis rəisinin oğlunun dəhşətli cinayəti – FOTO

Baxış sayı: 855 dəfə baxılıb.

Evə basqın edib məmurun ailəsini öldürdülər: Polis rəisinin oğlunun dəhşətli
cinayəti – FOTO

2004-cü il aprelin 26-ı gecə saat 3-də vətəndaş Əli Cəlilov Yasamal rayon
Polis İdarəsinin 27-ci Polis Bölməsinə gələrək, anası və bacısı qızından gün
ərzində xəbərləri olmadığını, yaşadıqları Cəfər Cabbarlı küçəsi ev 38, mənzil
3-də işıqların yanmadığını bildirib.

Həmin ünvana yollanıb, pilləkənlə mənzilin pəncərəsinə çıxan əməliyatçı
şüşənin sındırıldığını deyib. İçəri daxil olanda, qonaq və mətbəx otaqlarında
qana bulaşmış 2 meyit aşkar ediblər. Polis əməkdaşları qapını sındırıb içəri
daxil olublar və hadisə barədə prokurorluğa məlumat veriblər.

Qonaq otağında 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın meyiti, divanın
üzərində Quran kitabçası, qadın çantası, içərisində mobil telefon aşkar edilib.
Mətbəx otağında 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyiti, onun ayağının
altında, həçinin mətbəxdəki masanın və xalçanın üzərində tiyəsi sınmış
vəziyyətdə bıçaqlar tapılıb.

Hadisənin baş verdiyi bina

Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha
çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəhilə Cəlilovanın meyitində 42,
Aygün Əzizovanın meyitində 49 ədəd bıçaq yarası aşkar edilib.

Qətlə yetirilən 15 yaşlı Aygün Əzizovanın atası Asif Əzizovun Cəlilabad rayon
İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləməsi məlum olub.
Ağır cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış
tədbirləri keçirilməsinə baxmayaraq, təəsüf ki təqsirləndirilən şəxsləri
müəyyən edib, məsuliyyətə cəlb etmək mümkün olmayıb. Beləliklə də hadisədən 18
il keçib…

Rəhilə Cəlilovanın meyiti

2022-ci il mayın 11-də Baş Prokurorluq məlumat yayıb ki, 2004-cü ildə
paytaxtın Yasamal rayonunda Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın qəsdən
öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı
aparılan cinayət işinin üstü açılıb. Qətlin Bakı şəhər sakini 1984-cü il
təvəllüdlü Anar Ağalarov, Göyçay rayon sakinləri 1976-cı il təvəllüdlü Teymur
Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli tərəfindən törədilməsi müəyyən
edilib. Anar Ağalarovun və Fərid Məmmədlinin barəsində məhkəmənin qərarı ilə
həbsqəti imkan tədbiri seçilib. Cinayətdə iştirak edən 3-cü şəxsin ölməsi məlum
olub.

Lent.az dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Anar Ağalarov nənəsi Rəfiqə Aslanovanın
rəfiqəsi Rəhilə Cəlilovanın sələmə pul verdiyini öyrənib. Onun yaşadığı
mənzildə hər zaman pul və qiymətli əşya olmasını ehtimal edib. Aprelin 24-də
nənəsi ilə birlikdə yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 203
mənzil 24-də Teymur Məmmədov və qardaşı Fərid Məmmədli ilə görüşərkən, onlara
axşam planlaşdırdığı ünvana basqın edəcəklərini bildirib. Mətbəx bıçaqları ilə
silahlanaraq, saat 18 radələrində taksi ilə Yasamal rayonu, C.Cabbarlı
küçəsindəki, 38 nömrəli evin yanına gəliblər. Teymur Məmmədov ondan irəlidə
hərəkət edib 1-ci bloka girib, 2-ci mərtəbəyə qalxıb. Sol tərəfdə yerləşən 3
nömrəli mənzilə yaxınlaşaraq, qapını döyüb, özünü təqdim edib. Rəhilə Cəlilova
Teymur Məmmədovu tanıdığı üçün qapını açıb. Plana uyğun dərhal hər üçü qadını
itələyib, qanunsuz yaşayış sahəsinə daxil olublar. Teymur Məmmədov cibindən
bıçağı çıxarıb, üzbəüz dayanmış Rəhilə Cəlilovadan mənzildə saxladığı pulu
tələb edib və döş qəfəsinə ardıcıl bıçaq zərbələri endirib. Fərid Məmmədli də
üzərindəki bıçaqla qadına xəsarətlər yetirməyə başlayıb. Anar Ağalarov mənzilin
giriş qapısını içəridən bağlayıb. Teymur Məmmədov və Fərid Məmmədli qonaq
otağında Rəhilə Cəlilovaya zərbələr vurmaqda davam edərkən, dəhlizdə dayanan,
qadının azyaşlı nəvəsi Aygün Əzizova qışqırıb, ağlamağa başlayıb. Qorxusundan,
özündən dəfələrlə güclü olan şəxslərə hər hansı aktiv müqavimət göstərmək
iqtidarında olmayan qızı cinayətin şahidi kimi qalmamasından ötrü öldürmək
qərarına gəliblər. Aygün Əzizovanın aman diləməsinə baxmayaraq müstəsna
dərəcədə qəddarlıqla, hər üçü bıçaqlarla qızın bədəninin müxtəlif nahiyyələrinə
xəsarətlər yetiriblər. Üzü üstə döşəməyə yıxılan azyaşlının xırıldadığını görən
Anar Ağalarov, boğaz nahiyəsinə daha 2 zərbə vurub. Zərbənin təsirindən
bıçağının tiyəsi sınıb. Beləliklə də, ümümilikdə 91 ədəd bıçaq yarası
yetirməklə, xüsusi amansızlıqla Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən
öldürüblər. Mənzildə axtarış aparan Anar Ağalarov qonaq otağında, kitabçanın
arasından 600 dollar pul tapıb. Mənzilin giriş qapısını açarla çöl tərəfdən
bağlayaraq, hadisə yerindən qaçıblar.

Aygün Əzizovanın meyiti

İş üzrə dindirilmiş Anar Ağalarov bildirib ki, 2003-cü ildən atası, qardaşı
və nənəsi birlikdə Şamil Əzizbəyov küçəsi, 203 ünvanında yaşayıb. Nənəsi Rəfiqə
Aslanovanın rəfiqəsi Rəhilə Cəlilova qonaqlıqda və ya bayramda evlərinə
gəlib-gedib:

“Rəhilə orta boylu, sarı saçlı qadın olub, birotaqlı mənzildə tək yaşayıb,
sələmə pul verib. Nənəm ara-bir az məbləğlərdə ondan borc pul almışdı. Teymur
Məmmədov Rəhilə Cəlilovanın yaşadığı evi tanıyırdı, çünki vaxt aşırı gedib
qadından pul alıb və gətirərək, Rəfiqə Aslanovaya verib. 2004-cü ilin aprel
ayında evimizə gələn Teymur mənə dedi ki, az əvvəl Rəhilənin mənzilində olanda,
10-15.000 dollar civarında pul görüb. Xalam oğlu evə girib, həmin pulu götüməyi
təklif etdi. Həmin ərəfədə Fərid Məmmədli də bizə gəldi. Birlikdə evdən çıxıb,
taksi ilə “Nizami” metrostansiyasından üzü “Bakıxanov” dairəsinə doğru getdik.
“Caspian Plaza” biznes mərkəzinin yanında düşüb bir az arxada yerləşən yaşayış
binasının 1-ci blokuna daxil olduq. Teymur irəlidə, mənimlə Fərid isə arxasınca
hərəkət etdik. 2-ci mərtəbəya qalxdıq. Teymur qapını döydü, Rəhilə qapının
gözlüyündən baxıb “Kimdi?” deyə səsləndi. Qadına “Mənəm Teymur, bir dənə
açardınız, sözüm var idi” söyləydi. Qapı açılan kimi, hər üçümüz içəri girdik.
Qapını örtüb cəftəsini bağladım, Teymur cibindən bıçağı çıxarıb elə dəhlizdə
Rəhiləyə zərbələr endirməyə başladı. Xəsarətlər alan qadın arxaya gedərək,
qonaq otağının girişində yerə yıxıldı. Dəhlizin sol tərəfində dayanan orta
boylu, qara saçlı, arıq bir qız “nənə” deyərək, qışqırmağa başladı.

Hadisədə istifadə olunan bıçaqlar

Buna baxmayaraq, Teymur döşəmədə uzanmış vəziyyətdə qalan Rəhiləyə xəsarətlər
yetirməkdə davam etdi. Qadının mənzildə tək olduğunu zənn etdik, qızın “nənə”
deməsindən Rəhilənin nəvəsi olduğunu başa düşüb, üzərinə qaçdım. Azyaşlı
müqavimət göstərib əl-qol atarkən onun qollarını tutdum. Bu zaman Teymur
Rəhiləni buraxıb, yanıma gəldi və qızın qollarından tutduğum vəziyyətdə, uşağa
xəsarətlər yetirməyə başladı. Fərid Rəhilənin olduğu otaqda idi. Xeyli zərbədən
sonra qız mətbəxin girişində, döşəməyə yıxıldı. Xırıldayıb, can verdiyi vaxtda
mən mətbəxdə masanın üzərində olan qara dəstəkli bıçağı götürdüm və ölümünü
tezləşdirmək məqsədi ilə boğazına 2 dəfə zərbə endirdim. Bıçağın dəstəyi
tiyəsinə birləşdiyi hissədən sındı. Kəsici aləti yerə atıb, dəhlizə keçdik.
Giriş qapısının bağlı olub-olmadığını bir daha yoxladım, mənzili axtarmağa
başladıq. Servantda olan qabların yanında qara rəngli kitabça gördüm.
Vərəqlədikdə arasından 600 dollar məbləğində pul tapdım və bu barədə Teymurla
Fəridə bildirdim. Hamama keçib, əllərimizi yuduq. Mənzili tərk edərkən Teymur
qapını bağladı və açarı cibinə qoydu. Qadını və nəvəsini öldürüb, mənzili tərk
etməyimiz 15-20 dəqiqə çəkdi. Blokda və həyətdə heç kimlə rastlaşmadıq. “VAZ”
markalı taksi ilə dolayı yollarla yaşadığım binanın qarşısına gəldik.
Avtomobildən düşəndə 400 dolları Teymura verdim. Beləliklə, törətdiyimiz
cinayət nəticəsində hərəmizə 200 dollar qaldı. Payına düşən məbləği öz
ehtiyaclarım üçün xərclədim. Sonrakı günlər ərzində Teymurla və Fəridlə
görüşmədim. Hadisədən 3-4 gün sonra polis bölməsindən ev telefonumuza zəng edən
əməkdaş nənəmə Rəhilə Cəlilovanın öldürüldüyü bildirdi və onu Yasamal rayon
prokurorluğuna dəvət etdi. Səhərisi gün Rəfiqə Aslanova prokurorluğa getdi.
Nənəmin prokurorluğa çağırılmasından və axşam saatlarınadək orda
saxlanılmasından narahat oldum. Qorxumdan qardaşım Azərə Rəhiləni və nəvəsini
öldürdüyümü danışdım. Sabiq polis əməkdaşı olan atam Ramiz şəxsi əlaqələri
vasitəsilə öyrəndi ki, nənəmlə mərhum qadın arasında telefon danışığı olub. Bu
səbəbdən də o, istintaq orqanına çağırılaraq, dindirilib. Bundan sonra nənəm
bacısı ilə birlikdə Cəlilabad şəhərinə gedərək, Rəhilə və nəvəsinin yas
mərasimində iştirak etdi”.

Qətl olan ev

2008-ci ildən Teymur Məmmədovla birlikdə narkotik vasitələrdən istifadə etməyə
başlayıb. Həmin il evin yaxınlığında yerləşən rus kilsəsindən dini portretlər
oğurladığına görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub:

“Həbs olunduqdan 3-4 gün sonra atam Ramiz bölməyə gəldi. Görüş zamanı atamdan,
bölmədən buraxılmağıma köməklik etməsini tələb etdim, əks təqdirdə qəsdən adam
öldürmə cinayətinin də açılacağını dedim. Atama Teymurla birlikdə Rəhilə
Cəlilovanı və nəvəsini öldürdüyümüzü danışdım. Amma Fəridin adını çəkmədim.
Atam da bu barədə heç kimə danışmamağımı, qəsdən adam öldürmə cinayətinin aşkar
olunmayacağını və səbrli olmağımı bildirdi. Ağır Cinayətlərə dair İşlər üzrə
Məhkəmənin hökmü ilə CM-in 177-ci (oğurluq) maddəsi ilə 3 il azadlıqdan məhrum
olundum. 2 il cəza çəkəndən sonra vaxtından əvvəl cəzadan azad edildim. 2014-cü
il yanvarın 1-də adam bıçaqladığıma görə tutuldum və Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum olundum. Bir gündən sonra
atam ürəktutmasından vəfat etdi”.

Sümüklərin ekspertizası

Axırıncı dəfə, 2022-ci ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci
(satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan
məhrum olunub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov ifadəsində göstərib ki, 2004-cü
il aprelin 22-də qızı Aygünün böyrəkləri ağrıdığı üçün onu rayondan Bakıya
gətirib:

“Qayınanam Rəhilə Cəlilovanın evində qalan qızıma xərclik üçün 200 dollar pul
verdim. Səhərisi gün mobil telefonla danışanda, Rəhilə qızı xəstəxanaya
apardığını və uroloq-həkimin ona analiz cavablarının sabah çıxacağını dediyiyni
bildirdi. Aygünün şəxsi telefonu yox idi. Aprelin 24-də, növbəti dəfə danışanda
qayınanam analiz cavablarının yaxşı çıxdığını dedi. Ayın 25-də Rəhiləyə məxsus
mobil və ev telefon nömrələrinə zəng etsəm də, cavab verən olmadı. Qohumların
zəngindən sonra, səhər saat 7 radələrində Bakıya çatdıq. Rəhilənin yaşadığı
binanın həyətində Yasamal rayon Polis İdarəsinin rəis müavini mənə hadisə
barədə məlumat verdi. Müayinədən sonra mərhumları Cəlilabad şəhər
qəbiristanlığında dəfn etdik”.

Teymur Məmmədovun məzarı

Məhkəmə iclasında Anar Ağalarov ittiham üzrə özünü qismən təqsirli bilib.
Fərid Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əzizov bildirib ki, Anar Ağalarovun
atası, nənəsi və qardaşının bu cinayətdən xəbərləri olub. Polis əməkdaşı olan
atası 18 il bu qətlin üstünün açımasına imkan verməyib. Onlar azyaşlı qızı
amansızcasına qətlə yetiriblər, bunu Allah da bağışlamayacaq. O, məhkəmədən
təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Ağalarov 16 və Fərid Məmmədli
15 il müddətinə azadlıqdan məhrum olunublar. Ölümü ilə əlaqədar Teymur
Məmmədovun barəsində cinayət təqibinə xitam verilib.

Source link