Evdə təhsillə bağlı YENİLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 nömrəli evdə təhsil
məktəbinin bağlanması iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq imkanları
məhdud uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası məqsədilə onlar
üçün təhsilin əlçatanlığının, səmərəliliyinin və bərabərliyinin təmin olunması
prioritetdir:
“Bu baxımdan 219 nömrəli evdə təhsil məktəbi şagirdlərinin təhsilinin
qanunauyğun şəkildə ərazi üzrə ümumi təhsil müəssisələri vasitəsilə təşkili
məqsədəuyğundur.
Hazırda qeyd olunan məktəb fəaliyyətini davam etdirsə də, evdə təhsilə cəlb
olunmuş uşaqların cəmiyyətə adaptasiyası, onlara psixoloji xidmətin
göstərilməsi məqsədilə uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə
təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə
tutulur.
İlk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni
uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin
isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs
saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi
təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq
həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər
göstərilir”.
Qeyd edilib ki, növbəti mərhələdə 2024-25-ci tədris ilindən etibarən qeyd
olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər
vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra
şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaqlar:
“Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər. 219 nömrəli
evdə təhsil məktəbinin kollektivi ilə görüşdə də bütün bu məqamlar və
qanunauyğun proseslər diqqətə çatdırılıb. Evdə təhsil alan uşaqların sağlamlıq
durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilmələri də qarşıda duran
məsələlərdəndir”.
İlhamə Əbülfət