Evdən qaçan “Pələng” 11 il sonra tapıldı

Baxış sayı: 2. 086 dəfə baxılıb.

Evdən qaçan "Pələng" 11 il sonra tapıldı

ABŞ-ın Nyu-York şəhərinin sakini Meggi Uelz 11 il öncə itmiş pişiyini tapıb.

Lenta.ru-nun verdiyi məlumata görə, bu barədə yerli ABC7 telekanalı bildirir.

Meqqinin sözlərinə görə, 11 il öncə “Pələng” (Tiger) ləqəbli üçyaşlı pişik evin açıq qalmış qapısından qaçıb. Bir il sonra pişiyin yiyəsi həmin evdən köçməli olub. O vaxtdan “Pələng”i də həmin ərazidə görən olmayıb.

Lakin illər sonra heyvanlar üçün nəzərdə tutulan yerli sığınacağın əməkdaşı Kerol O’Konnell pişiyi taparaq sahibinə qaytarıb.

Kerol bu pişiyin son üç ildə tez-tez onun evinə gəldiyini danışıb. O, heyvanın itdiyini, yaxud atıldığını güman edib. Yazda pişik daha çox gəlməyə başladıqda, qadın işdən skaner götürüb və onun çipləşdirildiyini aşkar edib. Çipdəki məlumatlar sayəsində Kerol “Pələng”in yiyəsi ilə əlaqə saxlayaraq, avqustun 22-də pişiyi Uelz ailəsinə qaytarıb.

Pişik illərlə küçədə qaldığına baxmayaraq, kifayət qədər yaxşı vəziyyətdə olub.

Buna bənzər hadisə 2018-ci ildə baş verib: itkin düşən “Harri” ləqəbli ağ-kürən pişik on il sonra ailəsinə qaytarılıb. O, evdən 80 km məsafədə olan sığınacaqda tapılıb. “Harri”nin də sahibi mikroçipə yazılan məlumatlar vasitəsi ilə tapılıb.