1e0207a3-828c-4665-ba90-16cd8f9fb684..jpg

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 849 dəfə baxılıb.

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı – YENİLƏNİB +
FOTO/VİDEO

Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa
əməliyyatdan çıxıb.

Bu barədə Cixisyolu.com-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür
əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə
müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini
planlaşdırmırıq”.

23:18

Sui-qəsdə məruz qalaraq evinin önündə güllələnən millət vəkili Fazil Mustafa
əməliyyat olunacaq.

Bu barədə Cixisyolu.com-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

“Güllə çiynindən və ayağından dəyib. Həyati riski yoxdur. Təcili əməliyyata
alındı”, – deyə deputatın qohumu bildirib.

Qeyd edək Toğrul Mustafayev hadisəni kimlərin törətdiyi haqqında bir
məlumatlarının olmadığını da deyib.

23:10

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı
evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə
bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluqdan Cixisyolu.com-a verilən məlumata görə, hazırda Baş prokurorun
birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə
yerindədir.

“Media nümayəndələrindən Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən
hadisə barədə məlumatların yayılmaması xahiş olunur”, – məlumatda qeyd edilib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidovun Cixisyolu.com-a verdiyi məlumata
görə, Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi
başlanılıb.

“Polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və
əməliyyat axtarış tədbirləri həyata keçirilir”, – açıqlamada qeyd edilib.

23:05

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin
deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış
daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Bu barədə Cixisyolu.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu
ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir: “Vəziyyəti
stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”.

22:53

Evinin önündə sui-qəsd nəticəsində yaralanmış millət vəkili Fazil Mustafa
xəstəxanaya aparılıb.

Cixisyolu.com xəbər verir ki, deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM)
yerləşdirilib.

KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım
şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

22:46

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli
olub.

Musavat.com-un məlumatına görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında
silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş
açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan
millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə
yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz
maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş
yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən
ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

22:37

Deputat Fazil Mustafaya sui-qəsd olunub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda yaşadığı evin qarşısında deputata atəş
açılıb. Əraziyə istintaq qrupu göndərilib. Əlavə məlumat veriləcək.

Könül Cəfərli

22:28

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında
güllələnib.

Musavat.com xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan
millət vəkilinə bir neçə dəfə atəş açılıb.

Qeyd edək ki, o, iki güllə yarası alıb.


Source link