Astara rayonunda 1990-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində
yaranan mübahisə zamanı anası Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət
yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin avqustun 10-da Astara rayonunun
kəndlərindən birində baş verib.
Pərviz həmin gün gecə saat 2 radələrində fərdi yaşayış evində anası Zəminə ilə
aralarında olan ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun
bədəninin müxtəlif nahiyələrinə əsa ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan
olunmuş ittihamla özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun anasıdır, bir həyətdə ayrı
evlərdə yaşayırlar:
“Son dövrlərdə anamla evlənməyim ilə bağlı mübahisələrimiz yaranır. Avqustun
10-da, gecə saat 2 radələrində yaşadığım evə gəldim. Həmin vaxt sərxoş
vəziyyətdə olmuşam. Evə gəldikdə anam Zəminə gec gəldiyim üçün mənimlə mübahisə
etməyə başladı. Anama bildirdim ki, 35 yaşım var, uşaq deyiləm. Mübahisə zamanı
yenə evlənməyim barədə söhbət açıldı. Evlənmək istədiyimi dedim. Anam isə mənim
ailəyə baxa bilməyəcəyimi dedi. Anamın bu sözündən əsəbiləşdim və onun əlində
olan əsanı alaraq bir neçə dəfə ayaq və bel nahiyələrindən vurdum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, son
dövrlərdə oğlu Pərviz spirtli içki içdiyi üçün onunla mübahisələri olur:
“Avqustun 10-da, gecə saat 2 radələrində Pərviz yenə içkili vəziyyətdə evə
gəldi. Oğluma bunu irad bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı.
Mübahisə zamanı oğlum hirslənərək əlimdəki əsanı götürdü, ayaq və bel
nahiyələrimdən vurdu. Mübahisə bir neçə dəqiqə davam etdi. Münaqişə zamanı
xəsarət aldım. Pərviz əsa ilə vuraraq mənə xəsarət yetirdi”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin
ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin
73.2-ci maddəsinə əsasən Pərviz cinayət məsuliyyətindən azad edilib. Onun
barəsində olan cinayət təqibinə xitam verilib.