Evsizlərin əsas ümid yeri – “KASPİ”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son vaxtlar əhalinin mənzil tələbatının ödənilməsində ipoteka kreditləri
xüsusi rola malikdir. Biz tez-tez ipoteka şərtlərinin bir qədər də
yüngülləşdirilməsi istiqamətində çağırışlar eşidirik.
Son zamanlar tez-tez ipoteka şərtlərinin bir qədər də yüngülləşdirilməsi
istiqamətində çağırışlar edilir. Hətta məsələ Milli Məclisdə deputatlar
tərəfindən də müxtəlif formalarda gündəmə gətirilir. Xüsusilə də evlərin
bahalaşması fonunda mövcud ipoteka şərtlərinin qaneedici olmadığı bildirilir.
Mövzu ilə bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.
Mənzil baha, məbləğ az
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ölkəmizdə son
illər əmlak satışı daha çox ipoteka və bankdaxili kredit şərtləri əsasında
satılır. Bakı və böyük şəhərlərdə əmlak qiymətlərinin ciddi şəkildə artması
səbəbindən, xüsusilə güzəştli kreditlərlə ev alan şəxslər müəyyən çətinliklərlə
üzləşirlər:
“Bankın ayırdığı limit və üzərinə əlavə edilən 15-20 faiz vəsaitlə əmlak
bazarında mənzil tapa bilmirlər. Bakı ətrafında həmin məbləğə əmlaklar olsa da,
alıcılar daha çox mərkəzə doğru, metro stansiyalarına yaxın ərazilərdə
mənzillər axtarırlar. İpoteka predmetinə çevrilə bilən yenitikili binalarda
qiymətlər kəskin şəkildə bahalaşıb. Köhnə tikililərdə, ən çox da
doqquzmərtəbəli binalarda da qiymətlərdə artım müşahidə edilir”.
Ekspertin fikrincə, ayrılan kredit limitinin az olmasından əlavə, sənədləşmə
məsələləri də çox çətindir:
“Kreditin rəsmiləşdirilməsi zamanı bankda və notariuslarda tələb olunan
sənədlər toplusu çox olduğuna görə bəzən insanlar ciddi problemlər yaşayırlar.
Sənədləşmə sadələşdirilərsə və faiz dərəcələri aşağı enərsə, bu, ipoteka
kreditləri ilə mənzil alan şəxslərin sayında ciddi artım yarada bilər”.
“Həyət evlərinin böyük əksəriyyətinin sənədi yoxdur”
Müsahibimiz bildirdi ki, bu sahədə yaranan başqa problem mənzillərin
çıxarışının olmamasıdır:
“Həyət evlərinin böyük əksəriyyətinin sənədi yoxdur. Hansı ki, həyət evlərinin
qiyməti bina evlərindən daha ucuzdur. Həyət evləri ilə bağlı sənədləşmələrə
başlanılarsa, artıq mənzil alıcıları Bakı şəhəri üçün birotaqlı yenitikili
binalara 140-160 min manat ödəməyəcəklər. Nisbətən kənarda 50-70 min manata
həyət evi ala bilərlər ki, ilkin və aylıq ödənişləri də daha azdır. Bu
baxımdan, ipoteka predmetinə çevrilə bilən ucuz qiymətə əmlaklar bazara
çıxarılarsa, bu sahədəki problemlər də aradan qalxar”.
49 mindən çox ailə ipoteka ilə mənzil alıb
İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri departamentinin
direktoru Rasim Abdullayev bildirib ki, fondun vəsaiti hesabına banklar
tərəfindən həm adi, həm də güzəştli ipoteka kreditləri verilir:
“Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manat, maksimal müddət
300 ay, illik faiz dərəcəsi 8 faizdir. Fondun vəsaiti hesabına verilən adi
ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 8 faiz olsa da, müvəkkil
banklar arasında yaradılmış rəqabət mühitinin nəticəsi olaraq, adi ipoteka
kreditləri üzrə orta faiz dərəcəsi 7,4 faiz təşkil edir. Güzəştli ipoteka
kreditləri üzrə isə maksimal məbləğ 100 000 manat, maksimal müddət 360 ay,
illik faiz dərəcəsi isə 4 faiz təşkil edir. Fondun ipoteka kreditləri
vasitəsilə 49 mindən çox ailə mənzil alıb. Bunun 35 faizdən çox hissəsini
güzəştli ipoteka kreditləri təşkil edir. Bağlanılmış ipoteka krediti
müqavilələrinin məbləği 3 milyard manata çatıb. İpoteka krediti ilə ev
alanların 70 faizi gənclərdir. 2021-ci ildə verilmiş ipoteka kreditlərinin
həcmi 356 milyon manat, 2022-ci ildə 421,5 milyon manat, 2023-cü ildə isə 459,4
milyon manat təşkil edib”.
Bakıda 626, rayonda 356 manat
R.Abdullayev qeyd etdi ki, rəsmi gəlirlərə malik vergi ödəyicisi olan bütün
Azərbaycan vətəndaşlarının ipoteka kreditlərindən faydalanması üçün müvafiq
şərait yaradılıb:
“Dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışan şəxslər də bu sistemdən
faydalana bilirlər. İpoteka kreditlərindən faydalanan şəxslərin 44 faizi özəl
sektorda çalışanlardır. Kredit üçün müraciət edən vətəndaşların aylıq gəlirinin
hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də
kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirlər nəzərə
alınır. Borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi zamanı paytaxt
və regionlar arasında gəlir səviyyəsi və yaşayış xərcləri üzrə fərqlər də
nəzərə alınır. Regionlarda paytaxtla müqayisədə daha aşağı əmsallar tətbiq
olunur. Məsələn, əgər Bakı şəhərində kredit almaq üçün müraciət edən şəxsin bir
nəfər ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə yaşayış minimumunun 50
faizi həddində -135 manat götürülürsə, regionlarda bu, ölkə üzrə yaşayış
minimumunun 25 faizi – 67,5 manat nəzərə alınır. Hazırda paytaxt və regionlarda
yaşayış sahələrinin qiymətində əhəmiyyətli fərq mövcuddur. 2023-cü ildə Bakı,
Sumqayıt, Abşeronda verilən ipoteka kreditləri üzrə orta aylıq ödəniş məbləği
626 manat olsa da, regionlarda verilən kreditlər üzrə bu göstərici 356 manat
təşkil edib”.
“Maksimal hədlər hazırda əhalinin tələbinə tam uyğundur”
Direktorun sözlərinə görə, ipoteka kreditləri üzrə maksimal məbləğ, illik faiz
dərəcələrinin yuxarı həddi ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili
əsasında, formalaşmış ipoteka portfeli üzrə orta parametrlər və digər iqtisadi
göstəricilər nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən
olunur:
“2024-cü ilin ilk rübündə verilmiş ipoteka kreditlərinin məbləği üzrə orta
göstərici təxminən 89 000 manat, alınan yaşayış sahəsinin orta qiyməti üzrə 131
000 manat təşkil edib. Regionlarda bu məbləğ orta göstəricidən bir qədər də
aşağıdır. İpoteka kreditlərinin əsas hədəfi aşağı və orta təminatlı
vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilib və kredit
məbləği üzrə müəyyən olunmuş maksimal hədlər hazırda əhalinin tələbinə tam
uyğundur. Daşınmaz əmlak bazarında olan qiymət dəyişiklikləri davamlı şəkildə
müşahidə olunur. Aparılan təhlillər artımla bağlı zərurətin olduğunu
göstərərsə, gələcəkdə bu məsələyə baxıla bilər”.