9e0ebcb6-33b8-4602-91e9-22985d33ca93..jpg

Eyni millətin faciəsidir: “Malda, mülkdə gözü olanlar bu günü unutmasınlar” – FOTO

Baxış sayı: 870 dəfə baxılıb.

Eyni millətin faciəsidir: “Malda, mülkdə gözü olanlar bu günü unutmasınlar” –
FOTO

Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar olaraq Azərbaycanda yardım
kampaniyası başladılıb. Artıq üç gündür ki, yardım kampaniyası davam edir.
Minlərlə insan qardaş ölkəyə dəstək üçün bu aksiyaya qoşulub. Əllərindən gələni
əsirgəmirlər.

Bəs görəsən, azərbaycanlı sənət nümayəndələri qardaş ölkənin insanlarına
yardım ediblərmi? Məşhurlar yardım kampaniyasına qoşulublar?

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə baş verən zəlzələlər
Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir,
Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Zəlzələdən sonra həlak
olanların sayı 16 170, yaralananların sayı isə 64 194 nəfərə yüksəlib.

Cixisyolu.com-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyevin sözlərinə görə, yardım
etmək bizim borcumuzdur:

“Sənət adamları, yazıqlar, toysuz qalıblar. Amma Türkiyə də bizim xalqımızdır.
Yardım etmək borcumuzdur. Heç olmasa, nə iləsə, o borcdan çıxmalıyıq. Nəyə
gücümüz çatırsa, onu da etməliyik.

Kampaniyaya qoşulduğumu deyə bilmərəm. Sağ əlin verdiyini, sol əl
bilməməlidir. Mən Allah qarşısında edirəm. Ağsaqqal kimi deyirəm ki,
qardaşlarımıza kömək olmalıyıq. Özüm də, qızım da, yoldaşım da, oğlum da nəyə
gücümüz çatır etmişik”.

Aktrisa Naibə Allahverdiyeva yardım kampaniyasına ilk gündən qoşulduğunu deyib:

“Özüm ilk gündən qoşulmuşam. Bacardığım qədər etməyə çalışdım. Çalışdıq ki, nə
isə edək. İnsan, sanki rahatlaşır. Dünyanın hansı yerində baş verməsindən asılı
olmayaraq, dəhşətdir. Heç kəsə arzu etmirəm. Biz isti evdə üşüyürük. Mənə çox
ağır gəldi. Çünki bu, bizim qardaşımızdır. Qardaş ağlayırsa, bacı necə olar?
Türk bizim qanımız, canımız, bir parçamızdır. Onların dərdi bizim dərdimizdir”.

N.Allahverdiyeva qeyd edib ki, xalqımızın dəyərini bütün dünya bilməlidir:

“Yardım kampaniyasında xalqımızın nə qədər istiqanlı olduğunu gördük. Kim nə
bacarırsa, on da edir. Bir qadın gəldi. Kampaniyadan xəbəri yox idi. Əliboş
gəldiyi üçün əynindəki paltosunu çıxarıb qoydu. Kasıblar var ki, öz
yorğan-döşəyini gətirdilər. Qəlbdən bunu etmək, böyük xalq deməkdir. Bir gecədə
ayağa qalxdıq. Arzu edirəm ki, dağıntı altında qalanlar sağ çıxsın. Dua edirəm”.

Naibə Allahverdiyeva əlavə edib ki, malda, mülkdə gözü olanlar bu günləri
unutmasınlar:

“Bir anlıq başa düşdüm ki, hər şey yalan imiş. İnsanların bəziləri düşünsün
ki, bir dəqiqə içində hər şey məhv olub, gedə bilər. Dünyanı sevgi, məhəbbət,
birlik xilas edəcək. Bizim xalqımızın qədrini bütün dünya bilməlidir. Biz elə
xalqıq ki, bizi dünya ovcunun içində saxlamalıdır. Bizim millətdən yoxdur.
Yardım edən hər kəsə təşəkkür edirəm”.

Əməkdar artist Elza Seyidcahan danışmağın çox çətin olduğunu söyləyib:

“Danışmaq çox çətindir. Sözün bitdiyi yerdir. Türkiyə sarsılmayacaq. Dağıntı
altında qalanlar məni çox narahat edirlər. Hər şey bərpa olacaq. Lakin can
itkisi insanı məhv edir. Allah öz sevdiklərini hər zaman imtahana çəkir.

Yardım yollanılır. Bu, bizim üçün fəxrdir. Yardım aksiyasına qoşulacağıq.
Nəyimiz varsa, əlimizdə gələn maddi və mənəvi yardımı əsirgəməməliyik. Tək
əldən səs çıxmaz deyirlər”.

E.Seyidcahan dağıntılar altından təxliyə olunan ailəni himayəyə götürmək
istədiyini qeyd edib:

“Efir vasitəsilə müraciət etdim ki, təxliyə olunan insanlardan bir ailəni
evimdə himayəmə götürə bilərəm, bu təklifimi canlı olaraq Türkiyənin səfirinə
dedim. Bu da bir yardımdır. Sarsıntıdan uzaqlaşarlar. Çox böyük bir vahimədir.
Unutmaqlarına çox vaxt gedər. Bir ailəyə baxmaq istəyərəm.

Onlar bizim bacı və qardaşlarımızdır. Biz evdə yeyib, içirik. Lakin onlar
çöldə qalıblar. İnsan özünü bağışlaya bilmir. Gözümüzün yaşı yeni qurumuşdu.
2020-ci ildə nələr yaşadıq. Düşmənlərimiz sevinməsinlər. Türklər sarsılmazdır”.

Elza Seyidcahan əlavə edib ki, mal-mülk yığanlar üçün bu, dərs olmalıdır:

“Türk dövlətinə səbir arzulayıram. Həmişə bir olmuşuq. Olacağıq da. Təbii
fəlakətin şəhidinə çevrildilər”.

Xanəndə Mənsum İbrahimov ailəsi ilə birlikdə yardım kampaniyasına qoşulduğunu
deyib:

“Bizim hər birimizin qəlbi Türkiyə ilə döyünür. Bunu hər kəs bilir. Biz bir
millətik. Qarabağ savaşında 44 gün ərazində Türkiyə bizim yanımızda oldu. Biz
ailəvi olaraq qoşulmuşuq. İnsanlıq borcumuzdur. Bir sağ uşaq çıxanda sanki
canımıza can gəlir. Hər kəs etməlidir. Qardaşımız üçün edirik. Dəhşətli bir
şeydir. İnsanlar yatdıqları yerdə həlak olublar”.

M.İbrahimov hadisənin 100 ilin ən böyük fəlakəti olduğunu söyləyib:

“Son 100 ildə Tük millətin ən böyük fəlakətidir. Bu vəziyyətdən çıxacağıq.
Kimin imkanı nəyə çatırsa, onu edir. Hava şəraiti də kəskindir. Hər şey ilə
kömək etmək lazımdır. Öz millətimlə fəxr etdim. Hər kəs səfərbər olub. Hər
kəsin fikri, zikri Türkiyənin yanındadır. Eyni millətin faciəsidir.
Kampaniyaları başlatmışıq. Maddi-mənəvi dayaq olmalıyıq. Canımızla hazırıq.
Canımız Türkiyəyə fəda olsun. Ürəyimiz yanır, parçalanır. Allah türk millətini
qorusun”.

Nəzrin Vahid

Source link