bd44d96a-33a4-40fa-9ea3-eb0889dde6b8..jpg

Əzizə Mustafazadənin doğum günüdür – VİDEO

Baxış sayı: 759 dəfə baxılıb.

Əzizə Mustafazadənin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, məşhur azərbaycanlı pianoçu,
bəstəkar və caz ifaçısı, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz
musiqisini birləşdirən Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin doğum
günüdür.

Cixisyolu.com xatırladır ki, Ə.Mustafazadə 1969-cu ildə Bakı şəhərində anadan olub.

Onun atası Vaqif Mustafazadə, anası isə Eliza Mustafazadədir. Vaqif Əzizənin
bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və
pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir.

Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən
hiss edibmişlər. Əzizə anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir:

“Bir dəfə atam pianoda insanda çox dərin və kədərli hisslər oyadan “Şur”
muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə
olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən birdən anam musiqiylə mənim
hisslərim arasındakı əlaqəni sezir. Atama deyir, “Vaqif, bir zəhmət, “Rast”a
keç. “Rast”ı çal”. O da çalmağa başlayıb. “Rast” isə şən və ritmik
melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan
süzülərkən mən rəqs edər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki,
“Bax, bax, gör o neyləyir!? Yenə “Şur”u çal!” Atam “Şur”u çalmağa başlayanda bu
dəfə daha da bərkdən ağlamışam. Yenidən “Rast” çalınanda mən də təzədən rəqs
eləməyə başlamışam. Ən azından, bu onların mənə söylədikləridir”.

Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərib, xüsusilə rəssamlıq,
rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə
bədahətən mahnılar ifa edərək çıxıb. Sonralar o, improvizasiya sənətində artan
bir bacarıq nümayiş etdirib. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb,
İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi
maraq göstərib.

Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına üç gün
qalmış 39 yaşlı atası Daşkənddə ürək çatışmazlığından vəfat edib.

Atasını çox sevən Əzizənin bu böyük itkisini ovutmaq üçün anası öz müğənnilik
karyerasını buraxıb və qızının yüksək istedadının inkişafına da köməkçi olub.

17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində
birincilik qazanmasında onun caz-muğam musiqisi çox böyük rol oynayıb. Elə
həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb.

Əzizə ilk albomunu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxarıb. İkinci
albomu “Always” ona Almaniyanın yüksək musiqi mükafatı sayılan Səs Akademiyası
mükafatını və “Soni”nin “Əks-səda” mükafatını qazandırıb. O bir çox ölkədə caz
və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb.
2007-ci ildə “Contrasts II” albomunu çıxarıb. Uzun fasilədən sonra, 1 iyul
2020-ci ildə “Generations” albomunu təqdim edib.

Əzizə Mustafazadə 2018-ci il mayın 27-də “Azərbaycanın Xalq artisti” fəxri
adına layiq görülüb.

Hazırda Əzizə Mustafazadə Almaniyada yaşayır.

Ə.Mustafazadə 2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın
paytaxtında konsert verib.

Source link