Əziz Ələkbərli: “Ermənistan mədəni irsimizi qiymətləndirmək üçün UNESCO
missiyasını ölkəyə buraxmır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO
missiyasını ölkəyə buraxmır”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış
azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək:
Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə
deyib.
Onun sözlərinə görə, dünya miqyasında qaçqınların sayında təəssüf doğuran
artım müşahidə edilir:
“Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı
münaqişələr səbəbindən didərgin düşüb. Lakin bəzi hallarda məkrli aktorların
silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başlatdığı qeyd
edilməlidir. Belə mənfur nümunələrdən biri də Ermənistanın əməlləridir.
Ermənistanın hərəkətləri bu ölkədəki azərbaycanlıların öz ata-baba yurdlarından
qovulması ilə nəticələnib. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun
azərbaycanlı qalmayıb.
Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli
şəkildə dağıdıb. Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi
təsir göstərib. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız
xeyli zərər görüb. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini
qiymətləndirmək məqsədilə UNESCO-nun missiyasının ölkəyə göndərilməsinə imkan
vermir. Biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım
etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Roma Papası
Fransiskə müraciət göndərmişik.
Bundan əvvəl isə oxşar xahişlə Avropa İttifaqına müraciət etmişdik. Təəssüflər
olsun ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və
ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirmişdi”.