İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidməti əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində istintaqı yekunlaşan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, F.Məmmədovanın (Fədayə Laçın) vəkili bildirib ki, iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər isə vəzifəsindən azad edilib.
Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.
Cinayət işi üzrə 13 nəfər təqsirləndirilən şəxs var, 1 nəfər barəsində axtarış elan olunub.