Fədayə Laçınla birlikdə həbs olunan polkovnik azadlığa buraxıldı

Fədayə Laçınla birlikdə həbs olunan polkovnik azadlığa buraxıldı

Baxış sayı: 2. 026 dəfə baxılıb.

Fədayə Laçınla birlikdə həbs olunan polkovnik azadlığa buraxıldı

Penitensiar Xidmətin keçmiş tabor komandiri Bəhruz Abdullayev azadlığa çıxıb. 

Bu barədə ÇıxışYolu.Com-a B.Abdullayevin vəkil Ziyad Abbaszadə məlumat verib. 

O deyib ki, B.Abdullayev məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb:

“Buna görə də o, azadlığa çıxıb. Yalnız müəyyən vaxtda cəzaçəkmə müəssisəsinə gedərək imza atır”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fədayə Laçının cəzası iki ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası üç ilə, Fuad Hacıyevin cəzası dörd ilə, Günay Atakişiyevanın cəzası beş ilə endirilib.

Məhkəmə digər şəxslərin də cəzasını azaldıb.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.