762487fa-81f0-413f-a28f-6204e1dbeb46..jpg

Fələstin-İsrail müharibəsi: Neft və hərbi texnika bahalaşır, ərzaq təminatı təhlükədə? – ŞƏRH + FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

Fələstin-İsrail müharibəsi: Neft və hərbi texnika bahalaşır, ərzaq təminatı
təhlükədə? – ŞƏRH + FOTO

Fələstinin HƏMAS qruplaşmasının silahlıları oktyabrın 7-si raket hücumlarının
müşayiəti ilə İsrailə daxil olub, bir anda misli görünməmiş müharibəyə
başladılar. İsrailin əks-hücum tədbirlərinə başlaması, təhlükəsizlik
addımlarını gücləndirməsi, səfərbərlik elan edərək, terrorun qarşısını almağa
istiqamətlənməsi vaxt apardığına görə həftəsonu müharibə ciddi şəkildə qızışdı.

Hərbi əməliyyatların fonunda dünya iqtisadiyyatı ilə bağlı proqnozlar da
səsləndirilməyə başladı. Bazar ertəsi Asiyada ticarət başlayan kimi bahalaşma,
tələbatın yüksələcəyi haqqında proqnozlar özünü doğrultdu. Belə ki, həftənin
ilk günündəki real göstəricilərə baxsaq, ABŞ fond füçersləri düşüb, xam neft,
qızıl və xəzinə istiqrazları isə bahalaşıb. Bazar ertəsi neftin qiyməti bir
barel üçün dörd dollardan çox artıb və hətta 88,76 dollaradək yüksəlib.

Bəs maraqlıdır, Fələstin və İsrail arasında müharibə davam edəcəyi təqdirdə
bu, dünya iqtisadiyyatına daha hansı təsirləri göstərəcək?

Bununla əlaqədar Cixisyolu.com-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvüVüqar Bayramovun fikrincə, neftin qiymətindəki
artımları ciddi hesab etmək doğru olmaz. İqtisadçı deputat deyib ki, “Brent”
markalı neftin bir bareli hazırda 88 dollara təklif olunsa da bu, davamlı deyil:

“Müharibənin dünya iqtisadiyyatına təsirləri hələlik hiss edilmir. Nəzərə
alsaq ki, region vacib olsa belə, müharibə aparan ölkələrin dünya
iqtisadiyyatında payı yüksək deyil. İsrail innovativ məhsul istehsalı və ixracı
baxımından fərqlənən ölkələrdən olsa da, ümumən dünya iqtisadiyyatında payı
yüksək olmadığından ona yüksək təsirini görməyəcəyik.

Təbii ki, növbəti mərhələdə müharibənin təsirləri onun hansı coğrafiyada
yayılmasından asılı olacaq. Əgər müharibəyə digər ölkələr də qoşularsa və əhatə
dairəsi genişlənərsə, o halda dünya iqtisadiyyatına təsirlər gözlənilir. Eyni
zamanda, neftin dünya bazarlarında qiyməti də daha çox arta bilər. Amma
müharibə Fələstin və İsrail arasında, lokal formada davam edərsə, strateji
məhsulların qiymətlərinə ciddi təsir edəcəyi proqnozlaşdırılmır”.

İqtisadçı-ekspert Eldəniz Əmirov da müharibənin dünya iqtisadiyyatına
təsirlərinin qarşıdurmanın miqyası ilə ölçüləcəyini düşünür. Onun fikrincə,
başlıca olaraq, hər iki dövlət özü bu əməliyyatların fəsadlarını çəkəcək:

“Xüsusilə, HƏMAS-ın yerləşdiyi coğrafiya üçün ciddi fəsadları qaçılmazdır.
Enerji təchizatında problemlər digər istehsal sahələrini, təchizat sistemlərini
də sıradan çıxardır. Bu da öz növbəsində, ərzaq təminatında ciddi problemlər
yaradacaq. Eyni zamanda, neftin qiymətinin yüz dolları aşması da yaxın müddətdə
gözləniləndir. Bu, Fələstin-İsrail münaqişəsinin ən optimal ssenarisində belə
proqnozlaşdırılır. Bu prosesin uzun müddət davam etməsi, digər ölkələrin də
müharibəyə qoşulması ehtimalının böyük olduğunu nəzərə alsaq, o zaman vəziyyət
dəyişir. Yəni hazırda biz müharibənin iqtisadi nəticələrini yalnız neft
qiymətlərində görürüksə, miqyas böyüyərsə, sözün həqiqi mənasında ölkələrin
ərzaq təhlükəsizliyində problemlər hiss ediləcək. İsrail kənd təsərrüfatı
məhsulları ilə bir çox ölkələri təchiz edir, ixracatçıdır.

Səudiyyə Ərəbistanı və ABŞ-nin müharibəyə müdaxiləsi baş verərsə, neftin 120
dollara qədər bahalaşması qaçılmaz olacaq. Hətta vəziyyət daha da
gərginləşəcəyi təqdirdə, neft 150 və daha yüksək qiymətə təklif edilə bilər ki,
bu da neft tarixinin ən yuxarı səviyyəsi olacaq. Neftin bahalaşması isə yenidən
dünya iqtisadiyyatı üçün arzuolunmaz vəziyyət yaradacaq, inflyasiyanı
sürətləndirəcək, istehsal olunan bütün məhsulların maya dəyərinə təsir edəcək,
iqtisadiyyata ziyan vuran ciddi faktora çevriləcək. Ona görə prosesləri hazırkı
məqamda dəqiq, birmənalı qiymətləndirmək çox çətindir. Amma böyük ehtimal ki,
İsrail məsələni birdəfəlik həll etmək istəyir, prosesi tam nəzarətə götürənə
qədər müharibəni davam etdirəcək”.

İqtisadçı Rauf Qarayevin fikrincə, Fələstin-İsrail müharibəsi İsrailin
valyutasının azalmasına gətirib çıxaracaq. Müharibə davam edəcəksə, neftin
qiyməti daha da yüksələcək:

“Fələstin torpağında neft istehsal olunmur. İsrail dövlətinin isə nefti digər
ölkələrə nisbətən çox zəifdir. İki neft emalı zavodu var və ümumilikdə, neft
istehsalı 300 min barel civarındadır. Ona görə qeyd edə bilərik ki, münaqişə
uzunmüddətli olacağı təqdirdə, iqtisadi fəsadları görə bilərik. Dünyada neftin
kəskin bahalaşması, dolların güclənməsi bəzi ölkələrdə iqtisadi tənəzzülün baş
verməsinə səbəb ola bilər. Əgər müharibəyə hansısa üçüncü dövlət qoşulsa,
miqyası genişlənə bilər və dünyada iqtisadi problemlər artar”.

Dünya iqtisadiyyatında baş verəcək dəyişikliklərin Azərbaycana təsirinə
gəldikdə, Rauf Qarayev neftin qiymətinin qalxmasını ölkəmiz üçün müsbət hal
adlandırıb:

“Çünki bizim əsas gəlirimiz neftdəndir və bu münaqişə ilk növbədə neftin
qiymətinə təsir edəcək. Mövcud gəlirlərimizin həcmində ikinci yerdə vergi və
gömrük məsələləri dayanır. Hazırda bildiyimiz kimi, Azərbaycan Gürcüstanla
əlaqələri genişlənmək üçün addımlar atır. Prezidentİlham Əliyevin də qeyd
etdiyi kimi “Yaşıl enerji dəhlizi” layihəsinin sürətlənməsi alternativ
enerjilərin satışına gətirib çıxaracaq. Bu da bizim üçün müsbət haldır.
Azərbaycan bundan istifadə edərək öz gəlirlərini artıra bilər və neftin nə
zamansa ucuzlaşması iqtisadiyyatımıza ciddi təsirlər göstərməz.

Onu da qeyd edim ki, İsrail dünyada yüksək hərbi texnologiya istehsalı ilə
tanınan ölkədir. Ona görə müharibənin fəsadları nəticəsində dünya bazarlarında
hərbi texnikaların, avadanlıqların qiymətlərində artım müşahidə oluna bilər. Bu
durum Azərbaycanın da hərbi sənayesinə təsir göstərəcək. Bu sahədə qardaş
Türkiyənin Azərbaycan üçün ön planda olacağını düşünürəm”.

Aysel Aslan

Source link