“Fənərbağça” – “Qalatasaray” matçının ləğvi ilə bağlı Səudiyyə Ərəbistanından
ilk RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan və Atatürk pankartları,
köynəkləri və İstiqlal Marşının (Türkiyənin dövlət himni – red.) qadağan
edilməsi səbəbindən ləğv edilən Super Kubokun “Fənərbağça” – “Qalatasaray”
matçı ilə bağlı Səudiyyə Ərəbistanından ilk rəsmi açıqlama gəlib.
Bu barədə Super Kubok matçının təşkilatçısı “Riyad Season” bəyanat verib.
Bəyanatda Türkiyə ilə yaxın münasibətlərdən qürur duyduqları, lakin matçın
beynəlxalq futbol qaydalarına uyğun keçirilməsinə üstünlük verildiyi bildirilib.
“İlk növbədə vurğulamaq istərdik ki, qardaşımız Türkiyə Cümhuriyyəti ilə
müxtəlif sahələrdə yaxın əlaqələrimizdən qürur duyuruq.
Matçın beynəlxalq futbol qaydalarına və reqlamentlərinə uyğun olaraq, idmanın
əhatə dairəsi xaricində heç bir şüar olmadan keçirilməsini səbirsizliklə
gözləyirdik.
Bu məsələ Türkiyə Futbol Federasiyası ilə oyundan əvvəl keçirilən hazırlıq
toplantıları çərçivəsində xüsusilə müzakirə olunub. Biz matçın beynəlxalq
qaydalara uyğun olaraq keçirilməsinin zərurliyini vurğuladıq. Hər iki
komandanın razılaşmaya və qaydalara əməl etməməsi təəssüf doğurur”, – deyə
“Riyad Season”dan bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında keçiriləcək “Fənərbağça” – “Qalatasaray”
Super Kubok oyunu təxirə salınıb. Buna səbəb arenada Mustafa Kamal Atatürkün
pankartları, köynəklərindən istifadənin və İstiqlal Marşının səsləndirilməsinin
qadağan edilməsi olub. Bu qadağa hər iki komandanı qəzəbləndirib və matçı
protest edərək birgə bəyanatla çıxış ediblər.
“Atatürkə hörmətsizlik edən heç bir ölkə və ya qurumla əməkdaşlıq etməyəcəyik.
Bu matçı oynamaqdan imtina edirik. Atatürkün izindəyik və onun dəyərlərini
qorumağa davam edəcəyik”, – deyə bəyanatda bildirilib.
Mənbə: Haberport.com