Fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

Fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

Baxış sayı: 8. 468 dəfə baxılıb.

Dövlət başçısının fərmanı ilə sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu addım ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə atılıb. 

Fərmana əsasən, sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.

Belə ki, texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki Texniki Şuraya müraciət edəcəklər. 

Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin ediləcək:

1. sifarişçinin mərkəzlərə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);

2. layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma;
3. tikinti obyektinə elektrik enerjisinin verilməsi.

Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
Eləcə də texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

Sənədə görə, texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu müddətdə şifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.

Həmçinin layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait ödənilir.

Qeyd edək ki, qoşulma haqqı  enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq. Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək.

 

.
www.ÇıxışYolu.Com