Budəfəki müsahibimiz taekvondo millimizin aparıcı üzvlərindən olan Fəridə Əzizovadır.
Dünya və Avropa çempionatının mükafatçısı ÇıxışYolu.Com-a verdiyi müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
– Adətən idmançılar uşaqlıqda dəcəl olur. Sizdə bu baxımdan vəziyyət necə olub?
– Əslində evdə dəcəl olmamışam. Evdə valideynlərimə qulaq asmışam. Amma bayırda dəcəl olmuşam. Daha çox oğlanlanla futbol oynayırdım, ağaca dırmaşırdım. Anam məni axtaranda hansısa ağacın başında, ya da hansısa şalmanda tapırdı. Şalmana, qaz borularına dırmaşıb uşaqlarla mərcə girirdik ki, görək kim daha çox yuxarı dırmaşa biləcək?!
– Bəs çox dırmaşa bilirdiniz?
– (gülür) Həmişə qalib gəlirdim. Hətta bir dəfə qonşu kişi çıxıb qışqırırdı ki, a bala, düş aşağı, yıxılacaqsan. Mən də demişdim ki, düşmürəm, rekorda gedirəm…
– Həmin hadisələr zamanı yerə yıxılmamısınız və ya davalardan hər hansısa xatirə qalmayıb?
– Xeyr. Ümumiyyətlə, dalaşqan olmamışam. Amma çoxlu futbol oynayırdım. Hətta biz futbol oynamaqdan ötrü küçəmizin girişinə yeşiklər qoymuşduq ki, maşınlar gəlməsin, elə bilsinlər ki, məhəlləmizdə yas var (gülür)… Çoxlu yıxılırdıq, dizlərimiz qan içində olurdu. Anam deyirdi ki, sən yenə futbol oynamağa başlamısan?!.. Uşaqlığım Qusarda keçib. Hardasa 9-10 yaşımdan Bakıya gəldim.
– Uşaqlıqda futbol oynadığınız halda, niyə məhz taekvondoya gəldiniz?
– Döyüş növlərini çox xoşlayırdım. Hətta filmləri də izləyirdim. Qan dövranımda problemlər olduğum üçün ayaqlarım yaxşı işləmirdi. Bu üzdən həkim məsləhəti ilə ayaqların aktiv istifadə edildiyi idman növü ilə məşğul olmalıydım. Əslində futbola gedəcəkdim. Amma Qusarda qızlar üçün futbol məktəbləri yox idi. 2001-2002-ci illərdə isə taekvondo Qusara təzəlikcə gəlmişdi. Həm də həmin məktəb atamın iş yerinə və evimə yaxın idi deyə taekvondonu seçdim.
– Həkimin məsləhəti xeyrinizə oldu?
– Bəli. Artıq heç bir problemim yoxdur. Əslində o, altı ay bu idman növü ilə məşğul olmağımı istəmişdi. Amma altı aydan sonra taekvondoya o qədər öyrəşdim ki, ayrıla bilmədim. Halbuki bu idman növünə reabilitasiya üçün getmişdim. Sadəcə, bu idman növünün fəlsəfəsinə çox öyrəşdim. Hiss etdim ki, taekvondo mənim daxili aurama çox yaxındır. Taekvondonun fəlsəfəsində qarşı tərəfə hörmət var. Burda döyüşə başlayanda nəzakətlə salam verib, nəzakətlə sağollaşmaq var. Bunun nəticəsidir ki, artıq 17 ildir ki, mən bu idman növü ilə peşəkar şəkildə məşğul oluram.
– Taekvondo fəlsəfəsi sizə yaxındırsa, o zaman ən sevimli xalqınız da koreyalılar olar…
– (gülür) Düzdür, taekvondo Koreyanın xalq idman növüdür. Ancaq deməzdim ki, o xalqa qarşı xüsusi simpatiyam var. Ən sevdiyim xalq Azərbaycan xalqıdır.
– Oğlan kimi geyinməyinizlə tanınırsınız. Sizin kimi geyinib müəyyən yaşdan sonra görkəmlərində dəyişiklik etmiş insanlar az olmayıb. Məsələn, Aygün Hümbətova. Bəs sizdə bu baxımdan nə vaxtsa fikirlərinizdə dəyişiklik ola bilərmi?
– Xeyr. Mən üslubumu kiməsə baxıb götürməmişəm ki, bir neçə müddətdən sonra ondan bezim. Özümə rahat olanı seçmişəm və öz qərarımda da qalıram. Məktəb vaxtı müəllimlərim tərəfindən bu baxımdan çox təzyiqə məruz qalmışam. Buna baxmayaraq, öz üslubumda qaldım. Düzgün düşüncədə olduğumu bilirəm. İndidən sonra da düşüncələrimdə nəsə dəyişiklik olacağına inanmıram. Çünki bu mənim həyat tərzimdir. Mən artıq belə formalaşmışam. Qarderobumda cəmi üç ətəkli geyim var. Bunların hamısı da Olimpiya, Avropa və İslam Oyunlarından qalma paltarlardır. Toylara da şalvar və köynəklə gedirəm.
– Valideynlərinizdən ayrı yaşamağınızın xüsusi səbəbi varmı?
– Kiçik olarkən Bakıya tez-tez gəlirdim. Çox vaxt Bakıda toplanışda olurdum. Sonra elə oldu ki, klubumu dəyişdim və ölkə başçısı İlham Əliyev mənə ev verdikdən sonra rayona qayıtmağıma ehtiyac qalmadı. Valideynlərim isə kiçik qardaşım Qusarda oxuduğundan, orada qalır. Yeri gəlmişkən, qardaşım da taekvondoya gedir. Amma istəyirəm ki, idmanla bərabər oxumağına fikir versin. Valideynlərimə bir neçə dəfə demişəm ki, gəlin Bakıda qalın. Deyirlər ki, Bakının havası Qusarınkının yerini vermir.
– Bəs burda tək qalmağınıza görə narahat olmurlar?
– Əvvəllər kirayədə, uzaq qohumlarımda qalmışam. Amma indi evim var. Mənə elə gəlir ki, artıq mən onlarda o inancı, etibarı yaratmışam. Onlar artıq mənim tək qalmağıma tam olaraq inandıqları üçün heç bir problem yaratmırlar.
– Eviniz sizə yaxın olan insan tərəfindən yarılmışdı. Həbs olundumu həmin insan?
– Bu iş üzrə istintaq yenicə qurtarıb. Məhkəmə prosesi olacaq. Həmin insan rəfiqəmin bacısının sevgilisi idi.
– Bu hadisədən sonra rəfiqənizlə münasibətlərinizdə pozuntu oldumu?
– İlk ərəfələrdə münasibətlər qaydasında idi. Çünki buna inanmırdım. Amma sonra yetərincə sübutlar əldə olunandan və bu işdə rəfiqəmin bacısının da əli olduğundan, arada soyuqluq yarandı. İndi artıq rəfiqə deyilik. Çünki biz ailə kimi bir-birimizə çox yaxın idik. Onlar öz yedikləri qaba tüpürdülər. Mən belə bir şeyi bağışlaya bilmərəm.
– Özünüz də etiraf edərsiniz ki, görünüş baxımından oğlana bənzəyirsiniz. Hansısa qızın sizə sevgi ifadə etdiyi an olubmu?
– Trenajor məşqlərinə gedəndə rəfiqələrimə deyirlər ki, çox gözəl oğlana oxşayır. Bir dəfə isə rayonda bir qız tanış olmaq üçün mənə nömrəsini vermişdi. Amma qız olduğumu ona deyəndə çox pis oldu (gülür).
– Və ya tərsinə də ola bilər. Oğlanların sizdən xoşu gələ bilər…
– Oğlanlar çox vaxt Instagram səhifələrində yazırlar. Mən də onlara başa salıram ki, karyeramı düşünürəm. Gördüyünüz kimi, gündə iki dəfə məşq edirik. Düzdür, dayanmadan yazanlar olur ki, yox e, biz görüşməliyik. Ancaq mən bunların nədən qaynaqlandığını bilirəm. Belə gənclərin profilinə baxanda bilirəm ki, səfil həyat yaşayandır, acından günorta durur. Onlar da idmandan pul qazandığımı düşünüb hesabıma maddi gəlir əldə etmək istəyirlər (gülür).
– Səhv etmirəmsə, sosial şəbəkədə buna görə “nişanlı” sözünü yazmısınız ki, sizdən əl çəksinlər…
– Bəli (gülür). Yalandan yazmışam ki, maneçilik törətməsinlər. Amma bu müsahibədən sonra yalanımı biləcəklər deyəsən…
– Dinini dəyişmiş nadir idmançılarımızdan birisiniz. Bu hadisə necə ictimaiyyət arasında bilindi?
– 18 yaşım tamam olandan sonra xristianlığı qəbul etdim. Kilsədə özümü daha rahat hiss etdiyimdən bu dinə sitayiş etməyə başladım. Bilinməyə gəlincə, sosial şəbəkədə şəklimi yerləşdirəndə xaç görünmüşdü. Ondan sonra bu yayıldı…
– Və tənqidlərə tuş gəldiniz…
– Hərənin öz fikri var. Buna normal yanaşıram. Çünki müsəlman ölkəsində yaşayırıq. Ancaq prezidentimiz də deyib ki, biz multikulturalist ölkəyik. Bununla belə, xristianlığı qəbul etsəm də, bu, müsəlmanlıqdan uzaq qalmağım demək deyil. Çoxlu namaz qılan dostlarım var. Hər dinə hörmət edirəm. Əsas odur ki, Allah birdir. Fərqi yoxdur, xaç və ya aypara üstümdə oldu, ya yox. Məscidə və ya kilsəyə getməyin də elə bir fərqi yoxdur. Adları hər dində fərqli olsa da, Allah birdir. Dua edəndə bir Allaha edirik.
– Özünüz əvvəl namaz qılmısınız?
– Yox. Çünki bilirəm ki, namazı qılıb atmaq dünyanın ən böyük günahıdır. Neçə gün qılmağın fərqi yoxdur. Əgər sən başlamısansa, sonadək getməlisən. Həmin vaxt da mənə elə gəlirdi ki, namaz məni qəbul etmir. Bu üzdən xristianlığı qəbul etdim. Amma gələcəkdə bilmək olmaz. Bəlkə müsəlmanlığa qayıtdım… Bilirəm ki, ən son din İslam dinidir. Filmlərdən, kitablardan bunu bilirəm. 10-20 ildən sonra necə olacağımız bilinmir. Yeri gəlmişkən, mənim sitayiş etdiyim xristianlığın pravoslav qolu müsəlmanlığa daha yaxındır.
– Pravoslavların bayramları olanda kilsəyə gedirsiniz?
– Bəli. Pasxa bayramı çox vaxt bazar günü axşama düşür. Mən də kilsədə qalmaq üçün şənbə günündən gedirəm. Çünki bazar ertəsi məşqlərim olur.
– Heç oğlan döydüyünüz an olubmu?
– Bu sualı mənə çox veriblər. Mən idmandan kənarda dalaşmağı sevmirəm. Bayırda çox sakit insanam. Qorxaq deyiləm, amma davanın sonrakı fəsadlarından qorxuram. Ona görə də çox vaxt qulaqardına vururam. Bilirəm ki, kiminləsə dilləşəndə sonda gedib davaya çıxır. Mənə tanımadığım insana görə əsəb keçirmək lazım deyil.
– Geyim mövzusuna yenə qayıdaq. Heç toylarda ətək və ya don geyməmisiniz?
– Geyinmişəm. Sadəcə olaraq bütün idmançılarımız dedi ki, bir daha belə geyinmə (gülür). Ondan sonra daha belə geyinmirəm. Özümü o paltarda narahat hiss edirdim.
– Bəs həmin paltarı xatirə kimi saxlayırsınız?
– Yox, artıq başqa adama vermişəm. Orda çəkdirdiyim şəkli isə xoşuma gəlmədiyi üçün heç götürmədim (gülür).
– Azərbaycanlılar arasında qadın taekvondosunda ən məşhur sima sizsiniz. Siz mötəbər turnirlərdə çox vaxt son anda qızıl medaldan əlinizi üzmüsünüz. Səbəbi özünüz üçün incələmisiniz?
– Məncə, bu, psixoloji problemlərdən irəli gəlir. Həmin vaxtlar bəzən məşqi sonadək etməmişəm. Bir səbəb də ondan ibarətdir ki, 67 kq çəki dərəcəsi Olimpiya çəkisidir. Ona görə də güclü rəqiblərim var. Bəzən fikirləşirəm ki, bu məndə alınmır. Amma buna tək qismət deyib keçmək də doğru olmaz. Görünür, mən hardasa səhv edirəm və ya rəqibim məndən daha yaxşı hazırlaşıb. Günahı özümdə görürəm. Düzdür, bəzən hakim səhvləri ilə də uduzmuşam. Ümumiyyətlə, idmançı döşəyə çıxanda rəqibi, onun məşqçisi, hakimlə və rəqib yerlidirsə, azarkeşlərlə mübarizəyə çıxırsan. Ona görə də bunların hamısını nəzərə almaq lazımdır. Özüm də çalışıram ki, qızıl medal qazanım. Çoxdandır ki, qazanmadığım üçün reytinqim də düşüb.
– Son sual. Futbol üzrə dünya çempionatını izləyirsinizmi?
– Son vaxtlar futbolun başını buraxmışdım. Amma yenidən baxmağa başlamışam. Ayın 15-də Fransanın qalib gəlməsini istəyirəm.
Səbuhi MUSAYEV
FOTO: Sadiq FƏRZƏLİBƏY
www.ÇıxışYolu.Com