Gənclər Fondu işə düzəlməklə bağlı çətinlikləri aradan qaldıracaq.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı proqramın məqsədi iş və əmək təcrübəsi olmayan gənclərə daimi iş tapmaq imkanı yaratmaqdır:
“Bu proqrama regionlarda və paytaxtda 18-29 yaş qruplarında olan orta-ixtisas və ali təhsil müəssisələrinin məzunları müraciət edə bilər. Bu, xüsusi bir layihədir. Proqram çərçivəsində cəlb olunacaq gənclərin əməkhaqlarının bir qismi fond tərəfindən qismən maliyyələşdiriləcək.
Gənclərlə minimum bir il müddətinə müqavilələrin imzalanması nəzərdə tutulur. Vakansiyalardan asılı olaraq müəyyən şərtlər, tələblər irəli sürüləcək. Müraciətlər fondun rəsmi səhifəsində onlayn qaydada həyata keçiriləcək. Proqramın əsas məqsədi əmək bazarında yeni iş yerlərinin yaradılmasıdır”.
F.Cəfərov onu da əlavə edib ki, gənclərin məşğulluğunun təmin edilməsi çərçivəsində müəyyən monitorinqlər həyata keçiriləcək və nəzarət olacaq. İlkin mərhələdə proqram çərçivəsində özəl sektordan 70-80 vakansiya verilib:
“İlkin mərhələdə regionlarda və paytaxtda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən 70-80 vakansiya verilib. Təbii ki, vakansiyalar kifayət qədər genişləndiriləcək. Şirkət sahibləri yeni açılan vakansiyalarını da Gənclər Fondunun bu proqramı vasitəsilə təmin edə bilərlər”.
Gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinə dair daha bir proqramın hazırlandığını deyən F.Cəfərov bu il 15 gəncin təcrübəyə göndəriləcəyini bildirib:
“Ötən il bu istiqamətdə proqramlarımız olub. Bu il may-iyun aylarında Avropa Parlamentində (Brüsseldə) 15 gəncin təcrübə keçməsi gözlənilir. İl ərzində çalışacağıq ki, ikinci, üçüncü proqramı da həyata keçirək.
Prezidentin tapşırığı ilə ötən il 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Bu il bu rəqəmin bir qədər artıq olması gözlənilir. İyun ayından iyul ayının sonlarına qədər sənəd qəbulu aparılacaq, avqust ayında isə yekun nəticələr elan olunacaq”.
Könül Cəfərli