Xalq artisti Faiq Ağayev Türkiyənin “TRT Müzik” kanalında türk sənət musiqisinin sevilən simalarından olan Müşerref Akayın aparıcılığını etdiyi “Aziz dostlar” verilişinin ilk qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, proqram M.Akayın sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməsi ilə başlayıb.
Aparıcı daha sonra Faiq Ağayevi “Azərbaycanın xalq artisti, orada çox sevilən böyük ulduz, əziz dostum Faiq Ağayevi zövqlə dinləyəcəyik” sözləri ilə təqdim edib.
Səhnəyə dəvət olunan xalq artisti illər öncə ifa etdiyi və hələ də dillərdən düşməyən “Dəşti təsnifi”ni səsləndirib.
İfasını bitirən F.Ağayev dəvət üçün M.Akaya təşəkkürün bildirib və yeni verilişi münasibətilə təbrik edib.
Danışıq və efir mədəniyyəti, yüksək intelektual səviyyəsi ilə hər zaman seçilməyi bacaran Faiq Ağayev repertuarında olan sevilən mahnıları “Zanqeyar”, “Sən gəlməz oldun”, “Nə məsələdir”, “Uşaq kimi”, “Gəl, səni xoşbəxt eləyim” ilə yanaşı Müşerref Akayla birgə “Sənə də qalmaz” bəstəsini canlı səsləndirib.
İfaçılar “TRT Müzik”in efirində sanki sənət yarışı nümayiş etdirib. Bir-birinin ardınca gözəl musiqilər səsləndirən məşhurlar söhbətə yox, əsl sənətə vaxt ayırıb.
Xalq artisti aparıcıya sürpriz də edib. Belə ki, o, orkestrla birlikdə “Caddelerde rüzgar” mahnısını canlı ifa edib.
Sənət və musiqi haqda söhbətlərin yer aldığı “Aziz dostlar” verilişində M.Akay indiyədək 29 Azərbaycan mahnısı ifa etdiyini və ölkəyə aşiq olduğunu bildirib.
Faiq Ağayev uzun illərdir dostluq etdiyi Müşerref Akayı Azərbaycana da dəvət edib:
“Sizi Azərbaycan xalqı çox sevir. Ona görə də sizə Azərbaycanın gəlini deyirlər. Türk musiqisi ilə ilk sizin səsinizdən tanış olduq. Sizə olan hörmət tam başqadır.
Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu il Azərbaycana gəlsəniz, bu tam ayrı ləzzət olar”.