0b8aa652-f2a8-4a2d-92c4-5d596135483b..jpg

Faiq Sücəddinov: “Heç bir süni intellekt sevgini yarada bilməz” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 761 dəfə baxılıb.

Faiq Sücəddinov: “Heç bir süni intellekt sevgini yarada bilməz” – MÜSAHİBƏ +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər bir şey dəyişir və dəyişəcək də. Amma “Səni sevirəm” həmişə qalacaq”.

Bu sözləri Cixisyolu.com-a müsahibəsində Xalq artisti, “Şöhrət” ordeni laureatı,
Prezident təqaüdçüsü, bəstəkarFaiq Sücəddinov deyib. Onunla müsahibəni təqdim
edirik:

– Vətən, Zəfər sizin bəstəkar kimi yaradıcılığınızda bir ana xətt kimi keçir.
Sanki qalan bütün əsərləriniz də Vətənə sevgidən insanlara sevgiyə sirayət
edərək yazılıb. Elə bircə “Vətən” balladanız yetər ki, bu sevginin hansı
yüksəklikdə olduğu məlum olsun.

– “Vətən” balladası mənim ən gözəl hisslərimin təzahürüdür. Onun içində hər
şey demişəm. Amma 44 günlük müharibədə qazandığımız qələbə məni yenidən
ruhlandırdı. Və mən “Zəfər” simfonik poemasını bəstələdim. Əsərin baş
partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi
və simfonik orkestrin müşayiəti ilə Xalq artisti Samir Cəfərov oxudu. Daha
sonra “Şuşa ili” elan olunanda ikinci əsərimi – “Şuşa” oratoriyasını yazdım.
Ötən il ulu öndər “Heydər Əliyev ili” idi. Ona rekviyem bəstələdim. Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi və simfonik orkestri
ilə birlikdə lentə aldıq o musiqini.

İndi isə çox həyəcanlı günlər yaşayıram. Martın 27-də Heydər Əliyev adına
Sarayda “Zəfər” adlı konsert verəcəyəm. Bu konsert bizim o böyük zəfərimizin
musiqidə həkkidir. Bilirsinizmi, mən hesab edirdim ki, zəfərimiz musiqidə də
qalmalıdır. Çünki musiqi qalan şeydir, nəsillərdən-nəsillərə keçən bir şeydir.
Zəfərimiz isə bizim ilk zəfərimizdir. Biz tarixdə ilk dəfə olaraq
torpaqlarımızı geri ala bildik, suverenliyimizi bərpa edə bildik. Bu nəyin
sayəsində baş verdi? Ali baş komandanİlham Əliyevin siyasəti, hərbçilərimizin
cəsarəti və əlbəttə ki, bütün xalqımızın inamı, sevgisi sayəsində bu qələbəni
qazandıq. Həmin günlər, İlham Əliyevin həm ölkə, həm də dünya qarşısında
çıxışlarını, atdığı qələbə tvitlərini heç vaxt unutmaram. Mən şəhidlərimizin
ruhunun, onların ailələrinin, qazilərimizin qarşısında baş əyirəm. Bu il
növbədənkənar seçki keçirildi. Xalqımız yekdilliklə qalib ölkənin qalib
prezidentinə səs verdi. YAP-ın 30 illiyinə yazdığım himnlə İlham Əliyev seçkiyə
getdi. Mən o seçkini “Zəfər seçkisi” adlandırıram. Bilirsinizmi, insanlar o
anları, o günləri, bizi zəfərə aparan o prezidenti heç vaxt yaddan
çıxarmayacaqlar.

– Peşəkar musiqiçi olmaq üçün nələr lazımdır?

– Sənət çox qəliz, dərin və çətin bir şeydir. Sənətkar olmaq üçün bilik
lazımdır, istedad lazımdır və ən vacibi isə zəhmətdir. Yəni peşəkar musiqiçi
olmaq üçün təkcə istedad kifayət etmir, zəhmət çəkmək də lazımdır. Əslində,
digər sahələrdə də belədir. Baxın mənim masamın üstünə. Karandaş, pozan, not
dəftəri qarşımdadır. Mən hər gün işləyirəm, hər gün nə isə yazıram. Yaradıcı
adam gərək hər gün öz üzərində işləsin, başqa cür mümkün deyil. Bir də musiqi
bəstələyəndə gərəkdir ki, bizim öz musiqimizə xələl gəlməsin. Bizim musiqimiz
özünəməxsusdur. Ona toxunmaq, zərər vermək olmaz. Bəzən deyirlər ki, filan
mahnı köhnədir. Mahnı heç vaxt köhnə və ya təzə olmur. Yaxşı və ya pis mahnı
olur. Yadda qalan, sevilən, dillər əzbəri olan bütün mahnılar yazılma
tarixindən asılı olmayaraq, yaxşı mahnılardır.

– Bu cür monumental əsərlərlə yanaşı, siz həm də çox gözəl mahnıların
müəllifisiniz. Mahnı janrında musiqi bəstələyərkən şeir seçiminizdən danışaq.
Nəyə daha çox diqqət edirsiniz? Hansı məqam sizin üçün daha önəmlidir?

– Əslində, mahnı janrı çox qəliz janrdır. Bəstəkar söz seçərkən son dərəcə
diqqətli olmalıdır. O, elə söz seçməlidir ki, ürəkləri fəth eləsin, yadda
qalsın. Və bəstəkar ona elə gözəl musiqi bəstələməlidir ki, üç dəqiqə ərzində
dinləyiciyə bütün hissi ötürə bilsin. Bax, bu, əsl mahnının yaranması üçün
lazım olan ən vacib detallardır. Azərbaycan poeziyası çox gözəldir. Sözlərdə
məna var, axıcılıq, gözəllik, sevgi var.

– Nəğmə olmaq istəyirəm, ay ana,

Mən səslənim, batma dərdə, qəmə sən!

– Ol, ay bala, anan qurban boyuna!

Sən, onsuz da, mənə sonsuz nəğməsən…

Bu sözlər Xalq şairi Nəbi Xəzrinindir. Görün necə gözəl misralardır. Mən bu
şeirə mahnı yazmışdım, Xalq artisti Flora Kərimova da ifa etmişdi. Sözüm odur
ki, şeir çox önəmli və vacib nüansdır. Yəni mahnıda söz musiqi ilə bərabər
gedir. “Yüz il ömür sürəydim bir gün xəstələnməyib!” Bu da Xalq şairi Rəsul
Rzanın unudulmaz misralardır. Hər bir insan çox yaşamaq istəyir. Sənət
adamlarında bu daha çox özünü büruzə verir. Onlar övladlarına görə, əzizlərinə
görə və həm də sənətinə görə, sanki daha çox yaşamaq istəyirlər. Çünki daha çox
yaratmaq arzusu daim onlarladır. Təəssüf ki, haradasa həyat qırılır, hansısa
işlər, arzular yarımçıq qalır. Elə sənətin özü də…

Son zamanlarda çox gözəl müğənnilərlə işlədim. Samirə Efendinin ifasında “Sev
məni”, Zamiqin “Səni gözləyirəm” və s. mahnılarım işıq üzü gördü. Ondan başqa,
Zabitə Əliyeva, Lalə Məmmədova, Samir Cəfərov, Mübariz Tağıyev, Rəşad İlyasov
və digər müğənnilərin ifasında mahnılardan ibarət disk buraxdıq.

– Bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi
bəstəkarların xəttini davam edən yeni dövr bəstəkarları varmı?

– Dünya tarixində Lüdviq van Bethoven, İohann Sebastyan Bax, Volfqanq Amadey
Motsart, Antonio Vivaldi və s. kimi məşhur bəstəkarlar olub. Onlar özlərindən
sonra böyük bir irs, böyük bir iz buraxıb gediblər. Həmçinin, Leonardo da
Vinçi, Vinsent van Qoq, Pablo Pikasso, Mikelancelo kimi rəssamlar
yaşayıb-yaradıblar. Bu cür insanlar yüz ildə, iki yüz ildə bir dünyaya
gəlirlər. Bu gün çox istedadlı bəstəkarlarımız var, təbii ki. Amma siz
sadalayan bəstəkarlar, həm də elə Nizami, Füzuli, Cabir Novruz, Səməd Vurğun və
s. kimi şairlər hər gün dünyaya gəlmir. Eyni zamanda, rejissorları da deyə
bilərəm. İndi yaxşı rejissorlarımız olsa da, Həsən Seyidbəyli, Adil İskəndərov
və s. kimi rejissorlar da nadir hadisələrdir.

Möhsün Sənani, Leyla Bədirbəyli, Əliağa Ağayev, Nəsibə Zeynalova kimi gözəl
aktyorlarımız olub. İndi də var yaxşı, istedadlı aktyorlarımız, yetişirlər.
Amma kino olmayanda onlar peşəkarlıqlarını itirirlər. 17 il Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində dərs demişəm.
Aktyor hər gün səhnəyə çıxmalıdır, bəstəkar hər gün yazmalıdır, musiqiçi hər
gün musiqi ilə məşğul olmalıdır, həkim hər gün fonendoskopla qulaq asmalıdır,
mütaliə etməlidir, oxumalıdır. Yəni hər bir peşə sahibi öz işinə bağlı
olmalıdır, öz üzərində işləməli, yenilikləri öyrənməlidir. İşinin, peşəsinin
fədakarı olmalıdır. İstedad öz yerində, amma bu yolda fədakarlıq olmasa,
alınmaz. Heç bir adam deyə bilməz ki, mən yaxşı, maraqlı bir əsər yazdım, amma
qaldı stolun üstündə. Belə bir şey ömründə ola bilməz. O, mütləq özünü büruzə
verəcək, üzə çıxacaq. Baxın, bizim şəhidimiz Xudayar Yusifzadə. Onun o gözəl
səsini, ifasını Azərbaycan xalqı tarix boyu unutmayacaq. Ömrünün lap axırıncı
anında olsa da belə, o istedad – o səs üzə çıxdı, onu hamı tanıdı, hamı sevdi
və o, əbədiyyətə qovuşdu.

Hesab edirəm ki, əsas – suverenliyimizin bərpası, düşmən tapdağı altında qalan
torpaqlarımızın geri alınması idi. Onları da, şükür Allaha, geri aldıq. Bundan
sonra kinomuz da olacaq, musiqimiz də. Ümumiyyətlə, hər şey yaxşı olacaq, hər
şey yoluna düşəcək.

– Vətəni hamı sevir, amma hərə bir cür sevir. Sizin sevginiz də bir başqa
cürdür – əsl, pafosdan uzaq vətənpərvər bir sevgidir. Bəs bu cür sevgi haradan
qaynaqlanır?

– Bəli, mən çox vətənpərvər, Vətənimə bağlı bir insanam, ölkəmi çox sevirəm.
Mən bir balaca tarixə qayıtmaq istəyirəm. Bizdə Azərbaycanla yanaşı, Türkiyəyə
qarşı həmişə böyük sevgi olub. 1930-cu illərdə isə sevgi o qədər böyük idi ki,
kişilər başlarına fəs də qoyurdular, türk ləhcəsində olan sözlərdən də istifadə
edirdilər. Radioda dalğanı tutub türk mahnılarına qulaq asırdılar. Peşəsi həkim
olan atam Ağamir Mirsüccənin (Bizim soyadımız Mirsüccə olub, seyid nəslindənik.
Sovet hökuməti qurulanda soyadımızı Sücəddinov yazdılar) də ölkəmizlə eyni
səviyyədə Türkiyəyə böyük sevgisi vardı. Qanlı-qadalı repressiya illərində bu
adamları çox sıxışdırırdılar. 1937-ci ildə atama da pantürkist damğası vurub
həbs etdilər. Amma o, öz sevgisindən əl çəkmədi. İki il həbsdə qaldıqdan sonra
bəraət qazandı və onu buraxdılar. O, ömrünün sonuna kimi Azərbaycan və Türkiyə
sevgisi ilə yaşadı. Əhməd Cavadı, Mikayıl Müşfiqi, Hüseyn Cavidi çox sevirdi.
Vətənə olan sevgim mənə ondan gəlib.

– Poeziya ilə sıx əlaqəlisiniz. Bəs proza? Nəsr əsərlərinin mütaliəsinə də
vaxtınız qalırmı?

– Təəssüf ki, indi zaman, sanki çox tez keçir. Əvvəlki illərdəki kimi ədəbi
mütaliəyə vaxtım elə də çox qalmır. Amma gənclik illərimdə mən çox mütaliə
edirdim. Ən çox da qərb ədəbiyyatını sevirdim, ancaq onları oxuyurdum. Amma ilk
dəfə Cəlil Məmmədquluzadənin əsərlərini oxuyandan sonra Azərbaycan ədəbiyyatını
sevdim, onun necə dərin, necə zəngin olduğunu gördüm. Və ondan sonra davamlı
olaraq öz əsərlərimizi oxumağa başladım.

– Bəs filmlərimiz haqqında nə deyə bilərsiniz?

– Bizim çox yaxşı filmlərimiz vardı. İndi bir qədər bu sektorda işlər
ləngiyir. Amma mən çox istərdim ki, qəhrəmanlarımız, xeyriyyəçilərimiz haqqında
filmlər çəkilsin. Qoy onları bütün dünya tanısın. 1958-ci ildə Mehdi Hüseyn –
Mixaylo haqqında çəkilən film bütün sovet ölkələrinə səs salmışdı. Hamı bildi
ki, bizim necə qəhrəmanımız olub. Ona heykəl də qoyuldu. Yeri gəlmişkən, mən
real Anjelikanı (bəlkə də, adı başqa idi, unutmuşam) da görmüşəm. Onda onun
haradasa 82-83 yaşı vardı. Təəssüflə dedi ki, mən Mehdini sevirdim. Əfsuslar
olsun ki, Mehdi məni sevmədi. (Filmdə bir qədər başa cür çəkiblər amma).

– Süni intellekt indiki dövrdə az qala insanı da əvəz edir. Yaradıcılıqla
bağlı ortaya çıxardıqları adamları valeh edir. Buna münasibətiniz necədir?

– Həyatda sevgidən gözəl heç nə yoxdur. Sevgidir dünyanı saxlayan. Heç bir
süni intellekt sevgini yarada bilməz, onu digərinə ötürə bilməz. O süni
intellekt gözəl şeir yaza bilməz, gözəl musiqi bəstələyə bilməz, gözəl roman
yaza bilməz. Hər necə yaxşı olsa da, o, cansızdır, ruhsuzdur. Adı üstündədir –
süni! Allah-taala bizi yaradanda bizə sevgi ruhu verib. Ən böyük sevgi əsərləri
də elə ondan yaranıb: “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Romeo və
Cülyetta”… Baxın, bunu süni intellekt necə yarada bilər? Vətəni sevmədən,
necə “Vətən” balladası yazmaq olar? Həmişə kişi qadına deyəcək ki, mən səni
sevirəm. Həmişə insan övladına onun memarı kimi baxacaq, nəvəsinə deyəcək ki,
sən mənim son sevgimsən. Həmişə insan öz övladına “məndən də uca ol, məndən də
yaxşı ol” deyəcək. Heç bir texnologiya insan sevgisini əvəz edə bilməz. Bəli,
həyat çox sürətlə inkişaf edir. Telefonlar, maşınlar – hər bir şey dəyişir və
dəyişəcək də. Amma “Səni sevirəm” həmişə qalacaq.

– Son zamanlarda dünyada nə çatmır?

– Təbəssüm! Həyat çox qısadır. Düşündüyümüzdən də qısa! Ona görə də nə qədər
bacarırsan, gülməlisən, üzündə təbəssüm olmalıdır. Sən öz gülüşünlə həm özünü,
həm də başqalarını sevindirməlisən. Problemlər çox olsa da, gülümsəmək
lazımdır. Budur insanı yaxşıya kökləyən. Yoldan ötənin birinə xoş təbəssümlə
baxırsan, onun da əhvalı düzəlir, sənə gülümsəyir, sənin də kefin kökəlir.
Qanıqara olub, hamıya qaşqabaqlı baxanda, mənfi saçanda insanlar da mənfiyə
yüklənirlər. Dediyim kimi, həyat qısadır. Gülümsəmək lazımdır!

Daha çox foto burada: PhotoStock.Az

Xanım Aydın

Source link