de5cd187-d643-413e-89b7-66a3e6399f80..jpg

FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər” – FOTO

Baxış sayı: 950 dəfə baxılıb.

FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola
bilər” – FOTO

“Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi Fazil Düşüncəli deyib.

Ekspert hesab edir ki, otuz ilədək müddət ərzində Ermənistanın işğalında qalan
Qarabağ torpaqlarının böyük qismi kənd təsərrüfatı təyinatı üçün istifadə
olunmadığına görə, bu torpaqlar ekoloji təmiz məhsul istehsalına yararlı ola
bilər:

“Bunu müəyyənləşdirmək üçün həmin ərazilərdə torpaq, su, digər amillər üzrə
analizlərin aparılmasına ehtiyac var. Otuz il müddətində həmin torpaqlar
istifadəsiz qalıbsa, öz-özünü bərpa prosesindən keçib. Ona görə də kənd
təsərrüfatı məqsədli istifadəsi üçün aqroekoloji proseslərə çox da sərmayə
yatırmağa ehtiyac olmadan Qarabağda ekoloji təmiz məhsullar əldə etmək mümkün
ola bilər. Orada pestisidlər, kimyəvi vasitələr tətbiq etmədən dayanıqlı,
davamlı kənd təsərrüfatı layihələri həyata keçirmək mümkündür”.

F.Düşüncəli bu yaxınlarda FAO-nun və türkiyəli kənd təsərrüfatı
mütəxəssislərinin Azərbaycana səfər etdiyini də xatırladaraq bu məsələnin
ekspertlərin diqqətindən kənarda qalmayacağına ümid etdiyini deyib:

“Qarabağ torpaqlarında daha əlverişli məhsulların yetişdirilməsi üçün
mütəxəssis dəyərləndirilmələri aparılmalıdır. Ümid edirəm ki, bu məsələlər
mütəxəssis baxışından keçəcək. Bir halda ki, belə əlverişli mühit var, Qarabağ
üzümü, pambığı, buğdası və digər məhsulları da niyə dünyada marka olaraq
tanınmasın? Hazırda bütün dünyada təhlükəsiz qida məsələsi prioritetdir. Bu
baxımdan işğaldan azad edilən Azərbaycan torpaqlarının da öz əhalisinə və
dünyaya töhfəsi ola bilər”.

Source link