a29a3dff-b83e-43c1-97a0-41b52181825d..jpg

Fatih Dönməz: “Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq”

Baxış sayı: 824 dəfə baxılıb.

Fatih Dönməz: “Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq”

Qarşıdakı 3-4 il ərzində Trans-Anadolu Qaz Kəməri (TANAP) üzərindən Avropaya
qaz ixracatı 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin
energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O, qeyd edib ki, TANAP-ın həcminin artırılması həm Türkiyə, həm Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək:

“Hazırda bununla bağlı fəaliyyətlər davam edir və bu sahənin inkişaf
etdirilməsi, yəni istehsalın artırılması lazımdır. Azərbaycanla bizim enerji
sahəsində əməkdaşlığımız təkcə TANAP layihəsi ilə məhdudlaşmır. İllərdir ki,
sabit formada fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan boru xətti var. Son illər
iki ölkə arasında elektrik ticarəti getdikcə artır. Azərbaycandan Türkiyəyə
elektrik enerjisi idxal edilir.

Qarşıdakı dövrdə Azərbaycan öz ərazisindəki, xüsusilə də Xəzər sahilindəki
külək enerjisi potensialını dəyərləndirmək istiqamətində ciddi investisiyalar
planlaşdırıb. Burda istehsal ediləcək bərpa edilən enerjinin Türkiyə üzərindən
Avropaya tranziti də müzakirə etdiyimiz mövzular sırasındadır. Bu gün Bakıda
keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Türkiyə
üzərindən Avropaya qaz tədarükü ilə bağlı iştirakçı ölkələrlə müzakirələr
apardıq. Tam mənada deyə bilərəm ki, görüşdüyümüz rəsmilər bu layihəmizə dəstək
verəcəklərini ifadə etdilər”.

Qeyd edək ki, Türkiyəyə, oradan isə Avropaya Azərbaycanın “Şahdəniz”
yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz
Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına
çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci
ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə
2018-ci il iyunun 30-da başlanılıb.

Source link