Mənim müğənni Ramal İsrafilovla heç bir problemim yoxdur. Ola da bilməz.
Bu sözləri Xalq artisti Fatma Mahmudova ÇıxışYolu.Com-a verdiyi özəl açıqlamasında dilə gətirib.
F.Mahmudovanın söhbətinə müğənni Ramal İsrafilov qarışaraq, aralarında yaşanan münaqişə iddialarını təkzib edib:
“Bəzi sözbazlar bu məsələni daha da şişirdib, aramıza nifaq salmağa çalışdılar. Onun mənə ərki çatdığından “gədə” deyə müraciət edib. Bizi istəməyənlər deyib ki, Fatma xanımın dilindən söyüş çıxıb və məni söyüb. Amma mən buna inanmıram. Fatma xanım məni söyə-söyə sevir” (gülür).
Xalq artisti müğənnini söyməsi iddialarına bu cür aydınlıq gətirib:
“Yox, bu, əsla belə deyil. Məsələn, tamaşada oynayanda deyirəm ki, o “gədə”ni çağırın bura. Burada axı nə var ki? Ramal mənim balamdır. Mən onun xətrini, sənətini çox istəyirəm. Canımdır Ramal”.
“Oyundan niyə çıxdınız?” sualına Fatma Mahmudova cavab verə bilməyib:
“Bu barədə danışmaq istəmirəm. Amma Murad Dadaşov məni “Maşın”ın növbəti sürətlərinin birinə yenidən dəvət etsə, yürüyə-yürəyə gələcəyəm. Bu dəfə səhvlərə yol verməyəcəyəm. Var olsun Murad, məni bu şouya dəvət etdi. “Maskarad”da hamının iç üzü açıldı. İştirakçılar gərək müəyyən şeylərə riayət etsinlər ki, bu oyunda qalib gələsən. Özümü bu oyunda qalib görmək istəyirdim, amma yenə də qismət”.
“Oyundan çıxdıqdan sonra verilişlərin birində tamaşaçıların sizə avtomobil bağışlamasını istədiniz. Hədiyyəniz gəldi?” sualını Xalq artisti ikibaşlı cavablandırıb:
“Heç nədə gözüm yoxdur. Mənim o qədər problemlərim var ki… Ağlayan adam deyiləm. İllərdir gülüş bəxş etdiyim insanlar onun əvəzini mənə qaytardılar. Bol-bol SMS-lər göndərdilər. Mən iki dəfə qalib gəldim, heç kəsi oyundan çıxarmadım. Peşman da deyiləm. Allahdan çox qorxuram. Heç kimin qəlbinə dəyə bilmərəm.
Qeyd edək ki, müğənni Ramal İsrafilov ÇıxışYolu.Com-a özəl müsahibəsində Xalq artisti Fatma Mahmudova haqqında açıqlamalar vermişdi:
“Fatma xanım səkkiz-doqquz gün can dediyi, ürək verdiyi, analıq, bacılıq, dostluq göstərdiyi hər şeyin, hər kəsin üstündən xətt çəkib çıxdı. Bu xanım şounu tərk etdikdən sonra xoşagəlməz açıqlamalar verdi. Mən o qadından bunları gözləmirdim. Çünki biz bir-birimizə başqa cür bağlanmışdıq.
İnsan yenə də özünü büruzə verir. Adam var kim olduğunu bir ilə büruzə verir, adam var üç günə. Yaxşı gəlmişdi, sonda məni başqalarına dəyişdi. Digər iştirakçıların sözünü mənə gətirib çatdırırdı. Fatma xanımın şou ərzində işlətdiyi söyüşlər tarixə yazılmamış söyüşlərdir. O qadın burada hörmət saxlamadı. İştirakçılar arasında pərdəni çox pis şəkildə götürdü”.
Rəşad Əliyev