Fazil Mustafa: Bilgisiz uşaq həyat şərtləri qarşısında müdafiəsizdir

Fazil Mustafa: Bilgisiz uşaq həyat şərtləri qarşısında müdafiəsizdir

Baxış sayı: 2. 161 dəfə baxılıb.

Uşaqların müdafiəsi günü yalnız onların qorunması ilə məhdudlaşa bilməz. Burada həm də uşaqların özlərini müdafiə vərdişinə alışdırmağa diqqət yetirilməlidir. Əlbəttə, ilk növbədə fiziki baxımdan hər bir uşağın elementar özünüqoruma vərdişlərini qazanması önəm daşıyır. 

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O, qeyd edib ki, saldırqanlıq üçün deyil, məhz özünümüdafiə üçün yalnız oğlanlarımızı deyil, qızlarımızı da idmanın əlbəyaxa növlərinin birində hazırlıqlı səviyyəyə gətirmək hər bir valideyn üçün zəruri addım sayılmalıdır.

Onun sözlərinə görə, digər hər hansı bir idman növündə də sağlamlıq imkanlarını artırmaq işin ancaq faydasına olardı. 

“Ardınca isə iki vacib komponent gəlir: bilgi və əxlaq. Bilgisiz uşaq həyat şərtləri qarşısında müdafiəsiz, immunitetsiz uşaqdır. Özünümüdafiənin təməlində bilgi sahibi olmaq ciddi yer tutur. Qarşısına çıxan problemləri çözmək üçün ağlın imkanlarını istifadə etmək qabiliyyəti məhz uşaq vaxtından aşılanmalıdır.

Bunun üçün də Azərbaycan uşaqlarında orta məktəb illərindən məcara, fantastika və hətta bəzən avantüra içərikli ədəbiyyatı mütailə, eləcə də əmək vərdişlərinə, bəsit texniki konstruksiyalara həvəs yaradılmalıdır. Bilgi qazanma prosesi ilə paralel şəkildə uşaqlara davranış əxlaqı, zəruri ədəb qaydaları məqsədyönlü şəkildə izah olunmalıdır.

Bu, həm cəmiyyətdə xeyirli, faydalı insanların gələcəkdə çoxluğunun təminatı üçün vacibdir, həm də valideynin gələcəkdə öz rahatlığı, xeyirli övladdan həzz alması üçün faydalıdır.

Yəni, 1 iyun gününün mahiyyəti uşaqların müdafiəsindən daha çox onlarda özlərini müdafiə vərdişlərinin yaradılmasına diqqət yönəltməkdir. Haqlı olaraq deyilə bilər ki, dünyada ac-yalavac, valideyn himayəsindən məhrum, təhsil almaq imkanı olmayan milyonlarla uşaq bəs nə etsin? Onlar üçün bəsit bir yaşam standartları əlçatan deyil, o ki, qalsın fiziki sağlamlıq, bilgi və əxlaq barədə düşünülsün.

Doğrudur, onların da problemləri bütün bəşəriyyət tərəfindən çözülməlidir. Xüsusilə də əlilliyi olan, autizm kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara ciddi reabilitasiya imkanları yaradılmalıdır. Burada biz uşaqların gələcək üçün hazırlanmasının ümumiləşdirilmiş modeli üzərində düşüncələrimizi paylaşmağa çalışırıq.

O fikri təlqin etmək istəyirik ki, fiziki, bioloji anlamda böyüklər uşaqları heç olmasa zorakılıqdan, şiddətdən mexaniki vərdişlə qorusunlar, mənəvi anlamda böyüklər isə fiziki sağlamlıq, bilgi və əxlaq kimi komponentlərin uşaqların yaşamına daxil olmasına yardım etsinlər, onları özlərini qoruyacaq qədər hazırlıqlı olmağa yönləndirsinlər”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com