Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı MƏHKƏMƏ: Şübhəlilər ifadə verib
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin
Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun
cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur
Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların
vəkilləri zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsi ilə bağlı
vəsatətin təmin olunmasını istəyiblər.
Emin Əliyarovun vəkilləri – Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın
prosesdə iştirak etməməsinə etiraz bildirməyiblər.
Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas
davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı
təmin olunacaq.
Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə,
Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən
“Hüseyniyyun” qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini
baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq
məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.
Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik
məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə
2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.
Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı
dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o,
həmin vəsaiti daha sonra Azər Sarıcanova verib.
Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı
şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr
aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapança
silahını Rəşad Əhmədov, avtomat silahı isə Səbuhi Şirinova verib.
Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına
gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya yeddi dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə
birini dəlib keçən güllə yarası alıb.
Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin
müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova
verib.
Dəstə üzvləri terror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan
hərbi təyinatlı obyektlər barədə məlumatları da İranda tanış olduqları xüsusi
xidmət orqanları əməkdaşlarına ötürüblər.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə
özlərini qismən təqsirli biliblər.
Azər Səricanov Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş
verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi
fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu
cəzalandırmaq qərarı verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə
götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: “Tapşırdım ki,
ailəsinin, uşaqlarının yanında hadisəni törətməsin. Buna görə də hadisənin
törədilməsi vaxtı bir qədər uzandı”.
Azər Səricanov qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu
cəzalandırmaq istəyiblər: “Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli
orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi.
Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik.
Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir
qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu, nə puldur?”
O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə
Rəşad Əhmədov vasitəsilə 30 min dolların ona çatdırılması barədə ittiham
aktında yazılanları qəbul etməyib.
Azər Səricanov əlavə edib ki, avtomatdan başqa, tapançası da olub. Həmin
tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə
qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində
olub.
Növbəti proses fevralın 16-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin
deputatı Fazil Qəzənfər oğlu Mustafana yaşadığı evin qarşısında “Kalaşnikov”
konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət
Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya
siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə
onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi
başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin
Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs
ediliblər.