b79a1e96-a6de-4a38-bf1a-40bc283c6cdc..jpg

FED-in yeni qərarından sonra manatı nə gözləyir? – FOTO

Baxış sayı: 942 dəfə baxılıb.

FED-in yeni qərarından sonra manatı nə gözləyir? – FOTO

“ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4,75 faizdən 5,0
faizədək artırılması ilə bağlı qərar qəbul edib. Birləşmiş Ştatlarda uçot
dərəcəsi 2007-ci ildən bəri ən yüksək həddədir”.

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin
gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:

“Belə ki, ABŞ-də illik 6,0 faiz inflyasiya dərəcəsi qeydə alınıb.
İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in
hədəflədiyi 2,0 faizlik intervaldan hələ də xeyli uzaqdır.

Bununla yanaşı, FED ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank
sektoruna neqativ təsir göstərməkdədir. Amma, FED istehlak qiymətləri
stabilləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir. Son artımla
ABŞ-də borclanma faizini yenidən yüksəldəcəyi gözlənilir və bütövlükdə son 1
ildə ABŞ-də kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, son 1
ildə avtomobil kreditləri üzrə faizlər 3,86 faizdən 6,48 faizə, kredit kartları
üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3,73
faizdən 4,99 faizədək yüksəlib. Göründüyü kimi, istehlak bazarında stabilliyə
nail olmağa hədəfləyən FED-in uçot dərəcəsi ilə bağlı qəbul etdiyi qərarlar
əslində ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. ABŞ üçün
heç də xarakterik olmayan yüksək faizlər fonunda bank sektorunda da volatillik
artır. Bu gələcəkdə sektorda toksit aktivlərin həcminin artmasına gətirib
çıxara bilər.

Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji
təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi
hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı
artmaqdadır. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi
faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu
tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin
əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft
Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində
çox önəmlidir.

Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi
Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə
də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan
Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Source link